Qarabağ münaqişəsi zonasında monitorinq genişləndiriləcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ötən gün Krakovda baş tutan danışıqlarının yekununa dair bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir:
“Nazirlərlə daha əvvəlki sammitlərdə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əldə edilən razılaşmaların tətbiqi üzrə gələcək addımlar müzakirə olunub. Xarici işlər nazirləri ATƏT-in səlahiyyətli sədrinin nümayəndəsinin şəxsi ofisinin genişləndirilməsinə dair həmsədrlərin konseptual sənədinin yenilənmiş prinsipləri, tez bir zamanda tətbiq vektoru ilə razılaşıblar.
Görüşlər zamanı tərəflər və həmsədrlər danışıqlar masasında olan əsas həssas məsələlər ətrafında fikir mübadiləsi ediblər. Bundan başqa həmsədrlər etimadın möhkəmləndirilməsi tədbirlərini danışıqlar prosesinin vacib komponenti kimi irəli çəkməyi təklif ediblər. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyi qeyd ediblər və həmsədrlər tərəfləri bu müsbət trendi möhkəmləndirməyə çağırıblar”.
Yerevandan gələn xəbər
Yerli medianın məlumatına görə, danışıqlar zamanı tərəflər Ermənistan və Azərbaycan liderlərinin Vyana, Sankt Peterburq və Cenevrədə əldə etdikləri razılaşmaların həyata keçirilməsinə dair ötən ilin dekabrında başlatdıqları müzakirələri davam etdiriblər.
Məsələn, 2016-cı ilin aprelində münaqişənin eskalasiyasından sonra Ermənistan tərəfi həmsədrlərin insidentlərin araşdırılması mexanizminin tətbiqi ilə bağlı təklifinin həyata keçirilməsinə israr edir. Bu təklif 2016-cı ilin mayında səsləndirilib və indiyə qədər həyata keçirilməyib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Krakovda Azərbaycan tərəfini atəşkəs rejiminə və daha əvvəl əldə edilən razılaşmalara əməl etməyə çağırıb. Nalbandyanın sözlərinə görə, həmsədrlərin münaqişənin nizamlanmasına dair təklif etdiyi prinsiplərə sədaqətin nümayişi danışıqlar prosesinin irəliləməsinə təkan verəcək.
Həmsədrlərin bəyanatını JAMnews üçün “Lraqir” nəşrinin siyasi şərhçisi Naira Ayrumyan şərh edib:
“Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatının Qarabağ nizamlamasının opsiyalarından birinin bərpa edilməsindən bəhs edən hissəsinə diqqət çəkmək istərdim. “Həmsədrlər ziyan çəkmiş bölgədə ən son 2010-cu ildə olmuş ATƏT-in dəyərləndirmə missiyasının davam etdirilməsi imkanına maraq göstəriblər”.
O zaman qısa müddətdə nizamlama və Qarabağın rayonlarının Azərbaycana təhvil verilməsi haqda danışılırdı. Kəşfiyyat qrupu Qarabağa gəldi, ölçü işləri apardı və yeni sərhədin keçməli olduğu və sülhməramlıların yerləşdiriləcəyi xətləri çəkməyə çalışdı. Onlar o zaman hər şeyi etdilər, amma onların işi əbəs oldu.
Əgər bu səfər də dəyərləndirmə missiyasının regiona səfəri razılaşdırılarsa, onlar nə ilə məşğul olacaqlar? Hazırkı sərhədlərin və status-kvonun fiksiyası onun funksiyasına daxil olacaqmı?
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT üzvü olan ölkələrin Nazirlər Şurasının 24-cü iclasında etiraf etdi ki, “Regionda müəyyən qüvvələr stabil olmayan status-kvonu saxlamağa çalışır. Rəsmi Yerevan işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik, mədəni və fiziki mənzərəni dəyişmək məqsədilə qanunsuz addımlar atmağa davam edir, hələ də hərbi işğal siyasətini möhkəmləndirir və “fait accompli” [baş vermiş fakt]” situasiyası yaradır”, – o vurğulayıb”.
Bakıdan gələn xəbər
Azərbaycanda xarici işlər nazirlərinin növbəti görüşünə reaksiya kifayət qədər təmkinli olub.
“Bu göruşə onsuz da heç kim xüsusi ümid bəsləmirdi. Bu görüş sadəcə səlahiyyətləri artırılan Kasprşikə lazım idi. O, öz ofisini genişləndirmək istəyirdi və Krakovda məclis topladı. Danışıqlar prosesi çoxdan parodiyaya çevrilib. Tərəflər artıq on ildən çoxdur ki, “Madrid prinsiplərini” müzakirə edirlər, hələ də orda qalıblar. Tərəflərdən heç biri ən xırda güzəştə getməyə hazır deyil, amma açıq şəkildə danışıqlar prosesindən çıxmaq istədiklərini bəyan etmək də sərfəli deyil.
Şəxsən mən hesab edirəm ki, iki ölkənin hazırkı rəhbərlərində yetəri qədər siyasi iradə yoxdur ki, prosesi ölü nöqtədən tərpətsin. Və yaxın zamanda da hakimiyyət dəyişikliyi gözlənilmədiyinə görə, baxmayaraq ki, hər iki ölkədə prezident seçkiləri olacaq, görüş xətrinə görüşlər davam edəcək. Amma istənilən halda bu görüşlərin şübhəsiz müsbət tərəfi var – danışıqlar prosesi davam etdiyi və ya lap elə imitasiya edildiyi müddətcə növbəti eskalasiya ehtimalı azalır”, – siyasi şərhçi Şahin Rzayev hesab edir.
Məqalədə əks olunan terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid və ya zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək hüququnu özündə saxlayır.