Qarabağ; Gürcüstanda daxili siyasi proseslər; Rusiya Ukraynaya, Türkiyə isə ABŞ-a qarşı
Cənubi Qafqaz və buradakı münaqişə zonalarında hadisələrin inkişafının icmalı, həmçinin, Rusiya, Ukrayna və Türkiyədəki vəziyyətin təhlili Amerika senatına təqdim olunub. Bu informasiya ABŞ-ın yeni milli kəşfiyyat direktoru Deniel Koutsun hesabatının bir hissəsini təşkil edib.
26 səhifəlik hesabat “Dünya təhdidlərinin ABŞ kəşfiyyatı tərəfindən qiymətləndirilməsi” (Worldwide Threat Assessment of the US Intelligence Community) adlanır və dünyanın bir çox regionlarında vəziyyəti nəzərdən keçirir. JAMnews Cənubi Qafqaz ölkələrinə və onun bilavasitə qonşuları olan Rusiya, Ukrayna və Türkiyəyə aid əsas postulatların qısa icmalını verir.
Cənubi Qafqaz
Gürcüstan
Hakim “Gürcü arzusu” partiyası 2016-cı il parlament seçkilərində əminliklə qələbə çaldı. Hazırda partiyanın ölkədəki siyasi proseslərə nəzarətini daha da gücləndirmək və əvvəlki hakim partiyanın – Birləşmiş Milli Hərəkatın potensial təsirinə uğurla müqavimət göstərmək imkanı var.
Qarabağ ətrafında münaqişə
Ermənistanla Azərbaycan arasında separatçı Dağlıq Qarabağ ətrafında onsuz da gərgin olan münasibətlər 2016-cı ilin aprel ayında gərginliyin kəskin artmasına gətirib çıxardı.
Tərəflər güzəştə getmək istəyinin olmadığını nümayiş etdirməkdə davam edirlər. Eyni zamanda bu ölkələr daxilində yerli cəmiyyətlərə təzyiqlər artır. Bu da 2017-ci ildə Dağlıq Qarabağ ətrafında tam miqyaslı münaqişənin başlaması təhlükəsinin olduğunu düşünməyə əsas verir.
Azərbaycan
Azərbaycanın iqtisadi çətinlikləri davam edir. Bu vəziyyət ölkə rəhbərliyini cəmiyyətdə mövcud hakimiyyətin tənqidinin boğulması üzrə yeni addımlar atmağa vadar edə bilər.
Rusiya
Çıxışının əvvəlində Deniel Kouts bildirib ki, Rusiya beynəlxalq kiber-hücumların geniş miqyaslı mənbəyidir və Vaşinqton üçün əsas təhdid olaraq qalır.
2017-ci ildə Rusiya çox güman ki, xarici siyasətində özünü xeyli daha qətiyyətli aparacaq, onun ABŞ-la münasibətləri daha da gözlənilməz, daxili siyasəti isə daha sərt və avtoritar olacaq.
Rusiya prezidenti Vladimir Putin bir neçə Avropa ölkəsinin yeni populist və Rusiya yönlü hökumətlərinin dəstəyini hiss edir, bu da ona ölkənin beynəlxalq arenada nüfuzunu artırmaq məqsədilə addımlar atmaq imkanı verəcək.
2018-ci ildə Rusiyada prezident seçkiləri keçiriləcək, Putin də özünün ölkə rəhbərliyində qalmaq perspektivlərinə hər hansı bir təhlükənin yaranmasına imkan verməyəcək.
Çox güman ki, o əvvəlki taktikasını davam etdirəcək – repressiyalar və media üzərində dövlət nəzarəti.
Putin artıq uzun müddətdir ki, onun şəxsi nəzarətini zəiflədə biləcək islahatlar keçirməkdən qaçır, hazırda, seçkiqabağı dövrdə hər hansı islahatın keçiriləcəyini gözləməyə dəyməz.
Rusiya çox güman ki, Suriyada Əsəd hökumətini dəstəkləməkdə davam edəcək.
Moskva həm də Suriyada hərbi müdaxilə yolu ilə İŞİD təhlükəsi yönündə qorxulardan istifadə edə və özünün Orta Şərqdə təsirini genişləndirə bilər.
Rusiya Avropa İttifaqının dəstəyini azaltmaq məqsədilə öz təbliğat kampaniyalarını davam etdirəcək və hətta möhkəmləndirəcək, bu zaman da Avropa dövlətlərinin daxilindəki populist və ekstremist siyasi qruplardan istifadə olunacaq.
Ukrayna
Moskvanın Ukraynaya münasibətdə əsas vəzifələri – Kiyevə uzunmüddətli təsirə nail olmaq və Ukraynaya Qərb institutlarına inteqrasiya imkanı verməmək. Bu vəzifələr Rusiya üçün 2017-ci ildə əsas vəzifələr olaraq qalacaq.
Məqsədə nail olmaq üçün müxtəlif metodlardan istifadə olunacaq. Bu, artıq iki ildir ki, davam edən Şərqi Ukraynada “separatçılara” yönəlik hərbi dəstəkdir. Amma tək bu, deyil.
Moskva həm də Ukraynanın sabit olmayan iqtisadiyyatını dağıtmaq və Ukraynanın daxili siyasi elitasında Rusiya yönlü fraksiyaların nüfuzunu möhkəmləndirmək cəhdlərini davam etdirəcək.
Ukrayna özünün rüşvətxor institutlarında islahatlar aparmalı olacaq, çünki ölkənin Avropa istiqamətində hərəkət edəcəyi, yoxsa daxili siyasi münaqişələrin və Rusiyanın təsirinin qurbanı olacağı məhz bundan asılı olacaq.
Türkiyə
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan 2017-ci ilin aprel ayında konstitusiyaya dəyişikliklər edilməsiylə bağlı keçirilən referendum zamanı əhalinin dəstəyini aldı və indi onun səlahiyyətləri və hakimiyyəti daha da gücləndi. Nəticədə Türkiyədə daxili sosial və siyasi ziddiyyətlər gücləndi.
Türkiyə ilə ABŞ-ın münasibətləri ölkələrin Kürd Xalq Partiyasına münasibətdə mövqelərinin fərqli olması səbəbindən çətinləşib. Ankara bu partiyanı ölkənin milli təhlükəsizliyinə əsas təhlükə hesab edir və ABŞ-ı Suriyadakı kürd qruplarıyla əməkdaşlıqda ittiham edir, bu da Türkiyənin fikrincə, Kürd Xalq Partiyasının mövqelərini möhkəmləndirir.
Türkiyənin Avropa İttifaqı ilə də münasibətləri çətinləşib, çünki bəzi Avropa ölkələri öz ərazilərində Türkiyə referendumunun ideyalarının dəstəklənməsi üçün siyasi kampaniyalar keçirməyə icazə vermədi, sonra da referendum zamanı Türkiyədə gedən prosesləri neqativ qiymətləndirdi.