Rusiya və İran Qarabağda hərbi əməliyyatları dayandırmaq üsulları haqqında, icmal
Sentyabrın 27-dən Azərbaycan və Ermənistan orduları Qarabağ münaqişəsi zonasında zirehli texnika, artilleriya və dronlar tətbiq etməklə döyüşlər aparır. Hər iki tərəf bir-birini dinc yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırır. Hər iki tərəfdən hərbçilər və dinc əhali arasında minlərlə adam həlak olub. Bu müddət ərzində üç dəfə – oktyabrın 10-u, 18-i və 26-sı atəşkəs elan olunub, lakin hər dəfə dərhal pozulub. Tərəflər bir-birini atəşkəsə riayət etməməkdə günahlandırır.
Son hadisələrin icmalı, 2020-ci il, noyabrın 3-ü, səhər
Yerevandan məlumat
• The Jerusalem Post qəzeti Ermənistanın baş naziri ilə müsahibə dərc edib.
Kontekst:
Oktyabrın əvvəlində Ermənistan İsraili müharibə günlərində də Azərbaycan ordusunu silahla, o cümlədən pilotsuz uçuş aparatları ilə təchiz etməkdə günahlandırıb.
Ermənistan o zaman İsraildəki səfirini geri çağırıb. Bundan sonra İsrail prezidenti Reuven Rivlin Ermənistana humanitar yardım göndərilməsini təklif edib.
“İsrailə bu humanitar yardımı muzdlulara və terrorçulara göndərməyi təklif edirəm. Bu həmin ölkənin əməllərinin məntiqi davamı olacaq”, – Nikol Paşinyan müsahibəsində deyib.
O bəyan edib ki, İsrail münaqişədə Azərbaycanı dəstəkləməklə Türkiyə, terrorçular və suriyalı muzdlularla birləşib. Onun fikrincə, sonda İsrail bu ittifaqa cəlb olunduğu üçün zərər çəkəcək, belə ki Türkiyənin ambisiyaları İsrailin özünə qarşı çevrilə bilər.
• Qarabağın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verib ki, Azərbaycan yeni silah növündən – uzunluğu 40 santimetr olan yandırıcı kasetli silahdan istifadə etməyə başlayıb. O, ərazilərin yandırılması və kütləvi məhv üçün nəzərdə tutulub, onun mülki əhaliyə qarşı tətbiqi beynəlxalq konvensiyalarla qadağan olunub.
• “Dünya hibrid müharibəsinin başlanması mənim üçün gün kimi aydındır. Dünya bu müharibəyə məhəl qoymadıqca, o daha çox gözə girəcək. Bu müharibə eyni qədər həm xristianlara, həm müsəlmanlara, həm də yəhudilərə qarşıdır. Hazırda Dağlıq Qarabağ antiterror mübarizənin ön xəttidir. Heç bir mübaliğəsiz deyə bilərəm ki, burada sivilizasiyanın taleyi həll olunur”, – oktyabrın 2-si Vyanada terrorçuların hücumunu, – məlum hücum nəticəsində 3 adam həlak olub, 14-ü yaralanıb, – şərh edən Ermənistanın baş naziri Facebook-dakı səhifəsində yazıb.
Bakıdan məlumat
• Erməni silahlı qüvvələri gün boyu Füzuli şəhərini, ətraf kəndləri, həmçinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini “Smerç” raketləri ilə atəşə tutmağa davam edib, Azərbaycanın Müdafiə Nazirliyi xəbər verib.
• Hərbi əməliyyatlar başlayandan (sentyabrın 27-dən) Azərbaycan tərəfdən 91 dinc sakin həlak olub, 405 adam yaralanıb.
• İranın ruhani lideri Ayətullah Xamenei: “İran dövləti ilə qonşu olan iki ölkə arasında gedən müharibə mürəkkəb problemdir və bu problemi mümkün qədər tez çözmək lazımdır. Azərbaycana məxsus əraziləri azad etmək və erməni əhalisinə təhlükəsizlik zəmanəti vermək lazımdır”, – İranın IRNA dövlət informasiya agentliyi xəbər verir.
Üçüncü ölkələrin danışıqları və bəyanatları
Rusiya XİN rəhbəri Qarabağ münaqişəsinin beynəlmiləl problemə çevrilməsi təhlükəsi və atəşkəsə riayət olunmasına nəzarətlə bağlı ölçü götürülməsinin zərurəti haqda bəyan edib.
“Qarabağ münaqişəsi zonasında Yaxın Şərqdən olan döyüşçülərin sayı artıq iki minə çatıb”, – Sergey Lavrov deyib.
O xatırladıb ki, Rusiya prezidenti həmçinin bu mövzunu oktyabrın 27-si Türkiyə prezidenti ilə telefon danışığı zamanı müzakirə edib. Bu haqda o cümlədən Azərbaycan və Ermənistan liderləri ilə müntəzəm əlaqələr zamanı da söhbət açılır, XİN rəhbəri qeyd edib.
“Əməli nəzarət olmadan sarsılmaz atəşkəs əldə etmək mürəkkəb məsələdir. Bunun üçün elektron nəzarət vasitələrindən, Yerevanla Bakı arasında “qaynar xətt”dən, ATƏT-in himayəsi ilə müşahidəçilərdən, hərbi kontingentlərin iştirakı ilə əməliyyatların keçirilməsindən istifadə oluna bilər”, – Lavrov deyib.
XİN rəhbəri bildirib ki, Moskvadakı görüşlər zamanı onun azərbaycanlı və erməni həmkarları ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıq prosesinin formatının dəyişməzliyini təsdiqləyib.
Lavrov bununla yanaşı, “nizamlanmanın baza prinsipləri əsasında siyasi-diplomatik yolla vəziyyətdən çıxmağın şərtlərini hazırlamaq üçün” bütün əməkdaşlarla, o cümlədən tərəflərin qonşuları ilə işləmək imkanını da istisna etməyib.
Qarabağ münaqişəsinin baş verdiyi bölgənin xəritəsi