Qarabağ: Azərbaycan və Ermənistan arasında atəşkəs yenə də baş tutmadı
Oktyabrın 18-ə keçən gecə atəşkəs elan olunmasına baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələri Qarabağda və 1990-cı illərin əvvəllərində yaşanan müharibədən sonra Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın ətraf rayonlarında hərbi əməliyyatları davam etdiriblər.
Gün ərzində nələr baş verib – bütün tərəflərdən hadisələrin icmalı.
Yerevan və Stepanakertdən məlumat
Qarabağın Müdafiə Nazirliyi səhər bildirib ki, şimal istiqamətində artilleriya və cənub istiqamətində raket atəşləri istisna olmaqla gecə humanitar atəşkəsə əməl olunub.
Amma səhər saat 07:20-dən etibarən fəal artilleriya atəşindən sonra Azərbaycan silahlı qüvvələri cənub istiqamətində – “Xudafərin su anbarını ələ keçirmək məqsədilə bu istiqamətdə [Cəbrayıl rayonunda] hücuma keçib”.
Ermənistanın Müdafiə Nazirliyi məlumat verib ki, Azərbaycan tərəfi çox sayda dron və artilleriya vasitələri tətbiq edir.
Ermənistan XİN Azərbaycanı artıq ikinci dəfə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin rəhbərinin (söhbət Rusiya prezidenti Vladimir Putindən gedir) şəxsi vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Məlumatda o da deyilir ki, “Ermənistan Azərbaycanı sülhə məcbur etmək üçün bütün lazımi tədbirləri görəcək”.
Daha sonra Ermənistan XİN növbəti məlumatı yayıb. Bu dəfə Azərbaycanın yaralı hərbçilərin döyüş meydanından çıxarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçilik cəhdini rədd etdiyi bildirilib.
Dağlıq Qarabağ prezidentinin məsləhətçisi David Babayan oktyabrın 18-də brifinqdə bildirib ki, Qarabağda humanitar atəşkəs müddətsizdir, baxmayaraq ki, Bakı bunu inkar edir:
“Əgər Azərbaycanda bildirirlərsə ki, bu, sadəcə bir neçə günlükdür, deməli, onların məqsədi bir neçə gündən sonra yenidən təcavüzkar addımlar atmaqdır”. Onun fikrincə, əgər Azərbaycan yenidən razılaşmaları iqnor edərsə və beynəlxalq ictimaiyyətin atəşkəs əldə olunması yönündə səylərinə hörmətsizlik nümayiş etdirərsə, o zaman ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri “daha sərt və artıq başqa metodlarla atəşkəsə nail olmalı olcaqlar”.
Bu bəyanatlardan sonra gündüz bütün cəbhə xətti boyunca nisbi sakitlik olduğu bildirilib.
Oktyabrın 18-də axşam Ermənistanın xarici işlər nazirinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığı baş tutub.
Zohrab Mnatsakanyan Qarabağda gedən hərbi əməliyyatlara münasibətdə “beynəlxalq ictimaiyyətdə bəzi oyunçuların qeyri-müəyyən mövqeyi” ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, “bu cür siyasət Azərbaycan tərəfindən beynəlxalq hüququn pozulması ilə müşayiət olunan Azərbaycanın təcavüzünə dözümlülük kimi başa düşülür”.
XİN rəhbəri bir daha vurğulayıb ki, Azərbaycan tərəfinin təcavüzü Türkiyənin birbaşa müdaxiləsi kontekstində baş verir, bu da bütün digər məsələlərdən başqa, regiona silahlı terrorçuları cəlb edir. Ermənistan tərəfi hərbi əməliyyatlar başlayandan dəfələrlə bəyan edib ki, bu, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır.
Qarabağa səfər edən Almaniya Bundestaqının deputatları brifinqdə erməni jurnalistlərə bildiriblər ki, Azərbaycan SQ-nin dinc yaşayış məntəqələrini dağıtdığını görüblər.
“Biz Stepanakertdə və Şuşada yaşayış binalarının üstünə bomba atıldığını gördük, dinc sakinlərə qarşı isə beynəlxalq hüquqla qadağan edilmiş silahlar tətbiq olunur. Görünür ki, Azərbaycan dronlar vasitəsilə əhalinin soyqırımına nail olmaq istəyir, bu “dron soyqırımıdır”. Biz dünya parlamentlərini yalnız bəyanatla çıxış etməməyə, həm də hərəkət etməyə, Qarabağa hücum edən ölkələrə və onları silahla təchiz edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çağırıram”, – deputat Şteffen Kotre deyib.
Bakıdan informasiya
“18 oktyabr saat 00:00-dan yeni humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri növbəti dəfə kobud şəkildə razılaşmanı pozub”, – oktyabrın 18-də səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi məlumat verib.
Mənbəyə əsasən, “gecə boyu düşmən minaatanlardan və artilleriyadan Cəbrayıl şəhərinin kənarlarını, o cümlədən də bu rayonun işğaldan azad edilmiş Araz çayı sahilində yerləşən kəndləri atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur”.
Səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi həmçinin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl (1990-cı illərin əvvəllərində yaşanan Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Qarabağ ətrafı rayonlar) istiqamətlərində qarşı tərəfin hücum cəhdlərinin qarşısının alındığı haqda da məlumat verib.
Həmçinin bildirilir ki, atəşkəs elan olunandan dərhal sonra və 18 oktyabr səhər 4-ə qədər Ermənistan Azərbaycan sərhədində vəziyyəti gərginləşdirmməyə çalışıb:
“İriçaplı silahlardan istifadə olunaraq, Ermənistanın Çemberek rayonu ərazisindən Azərbaycan ordusunun Gədəbəy rayonundakı, Ermənistanın Berd rayonu ərazisindən isə Azərbaycan ordusunun Tovuz rayonundakı mövqeləri atəşə tutulub”.
Gündüz saatlarında Azərbaycanın Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Azərbaycan prezidenti Twitter-də bildirib ki, Azərbaycanın silahlı qüvvələri Cəbrayıl rayonunda Araz çayı üzərində yerləşən qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıb. Körpü bu rayonu İranla birləşdirir.
Azərbaycanın Müdafiə Nazirliyi ötən gün Azərbaycan ordusunun nəzarətinə keçən Füzuli şəhərindən kadrlar yayıb.