Qarabağ: faktsız
Təcrübə göstərir ki, hər şey həmsöhbətlərin nə dərəcədə məlumatlı olmasından asılıdır. Ən məlumatlılar çoxlu sayda tarix və rəqəm bilirlər – filan gündə Qorbaçov nə dedi, filan ildə Şuşada neçə erməni və neçə azərbaycanlı yaşayıb və s. Daha az məlumatı olanlar emosiyalarını və “bizim torpaqdan rədd olsunlar kimi dumanlı ifadələr işə salırlar.
Mən çox nadir hallarda münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə eşidirəm. Daha çox biz müharibəni istəmirik, “amma vətən çağırsa, silah arxasına keçməyə hazırıq sözləri işlədilir. Çünki ‘biz vətənpərvərik, vətənimizi sevirik və ona uzadılan əlləri qırmağa hazırıq’.
Bizdə hərbi əməliyyatlar perspektivi yarananda məlum oldu ki, Azərbaycanda hamı müharibə istəyir. Ofis işçiləri, kənd sakinləri, bank əməkdaşları, evdar xanımlar və tələbələr – hamı sanki qəflətən yuxudan oyanıb, revanş tələb etməyə başladı. “İinşallah, gələn Novruz bayramını Şurada keçirək kimi abstrakt arzular birdən-birə hətta Şuşanı bir dəfə də görməyən bakılılar üçün də real istəyə çevrildi.
Bu reaksiya xaricilər, xüsusən də bu yaxınlarda qonaqpərvər Qarabağa səfər edən və yaxşı qarşılandığı yerin əvəzində xarabalıq görmək istəməyən xaricilər üçün anlaşılan deyil. Amma keçmişə səfər edib, 88-ci ilə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğu, Yerevanda isə köhnə Qarabağdakı həmyerlilərlə birləşmək ideyası güclü dalğaya çevrilib, insanları birləşdirdiyi və küçələrə çıxardığı zamana qayıdaq.
Mən qəsdən nə dəqiq tarix, nə ad, nə də detal gətirmirəm. Əsas məqamları bilmək, təsvirləri görmək kifayət edir. Birinci – Qarabağda ermənilər və azərbaycanlılar yaşayır, ermənilər daha çoxdur; ikinci – Yerevanın küçələrindəki həyəcanlı insanlar; üçüncü – müharibə, qan, qırğın.
Əlbəttə ki, bu dünyada hər şey elə də bəsit deyil: millətlərarası ədavət də, qarşılıqlı iradlar da, zorakılıq halları da, SSRİ-nin süqutu və münaqişənin başlanmasına, gedişatına təsir edən minlərlə başqa amil də olub. Amma bütün bu üç mənzərəyə mənim bir sualım var: məgər Yerevan ziyalıları kiminsə qanının axıdılmasını istəyirdimi? Uşaqlar, qadınlar, qocaların ölməsini istəyirdimi? Əlbəttə ki, yox. Münaqişənin mühüm hərəkətverici qüvvəsi ictimai hərəkat olub və onun hər bir iştirakçısı bircə şey – tarixi ədalət istəyirdi. Onları ayağa qaldıran da vətənpərvərlik oldu. Və tək onları yox.
İndi tarix başqa bir dönüş edib. Biz bakılılar 90-cı illərin sonlarında güclə dolanan qorxaq və ac sovet vətəndaşları deyilik. Biz neft paytaxtının tox və xoşbəxt sakinləriyik və bizim dövlətimiz tendensiyalarla bağlı deyilənlərə baxmayaraq, Kremlin vassalı deyil. Biz sanki özümüzə gəlib, ətrafımıza baxıb, gördük ki, balaca qonşu ölkə bizim ölkəmizdən onunla sərhəddə belə yerləşməyən torpağımızın bir parçasını alıb! Və ətrafındakı 7 rayonu. Bəs bu necə oldu?
Bununla bağlı bizim çox sayda versiyamız var. Mətbəxə qayıdaq və orada deyilənlərə qulaq asaq. Misal üçün, hər şeydə günahkar Rusiyadır. Ya da biz elə ürəyiaçığıq ki, hiyləgər və həddən artıq xain ermənilər bizi aldada bildilər. Əlbəttə ki, Qarabağın itirilməsində bizim günahımız yoxdur. Amma bilirsiz, bu məsələ ilə bağlı müəyyən narahatlıq da hiss edirik.
Mətbəxlərdə hesab edirlər ki, biz artıq güclü dövlətik və revanş ala bilərik. Sosial şəbəkələrə inansaq, divanların üstündə də belə hesab edirlər.
Biz vətənimizi sevirik, biz vətənpərvərik, biz sadəcə tarixi ədalətin bərpa olunmasını istəyirik.
Bunları mən artıq hardasa eşitmişəm.
Arqumentlər həmişə tapılır. Hətta qonşu xalqı doğramağı, sürgün etməyi, parçalamağı, qanda boğmağı təklif edənlər də tapılır. Bəzən “onların ki, bizim babalarımıza rəhmi gəlmədi arqumenti işlənir. Bəzən də Hitler nəzəriyyəsinə bənzər ‘qonşu xalq ümumiyyətlə torpaqda yeriməməlidir’ kimi ifadələr səsləndirilir. Bəzən də “rədd olsunlar, onda da biz onları bağışlayarıq kimi variantlara rast gəlinir.
Xüsusən də münaqişənin hərbi yolla həllinin tərəfdarlarının arqumentləri olur. Arqumentlər həmişə – bütün səviyyələrdə – ucuz və bayağı patetika ilə bəzənir. “Yüz nəfəri öldürmək və “evləri yandırmaq əvəzinə “düşməni məhv etmək və “əraziləri azad etmək. Bu lüğətdən sərhədin hər iki tayında istifadə edilir. Bu arqumentlər mahiyyətcə həmişə vahid bir postulata gətirib çıxarır: filan sayda insan güllələnməli, yandırılmalı, dara çəkilməli və partladılmalıdır a) digər günahsız qurbanların xatirəsinə; b) tarixi ədalət naminə; c) çünki biz vətənimizi sevirik.
Burada mənə deyə bilərlər ki, bizim qaçqınlar öz evlərinə qayıtmaq istəyirlər. İstəyirlər, amma mətbəxlərdə və divanın üstündə torpağın praktiki dəyəri adətən, motivlər siyahısında onuncu arqumentdir.
Əsası abstrakt ideyalardı. Xatirə, ədalət və vətənə sevgi.
Xatirə görünür ki, özünəməxsus rudimentdir. Qan intiqamının qalıqlarıdır. Belə çıxır ki, iki xalq bir-biriylə düşmənçilik edirsə, onlar bir-birini kökünü kəsənə qədər məhv etməlidir. Münaqişə dövründə hər iki tərəfdən kifayət qədər cəsəd olub – necə də gözəl imkan. Siz sosial vəziyyətdən, hakimiyyətin siyasətindən, söz azadlığının təqib olunmasından, işsizlikdən narazısız, amma buna açıq etiraz edə bilmirsiz? Eybi yox, içinizdə yığılıb qalan hirs “bu əclaf və qatillərin ünvanına qəzəbli çağırışlara dönəcək. Siz heç vaxt həmsöhbətinizin üzünü görməmisiz? Problem deyil. Orada onlar hamısı eynidir.
Tarixi ədalət ümumiyyətlə çox maraqlı bir oksümorondur. Min illər ərzində sərhədlər və dövlət adları dəyişib, yenidən düzəlib. İmperiyalar yaradılıb və dağılıb, amma bəzi insanlar niyəsə hesab edirlər ki, onların ölkələrinin sərhədləri tarixi presedent səbəbindən xeyli daha böyük olmalıdır. Bu, təcrübədə necə baş verir? Elə bir qanun varmı ki, onun əsasında erməni alimi Plininin əlyazmasını göstərsin və əvəzində də ona həmin andaca “dənizdən dənizə qədər torpaq sahəsinə olan sənədi təqdim etsinlər? Bunu necə təsəvvür edirsiz?
Vətənə sevgi məsələsinə gəlincə isə, bu ən axırıncı, ən riqqət doğuran və ən saxta postulatdır. Və ən populyar. Bizim hamımız vətənimizi sevirik. Bu hiss bizim hamımıza məxsusdur. Məktəbdə bununla bağlı şeir demişik, mahnı oxumuşuq. Ömür boyu biz necə düzgün sevməyi və kimin daha çox sevməsi ilə bağlı mübahisələr edirik. Amma ölkəyə sevgi nə deməkdir axı? Cəbhəyə getmək, ölmək və öldürməyə hazır olmaq? Himn səslənərkən axıdılan göz yaşları? Bu ölkədə bütün baş verənlərlə susqun razılıq? Və ya daha nəsə?
Onda belə bir tablonu təsəvvürünüzə gətirin: siz həmişəki kimi, divanda oturub, vətəninizi sevirsiz. Sonra da sizin kimi vətənini sevən və ya sevməli olduqları boyunlarına qoyulan insanların qanı, yarılmış qarınlarından çıxan bağırsaqları, meyitləri. Axı siz həmişə deyirdiz və yazırdız ki, vətənə sevgi qurban tələb edir və siz bu qurbanlara hazırsız. Yəni doğrudanmı sizin bu sevginiz qurban olaraq ancaq cəsədləri qəbul edir? Onun könlünü başqa cür almaq olmur?
İndi qoşunların təmas xəttində nisbi sakitlik, mətbəx və divanlarda isə məyusluq hökm sürür. Son 4 gün ərzində bütün dostlarım mənim müqəddəs heç nəyi olmayan, daşürəkli və rəhmsiz bir insan olduğumu bildilər. Tamamilə razıyam. Yəqin məhz buna görə də mən bu gecə Qarabağda heç kimin öldürülməyəcəyinə sevinirəm.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.