Fransa: İslam dünyasında Makronun bəyanatına qarşı etirazlardan sonra yeni qurbanlar
2020-ci il oktyabrın 29-da Fransada hakimiyyətlə islam cəmiyyəti arasında qarşıdurma Nitsa və Avinyonda baş verən qanlı hadisələrlə davam edib.
Nitsada kilsə camaatına hücum olub. İki nəfər ölüb, onlardan birinin başı kəsilib. Üçüncünün vəziyyəti ağırdır.
Hücum edən şəxs yaralıdır və saxlanılıb. Hətta tibbi yardım göstəriləndə də o, “Allahu əkbər!” deyə qışqırmağa davam edirmiş.
Təxminən eyni zamanda Avinyonda polislər islamçı şüarlar qışqıraraq onlara bıçaqla hücum edən şəxsi güllələyiblər.
Xüsusi Terror Əleyhinə Prokurorluq araşdırma aparır.
Bu faciələr bir sıra hadisədən sonra baş verib.
2020-ci il oktyabrın 16-da çeçen miqrantların ailəsindən olan şəxs Parisdə küçənin ortasında dərsdə Məhəmməd peyğəmbərin karikaturalarını göstərən müəllim Samuel Patinin başını kəsib.
2015-ci ildə “Charlie Ebdo” satirik jurnalında dərc olunan bu karikaturalar islam dünyasına qarşı məqsədyönlü təhqir kimi dəyərləndirilib və həmin il redaksiyaya qanlı hücumun, 11 nəfərin qətlə yetirilməsinin səbəbi olmuşdu.
Müəllimin qətlindən az əvvəl Parisdə jurnal həmin karikaturaları təkrar dərc edib.
Oktyabrın 28-də isə “Charlie Ebdo” izləyicilərinə yeni karikaturanı da təqdim edib – həmin karikaturada Türkiyə prezidenti Ərdoğan bir qadınla yarı çılpaq vəziyyətdə əlində alkoqollu işki ilə təsvir olunub.
Prezident Emmanuel Makron hadisəyə kəskin reaksiya verib. O, “islam separatçılığı” haqda nitqlə çıxış edib və islamı “bütün dünyada böhran yaşayan din adlandırıb”.
“Fransa karikatura çəkmək hüququndan imtina etməyəcək, o cümlədən də Məhəmməd peyğəmbərlə bağlı. Bizim həmvətənimiz uşaqlara söz azadlığı öyrətdiyi üçün qətlə yetirilib. Mövhümatçılıq və zorakılıq qalib gəlməyəcək”, – Makron bildirib.
Eyni mesajları o, digər çıxışlarında da təkrarlayıb.
Fransanın müxtəlif şəhərlərində minlərlə insan qətlə yetirilmiş müəllimin anım aksiyasına çıxıb. Monpelye və Tuluzada aksiya zamanı Patinin dərsdə nümayiş etdirdiyi karikaturalar projektor vasitəsilə hökumət binalarında canlandırılıb.
Bundan sonra bütün dünyanın islam liderləri Fransaya boykot elan edib, prezident Makronu terroru dəstəkləməkdə və dinlərarası nifaqı qızışdırmaqda günahlandırıblar.
Bütün dünyada, o cümlədən də Fransanın özündə keçirilən mitinqlərdə Makronun fotoları yandırılır.
Makrona qarşı etirazlar Türkiyə, Suriya, Liviya, Pakistan, İraq, Banqladeş, Somali, Hindistan və Qəzza zolağında təşkil edilib.
Ən böyük mitinq Banqladeşdə baş verib. Buradakı aksiyada 40 min nəfərdən çox insan iştirak edib və onlar Makronun müqəvvasını yandırıblar.
Türkiyə, Küveyt, İordaniya, Banqladeş, Qətər, Sudanda Fransa məhsulları mağazalardan yığışdırılır.
Türkiyə prezidenti Ərdoğan Makrona məsləhət görüb ki, “psixi sağlamlığını yoxlasın” və Fransa məhsullarını almamağa çağırıb.
Çeçenistan rəhbəri Kadırov və respublikanın baş müftisi Fransa prezidentinə qarşı açıq təhdidlə çıxış ediblər.