Rusiya hərbçilərindən ibarət daha bir qrup Qarabağa getməyə hazırlaşır
Azərbaycanda yaxın günlərdə atəşkəsə nəzarət üzrə birgə mərkəz işə başlayacaq. Mərkəzin tərkibinə Rusiya və Türkiyə hərbçiləri daxil olacaq. Rusiya öz hərbçilərini göndərməyə hazırlaşır, Türkiyə hərbçiləri isə artıq Azərbaycandadır.
- Türkiyə hərbçiləri Qarabağda yerləşmək üçün Azərbaycana gəlib
- Putin: “Əgər Ermənistan Qarabağ üzrə razılaşmadan imtina edərsə, bu, intihar olar”
- Qarabağ: Rusiya və Türkiyə sülhməramlıları, Azərbaycan və Ermənistan hərbçiləri – kim hansı mövqelərdədir? Xəritələrlə izah
“Hazırlıq əsnasında hərbçilər strukturu, təyinatı, vəzifələri və funksilayaları, mərkəzin işinin təşkili qaydalarını, o cümlədən də ərazisində vəzifələr yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər”, – RF Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, Monitorinq Mərkəzinin şəxsi heyəti Rusiya və Türkiyə tərəfindən paritet əsasda təşkil olunacaq. Başqa sözlə, hər bir tərəfin bərabər sayda hərbçisi olacaq.
Onlar monitorinq və atəşkəs rejiminin yerinə yetirilməsi, pilotsuz uçan apparatlardan istifadə etməklə bütün hərbi əməliyyatların dayandırılması üzrə məsələləri həyata keçirəcəklər.
Daha əvvəl Türkiyədən Azərbaycana iyirmi nəfərə qədər hərbçinin gəldiyi haqda məlumat verilmişdi. İlkin məlumata əsasən, hər tərəfdən hərbçilərin sayı 60 nəfər təşkil etməlidir.
Qarabağda atəşkəs rejimi və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Rusiya və Türkiyə müdafiə nazirləri tərəfindən imzalanan 2020-ci il 11 noyabr Memorandumuna əsasən Azərbaycan ərazisində yerləşəcək.
Mərkəzin qərargahı komanda məntəqəsi formasında paritet əsasda formalaşdırılır, orada hər iki tərəfdən bərabər sayda nümayəndə hər milli strukturun öz rəisi ilə təmsil olunacaq.
Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs haqda Rusiya və Azərbaycan prezidentləri, o cümlədən də Ermənistanın baş naziri tərəfindən imzalanan 10 noyabr razılaşmasına əsasən, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusunun nəzarəti altına keçməyən ərazilərdə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Onların sayı 1960 nəfərdir. Sülhməramlılar Ermənistanı Xankəndi ilə birləşdirən “Laçın dəhlizinə” də nəzarət edirlər.