Hərbi əməliyyatlar nə qədər və nə bahasına davam edəcək? Azərbaycan və Ermənistan liderlərinin “Euronews”a cavabları
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev “Euronews”un ingilisdilli xidmətinin suallarına cavab verib:
• Hər iki ölkə üçün növbəti addımlar nə olacaq?
• Hərbi əməliyyatlar nə qədər və nə bahasına davam edəcək?
• Sülhün bərqərar olması üçün nə lazımdır və bu, indi mümkündürmü?
Sentyabrın 27-dən Dağlıq Qarabağda Azərbaycan və Ermənistan orduları arasında gərgin döyüş gedir. Rəsmi olaraq hər iki tərəfdən həm hərbçilər, həm də dinc əhali arasında 400 nəfərə qədər insan həlak olub, minlərlə yaralı var. Qeyri-rəsmi göstəricilər daha yüksəkdir. Beynəlxalq təşkilatlar, Qərb və Rusiya tərəfləri ön şərtsiz zorakılığı dayandırmağa çağırır. Amma tərəflər bir-birini hərbi əməliyyatları başlatmaqda günahlandırır və atəşkəsə razılaşmaq üçün hərəsi öz şərtini irəli sürür.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı xəbərlər və reportajlar. Döyüşlərin 11-ci günü
2019-cu ildə Ermənistan və Azərbaycan “əhalini sülhə hazırlamaqla bağlı konkret tədbirlər” görmək haqda razılığa gəlmişdi. Aamma indi regionda 1991-1994-cü illər Qarabağ müharibəsinin yekununda atəşkəs sazisi bağlanandan sonra ötən 30 ildə ən uzun müddətli və genişmiqyaslı toqquşma baş verir. Münaqişəyə digər ölkələr də cəlb olunur, bu da münaqişənin regional miqyasa yüksələcəyi təhlükəsini yaradır.
Azərbaycan və Ermənistan liderləri nə deyiblər?
Azərbaycan prezidenti İlham Əliyev
• Atəşkəs birtərəfli şəkildə əldə edilə bilməz. Bu, qarşılıqlı qərar olmalıdır və yerindəcə yerinə yetirilməlidir.
• Sentyabrın 27-də Ermənistan bizə, bizim hərbi mövqelərimizə, mülki şəxslərə hücum edib, infrastruktura ziyan vurub. Ermənistanın hücumları, o cümlədən də ballistik raketlərdən və kasset bombalarından istifadə etmələri nəticəsində artıq 30 nəfər dinc sakin həlak olub.
• Bizim əks-hücumlarımız uğurlu olub. Biz işğal olunmuş ərazilərin bir hissəsini azad edə bilmişik. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.
• Ermənistan bizə qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir, hansı ki, Minsk Qrupunun həmsədrləri [Qarabağ münaqişəsinin danışıqlar prosesində əsas vasitəçi ölkələr] tərəfindən təsdiqlənməlidir. Bundan sonra atəşkəs əldə edilməsinə cəhd olunmalıdır.
• İndi Ermənistan acı məğlubiyyətlərlə üzləşdikdən sonra atəşkəs üçün yalvarır. Onlar özləri atəşkəs rejimini pozublar, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini iqnor edirlər. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər.
• Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya, Fransa və onların prezdidentləri dəfələrlə status-kvonun qəbulolunmaz olduğunu bildiriblər. Ermənistan bunu iqnor edib, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin tez bir zamanda nizamlanması üçün mühüm addım olacaq.
• Əlbəttə, biz mülki insanların həlak olmasından məyusuq. Amma şübhəsiz ki, bu hücumu biz etməmişik, onun mənbəyi biz olmamışıq. Sentyabrın 27-də səhər onlar bizim şəhər və kəndlərə hücum ediblər və biz də cavab verməli olmuşuq. Amma bizim cavabımız əsasən və hər şeydən əvvəl onların hərbi mövqelərinə, tanklara və silahlara qarşı yönəlib.
• Müharibənin başlamasına görə biz məsuliyyət daşımırıq.
• Düz bir il əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada bildirdi ki, “Qarabağ Ermənistandır”. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi, çünki danışıqlar masasında münaqişənin nizamlanması üçün zəmin olan prinsiplər işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını tələb edir.
• Biz dayanmaq istəyirik, amma istəyirik ki, işğal başa çatsın. Buna görə Ermənistanın ünvanına əsas mesaj – biz Ermənistanın yox, öz torpağımızdayıq.
• Bizim üçün Türkiyə güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə, onların bəyanatı onların mövqeyini əks etdirir və biz bu dəstəyə görə minnətdarıq. Amma Türkiyə heç bir başqa formada bu münaqişəyə cəlb olunmayıb.
• Bəli, biz Türkiyədən silah alırıq, amma təkcə onlardan yox. Bizim əsas silah təchizatçımız Türkiyə deyil […]. Ermənistan isə silahları havayı alır.
Ermənistanın baş naziri Nikol Paşinyan
• Biz baş verənləri qəbul edən beynəlxalq ictimaiyyətin və Minsk Qrupu həmsədrlərinin bəyanatlarını alqışlayırıq.
• Türkiyə bəyan edib ki, Azərbaycan təcavüzü dayandırmamalıdır. Azərbaycan da ona təklif edilən [Türkiyə tərəfindən] əməlləri davam etdirir.
• Azərbaycan tərəfdə terrorçu qruplaşmalar döyüşür. Onlar Türkiyə tərəfinfən muzdla tutulub və münaqişə zonasına gətiriliblər. Bu faktı regionda bəzi ölkələr və bəzi Avropa ölkələri qəbul edib.
• Dağlıq Qarabağın erməni əhalisinin həyatı indi bu dəqiqə təhlükə altındadır. [Azərbaycan] şəhərləri və kəndləri fasiləsiz atəşə tutur.
• Əgər beynəlxalq ictimaiyyət humanitar fəlakətin qarşısını almaq istəyirsə, bunun regional münaqişəyə çevrilməsinin qarşısını almaq istəyrsə, tez reaksiya verməli və Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.
• Biz sülh tərəfdarıyıq. Qarabağın müdafiə naziri dəfələrlə bildirib ki, [Azərbaycan əraziləri] yalnız cavab tədbiri kimi, Qarabağın müdafiəsi üçün atəşə tutulur.
• Sülh həmişə bizim əsas və son hədəfimiz olub. Mən baş nazir olandan bəri Ermənistan, Qarabağ və Azərbaycanda yaşayan insanlar üçün məqbul həll yolunu axtarıram.
• Mən açıq-aşkar digər tərəf üçün məqbul həll yolunun tapılmasına hədəflənmiş danşıqlara cəlb olunmuşam.
• Problem ondadır ki, Azərbaycan bu cür yanaşmanı qəbul etmir. Onlar üçün yeganə həll yolu Dağlıq Qarabağda etnik təmizləmədir. Bu, Qarabağ ermənilərinə qarşı soyqırım təhlükəsidir.
• Bu gün beynəlxalq kütləvi informasiya vasitələrində və beynəlxalq ictimaiyyət arasında Ermənistan və Qarabağın bu müharibəni başlaya bilməyəcəyinə dair kifayət qədər məlumat var, çünki bizim burada həll etməli olduğumuz hərbi məsələmiz olmayıb.
• Bizim həll etməli olduğumuz məsələ siyasi xarakter daşıyır. Bizim məqsədimiz erməni xalqını yeni soyqırımdan qorumaqdır. Bu özünümüdafiədir.
• Qarabağ münaqişəsinin zorakı yolla həlli, buna hazırlıq – Azərbaycan bu cür siyasət yürüdürdü.
• Biz heç kimə hücum etməmişik. Biz özümüzü müdafiə edirik. Biz həmişə güzəştə hazır olmuşuq, Azərbaycan güzəşt istəmir.
• Amma Qarabağ erməniləri sadəcə Azərbaycan tələb edir deyə min illiklər boyu yaşadıqları torpaqları tərk edə bilməzlər.
• Bizim mövqeyimiz olduğu kimi qalır: Qarabağ problemi zorakılıq yolu ilə həll edilə bilməz. Zorakılıq yolu ilə heç bir qərara varmaq mümkün deyil.