Qarabağ münaqişəsini necə həll etməli? Suala Azərbaycan prezidenti və Ermənistanın baş naziri cavab verir
Qarabağ münaqişəsi ətrafında nə baş verir? – Fevralın 15-də Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə təşkil olunan unikal diskussiyada sual belə qoyulub.
Diskussiya Təhlükəsizlik üzrə Münhen Konfransı çərçivəsində təşkil edilib, müzakirələrin moderatoru Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallander olub.
Fikir mübadiləsi və suallara cavab 45 dəqiqə davam edib.
İctimai müzakirə başlamazdan əvvəl İlham Əliyev və Nikol Paşinyan arasında ilkin qapalı söhbət baş tutub.
Diskussiyanın əsas tezisləri
Ermənistanın baş naziri bəyan edib ki, “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur”:
“Əgər kimsə fərqli düşünürsə və fikirləşir ki, hərbi həll mövcuddur, düşünürəm ki, Qarabağ xalqı cavab verərdi ki, münaqişə artıq həllini tapıb. Amma mən əminəm ki, bizə uzun müddətli sülh lazımdır… Bizim borcumuz qlobal sülh üçün [şəraitin yaradılması] naminə səy göstərməkdir. Əmin edirəm ki, Ermənistan və Qarabağ bunun üçün real səy göstərməyə hazırdır”.
Azərbaycan prezidenti bəyan edib ki, bu münaqişə mərhələli nizamlama tələb edir:
“Ərazilərin bir hissəsini azad etmək lazımdır və məcburi köçkünlər qayıtmalıdır. Dağlıq Qarabağın statusu daha sonra mtəyin edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”.
Ermənistanın baş naziri daha əvvəl dediyini təkrar edib – Dağlıq Qarabağ məsələsinin həlli Qarabağ xalqını, Ermənistan xalqını və Azərbaycan xalqını təmin etməlidir. Və yenidən vurğulayıb ki, İlham Əliyev onun bu ideyasına cavab verməyib:
“Əgər Azərbaycan prezidenti erməni xalqı ilə danışsa, mən etiraz etmərəm. Amma o, Dağlıq Qarabağ nümayəndələri ilə danışmaqdan imtina edir. Dağlıq Qarabağ nümayəndələri ilə danışmadan bu problemi necə həll etmək olar?”
Azərbaycan prezidenti cavabında bildirib ki, “heç bir Qarabağ xalqı yoxdur”:
“Qarabağ ordusu Ermənistan vətəndaşlarından ibarətdir və işğalçı ölkə var – Ermənistan. Biz Dağlıq Qarabağla danışmağa hazır deyilik. Onlar münaqişə tərəfi deyillər. Biz işğalçı ilə danışırıq – Ermənistanla. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq”.
Liderlər bir çox mütəxəssislərin təbliğat adlandırdıqları “tarixi faktlara” dair tipik nümunələri təkrarlamaqdan çəkinməyiblər.
İlham Əliyev bildirib ki, “19-cu əsrdə Yerevan əhalisinin 70 faizi azərbaycanlılardan ibarət olub”.
Nikol Paşinyan cavabında erməni çarı Böyük Tiqranı (e.ə. 95-55-ci illər) xatırlayıb:
“O, hələ Azərbaycan dünya xəritəsində olmadığı zamanlarda Roma sərkərdəsi Pompeylə danışıqlar aparıb. Həmkarıma məsləhət görərdim ki, tarixə toxunmasın, yoxsa mən daha dərinə gedə və eramızdan əvvəlki dövrdən danışmağa başlaya bilərəm”.
______________________________________________
Təhlükəsizlik üzrə Münhen Konfransı 1962-ci ildən etibarən hər il keçirilir. 1998-ci ildən tədbir Almaniya hökuməti tərəfindən maliyyələşdirilir.
30 il əvvəl ilk dəfə forum iştirakçıları hərbçilər NATO dövlətlərinin siyasi liderləri, politoloqlar və media nümayəndələri olub. 1990-cı illərdən konfransda Rusiya və Şərqi Avropanın digər ölkələri, Çin, Hindistan və Yaponiya nümayəndələri də iştirak edir.
Bu il Təhlükəsizlik üzrə Münhen Konfransı işinə fevralın 14-dən başlayıb. Konfransa həmçinin Ermənistan və Fransa prezidentəri, Kanada, Niderlan baş nazirləri, Avstriya kansleri, Rusiya və İranın xarici işlər nazirləri, NATO və ATƏT-in baş katibləri də qatılıb.
• Qarabağda “aprel müharibəsi”ndən üç il keçir. O, nəyi dəyişib? Bakıda və Yerevanda ekspertlər
• Azərbaycan, Ermənistan və Gürcüstan 100 il əvvəl azad olduqları zaman nə ediblər?