“Qanunsuz inşaata son! Ərazi zəbtinə son! Özünüzə problem yaratmayın!” – Yerevanın baş memarı
Yerevanın yeni seçilmiş meri populyar komediya aktyoru olan Hayk Marutyan şəhərin baş memarı vəzifəsinə Artur Mesçyanı təyin edib. Mesçyan Ermənistanda daha çox memar kimi yox, musiqiçi kimi tanınıb. Bəstəkar, demək olar ki, bütün nəsllərin sevdiyi mahnıların müəllifi, böyük vətənpərvər və fəal vətəndaş mövqeyi olan insan.
Amma az əvvələ qədər heç də bütün yerevanlılar bilmirdilər ki, Matenadaran – qədim əlyazmalar arxivi – binasını Mesçyan layihələndirib. Amma çoxları onun bu vəzifəyə təyin olunmasına böyük ümidlər bəsləyir.
Bu gün Artur Mesçyan yaxın gələcəkdə Yerevanın necə dəyişəcəyi haqda danışıb.
Artur Mesçyanın planları
Yerevanın yeni baş memarı bəyan edib ki, paytaxtda bircə abidənin də dağıdılmasına imkan verməyəcək. O həmçinin dağıdılmış mədəniyyət abidələrinin bərpasını vəd edib. Mesçyan “Köhnə Yerevan” layihəsinə daxil edilən bütün binaları qoruyub saxlamaq niyyətindədir. Bu proqram üzrə bəzi binaları səliqə ilə söküblər ki, sonradan bir yerdə toplasınlar.
“Ehtiyac olduğu təqdirdə bəzi layihə həllərini dəyişmək lazımdır ki, bu binaları saxlamaq mümkün olsun. Memarla artıq danışmışam, odur ki, tarixi abidələrin dağıdılması mövzusunu qapadılmış hesab edə bilərik”, – yeni baş memar bəyan edib.
Bununla yanaşı Mesçyan xəbər verib ki, bir çox binalar barbarcasına sökülüb və onları yalnız 30 faiz bərpa eləmək mümkün olacaq.
Mesçyan Yerevanda qanunsuz inşaatla mübarizə aparmaq niyytini də açıqlayıb:
“Qanunsuz inşaata son! Ərazi zəbtinə son! Özünüzə probelm yaratmayın! Bunun əvəzinə mən sizə söz verirəm ki, əgər inşaat layihələrinizi qanuni yollarla reallaşdırmaq istəsəniz, biz hər vasitəylə sizin həyatınızı rahatlaşdırmağa çalışacağıq. Sizin heç bir probleminiz olmayacaq”.
Artur Mesçyan bəyan edib ki, şəhərin baş memarı uzun illər Yerevan merinin kefinə görə hərəkət edib və bu vəzifənin funksiyalarını müəyyən etmək lazımdır:
“Əgər mer deyirsə ki, bu adama filan yerdə torpaq ayrılsın, orada bina tikəcək – bu yerdə baş memarın işi yoxdur. Narek Sarqsyanın [Yerevanın keçmiş baş memarı – JAMNews] ayağına yazılan səlahiyyətlər, əslində ona aid deyildi. Yadınıza bir salın, o, hansı mer, hansı hakimiyyət zamanında işləyib… o zaman ki, hər şey bir zənglə həll olunurdu”.
• Tanınmış aktyor Yerevanın meri vəzifəsinə keçdi
• Fotoreportaj: Yerevanın rəsmlərlə bəzədilmiş tağları
• Yerevanın bəlli olmayan abidələri
Həmkarlarının Mesçyanın təyinatına reaksiyası
Artur Mesçyanın həmkarları ümumilikdə onun Yerevanın baş memarı vəzifəsinə təyin edilməsini müsbət qarşılayıblar. Mesçyanın sələfi, Tiqran Barseqyan hesab edir ki, təyinat qanunauyğundur:
“İstedadlı insan hər şeydə istedadlıdır. Mən artıq onunla danışmışam və yanında olub, kömək göstərməyi təklif etmişəm. Çətin olacaq, amma düşünürəm ki, Artur Mesçyan hər şeyi doğru təşkil edə və bütün çətinliklərin öhdəsindən ləyaqətlə gələ biləcək”.
Ermənistan Memarlar İttifaqının sədri Mkrtıç Minasyan hesab edir ki, Artur Mesçyan qətiyyətlə hərəkət etməlidir:
“Bir mütəxəssis kimi ona hörmət etməli və dinləməlidirlər. Bizim çox yaxşı baş memarlarımız olub, hansılar ki, bu gün olanların olmasını istəmirdilər. Heç bir memar qəsdən şəhərə ziyan vura bilməzdi, amma təəssüf ki, onlar çox vaxt müəyyən addımlar atmağa məcbur olurdular”.