Qarabağ münaqişəsi Azərbaycan səhnəsində
Məqalələrimizin birində Müharibəyə bədii film və ədəbiyyat aynasından baxmışdıq. Bu səfər isə Müharibə teatr səhnəsinə çıxır və öz əksini zalda oturan tamaşaçıların gözlərində tapmağa çalışır.
Yaxından baxanda aydın olur ki, Azərbaycan teatrları Qarabağ mövzusuna kinematoqrafdan daha az müraciət edir. Münaqişəyə həsr olunmuş tamaşalar analoji filmlərdən xeyli azdır.
Çox vaxt “Qarabağ” premyeraları bu və ya digər faciəli günlərə ithaf olunur.
Məsələn, premyerası Azərbaycan Dram Teatrında 2015-ci il fevralın 26-da baş tutmuş “Utanc” tamaşası Xocalı faciəsinin ildönümünə həsr olunub. Hərçənd tamaşada müharibədən daha çox hərb bitəndən sonra bir-birindən ayrı düşən və uzun illərdən sonra rastlaşan iki cəbhə yoldaşının taleyindən bəhs olunur.
Müharibə ilə üz-üzə gəlmiş insanların hərbdən sonrakı həyatının necə olacağı ilə bağlı sual rejissor Bəhram Osmanovun Əli Əmirlinin eyni adlı əsəri əsasında Gənc Tamaşaçılar Teatrında səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasında da qoyulur.
Burada söhbət Qarabağ köçkünlərindən, daha doğrusu, onların Bakıya doğru qeyri-müəyyənliyə uzanan yolundan gedir.
Foto: medeniyyet.az
Klassik və uğur zəmanətli sxem – çox sayda müxtəlif tipajlar, məhdud məkan və onların əsl üzlərini açığa çıxaran, bir çox sirlərin üzərindəki pərdəni qaldıran böhran vəziyyəti. Ola bilər ki, rejissor öz işini “həqiqət dramı” kimi xarakterizə edərkən məhz bunu nəzərdə tutub.
Bəzən isə bəzi rejissorlar hazırkı Qarabağ münaqişəsi haqda birbaşa yox, dolayısı ilə – tarixi paralellər apararaq danışmağa üstünlük verirlər.
Aydın məsələdir ki, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında “Qarabağnamə” tamaşasının səhnələşdirilməsi sadəcə ustadın xatirəsinə hörmət əlaməti deyil.
Foto: azdrama.az
Hadisələr ta 18-ci əsrdə baş versə də, baş qəhrəman, o zamankı Qarabağ hakimi İbrahim xan erməni bədxahlarının fitnə-fəsadlarının qurbanı olur. Ümumiyyətlə tamaşa hətta 200 il əvvəl də bu başıbəlalı regionda hər şeyin acınacaqlı olduğunu açıq-aşkar göstərir.
Yeri gəlmişkən, bu əsər tamaşa quruluşçuları arasında çox populyardır. Əsərin motivləri əsasında hətta “Hökmdarın taleyi” adlı film də çəkilib. Və yenə də İlyas Əfəndiyev Azərbaycanın ən yaxşı ədiblərindən sayılsa da, onun pyesləri və romanları səhnələrdən əskik olmasa da, məhz bu əsərə bu qədər çox tələbin olması əsasən Qarabağ tarixindən bəhs etməsi ilə bağlıdır.
Tarix öz yerində, amma 2016-cı ildən sonra dramaturqlar və rejissorlar üçün təəssüf ki, yeni material yaranıb.
Bura nə cənnətdi, nə cəhənnəm, bura yer reallığından uzaq, zamana və məkana sığmayan hüzünlü qeyri-müəyyənlikdir. 2016-cı ilin aprelində həlak olmuş azərbaycanlı əsgərlərin ruhları bura gəlir və Qarabağda 90-cı illərdə həlak olmuş başqa əsgərlərin ruhları ilə görüşür.
“Yarımçıq qalmış…” tamaşasının premyerası Bakı Gənc Tamaşaçılar Teatrında 2017-ci ilin aprelində baş tutdu. Bu tamaşa “Dördgünlük müharibə”nin ildönümünə həsr olunmuşdu. Bu gün bu tamaşa Qarabağ münaqişəsini əks etdirən ən səs-küylü tamaşadır. Bu tamaşa Leyla Bəyim və Yefim Abramovun “Xəyalpərəst oğlanlar” pyesi əsasında səhnələşdirilib və aprel hadisələri zamanı həlak olan gənc heykəltəraş Samir Kaçayevin timsalında Qarabağda həlak olan bütün qəhrəmanlara həsr olunub (biz ötən məqalələrimizin birində onun haqqında danışmışıq .
Foto: trend.az
Hər şey Praqada yaşayan azərbaycanlı şair və dramaturq Leyla Bəyimin yazdığı bir şeirlə başladı. 2016-cı ilin aprelində Qarabağda hərbi əməliyyatlar başlayanda o, israilli həmmüəllifi Yefim Abramovla birlikdə növbəti pyes üzərində çalışırdı.
“Gənc istedadlı heykəltəraşın ölümü haqda xəbər mənə çox pis təsir elədi. Mən şeir yazdım, sosial şəbəkələrdə paylaşdım, amma yenə də sakitləşə bilmədim.
Odur ki, Yefimə zəng vurdum, dedim ki, heç nə üzərində işləyə bilmirəm, təklif elədim ki, Samirə və Qarabağda həlak olan bütün qəhrəmanlara həsr olunmuş bir pyes yazaq. Yefim əvvəlcə imtina etdi, dedi ki, vətənpərvərlik mövzusu onluq deyil. Bu bizim onunla ortaq cəhətimizdir – biz patetikanı sevmirik. Dedim ki, onda özüm yazacam. Amma bir neçə saat sonra o geri zəng vurub, razı olduğunu bildirdi”.
Nəticədə daha əvvəl başladıqları pyes yarımçıq qaldı, əvəzində “Xəyalpərəst oğlanlar” on gün sonra artıq hazır idi. Bundan sonra Abramov yaxın tanışı, Bakı Gənc Tamaşaçılar Teatrının rejissoru Vaqif Əsədova bu pyesi səhnələşdirməyi təklif etdi. Heç o da patetikanı sevmir.
“Vətənpərvərlik mövzusu ümumilikdə və Qarabağ mövzusu qismən – dar, laxlayan körpü üzərindən keçmək kimidi. Bir addım sağa – saxta vətənpərvərlik pafosu alınacaq. Bir addım sola – primitiv isterik “ah-nalə”. Heç birini sevmirəm.
Amma pyes məni özünə “ilişdirdi”, birinci növbədə bayağı olmaması ilə. Pyesi oxuyandan sonra bütün gecəni yata bilmədim, köz üstündəki kimi qıvrıla-qıvrıla qaldım. Səhər isə Mədəniyyət Nazirliyinə getdim, orada məndən soruşdular ki, “Nə məsələdir? Gözlərin çox qəribə parıldayır”.
Rejissorun söz açdığı bayağılıqdan uzaqlıq hadisələrin yalnız dirilərin deyil, həm də ölülərin gözü ilə göstərilməsindən ibarətdir. Həlak olmuş əsgərlər bir-birinin ardınca öz həyatlarını xatırlayır, həyat yoldaşları, valideynləri üçün darıxır, mübahisə edir, zarafatlaşırlar. Bir sözlə, özlərini ruh kimi yox, artıq ölü olduqları ilə sona qədər barışmayan, canlı-qanlı insanlar kimi aparırlar. Eyni zamanda bir neçə məhəbbət hekayəsinin yer aldığı süjet də elə onların xatirələrindən yaranır və bu hekayələrin hamısını müharibə yarıda qırır.
Mən pyesin adını dəyişmək qərarına gəldim, çünki zənnimcə, burada söhbət “xəyalpərəst oğlanların” həlak olmasından daha böyük nəsnələrdən gedir. Axı bu uşaqların həlak olması, Qarabağ müharibəsində 90-larda həyatlarını itirmiş digər əsgərlərin ölümü kimi sadəcə onların öz həyatlarını yarıda qoymayıb, həm də onların doğmaları üçün qırılma nöqtəsi olub. “Sentyabrda onun toyu olmalı idi!” – baş qəhrəman həlak olmuş dostu haqda deyir, 90-larda həlak olmuş əsgər isə ona cavab verir: “Hamının həyatında nəsə olmalı idi”. Elə bu replika məni tamaşanın adını dəyişib “Yarımçıq qalmış…” qoymağa vadar etdi. Yarım qalan həyat, yarm qalan sevgi və bir çox başqa şeylər”.
Həm rejissor, həm də bütün aktyor tərkibi tamaşa üzərində iş prosesini üç aylıq cəhənnəm əzabı kimi xatırlayır. Bir-birinin ardınca doğmaların itkisini və ya öz ölüm sonrası həyatını oynadıqca hamı güclü sarsıntı yaşamışdı. “Premyera günü gərək teatrın qarşısında təcili yardım maşını növbə çəksin, birdən halımız pisləşdi”, – deyə aktyorlar zarafat edirdi.
Bir çox tənqidçilərin və tamaşaçıların fikrincə, tamaşa səmimi, patetikadan və saxta vətənpərvərlikdən tamam uzaq alınıb. Odur ki, dramaturqların və rejissorun qorxuları əbəs imiş.
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.