Qalina Petriaşvili, Tbilisi
“Yeni ruslar adlı fenomen vaxtıykən Gürcüstandan yan keçdi. Cənubi Qafqazda nə moruq rəngli pencəklər, nə də cinayətkar keçmişi olan oğlanlar xüsusi müşahidə olunmurdu. Rus diasporasını burada bir qayda olaraq mütəxəssislər və alimlər təmsil edirdi, onlar da müxtəlif (SSRİ dağılana qədər) müəssisələrdə və elm və mədəniyyət idarələrində çalışırdılar. Diaspora ədəbli idi və öz yerini bilirdi – titullu millətdən qabağa özünü soxmurdu və gözə girməyə çalışmırdı. Amma onda kim özünü hara soxurdu ki? Tək Sov.İKP-dan başqa. Amma oranın da qapıları fəhlə sinfi üçün taybatay açılırdı. 90-cı illərdə diaspora birdən-birə qocaldı və seyrəldi, 80-ci illərin axırları, 90-cı illərin əvvəllərində vətənpərvər xalq iğtişaşları çərçivəsində vurulan mənəvi (bəzi hallarda isə tam real) zərbələrdən özünə gələ bilmədi. Getməyə yeri və adamı olan hər kəs başını götürüb qaçdı. Rus dilli gənclər təhsil arxasınca getdi. Xarici dil bilənlər Avropa və Amerikaya üz tutdu. Orta yaşlı adamlar bağlı zavod qapıları arxasında bir az gözləyəndən sonra qonşu ölkələrdə yaşayan qohumlarının yanına köçdü. Əsrlər boyu hər şeyə biganə olan duxoborlar belə ölkəni tərk etdilər – onların başını şimaldan olan qasidlər tovladı. Yazdılar, şirnikləndirdilər, sonra da sərxoş və təlatümlü Rusiyanın ortasında atdılar.
Nəticədə də Gürcüstanda nəinki “yeni olmayan, hətta tamamilə perspektivsiz ruslar qaldı (bu sətirlərin müəllifi də onlardan biridir). Əhalinin əksər hissəsi kimi ehtiyac içində yaşayır, “kerosinkada bişirilən lobio və quru çörəklə keçinməli olurdular. Bunun sonu isə uzanırdı – slavyan əhali əriyib, yox olurdu. Bir müddət biz ümumiyyətlə hiss olunmurduq. Və birdən Gürcüstanda “rus bumu yaşandı! “Rus dedikdə, mən slavyanlardan da geniş olan qrupu nəzərdə tuturam – bura keçmiş SSRİ ərazisindən gələn bütün rusdillilər də daxildir.
Onları bura gətirən nədir?
Əsas səbəblərdən biri şimalda müşahidə olunan siyasi soyuqluqdur. Qafqazın cənubu əsrlər boyu iki paradoksal məqsədə xidmət edib: cəzalandırma və azadlığa qovuşmaq. Bura ancaq məcburən sürgün etmirdilər, bura öz istəyiylə, azadlıq və sağlam münasibətlər arxasınca da gəlirdilər. Şimal sivilizasiya məngənəsi, siyasi pressinq və riyakar zadəganlığın vətəni sayılırdı, Qafqaz dağlarının o biri tərəfində isə mental sağlam olan, tolerant və sadəlövh humanizmli dağlılar yaşayırdı.
Siyasi səbəblər bu gün də var. Gürcüstana hələ də təqibə məruz qalanlar qaçır – özü də tək Rusiyadan deyil, həm də daha yaxın qonşulardan. Azərbaycan və Ermənistandan olan siyasətçilər, jurnalistlər və hüquq müdafiəçiləri Tbilisidə özlərinə sığınacaq tapırlar, bəziləri uzun müddətlik məskunlaşır, digərləri isə buradan tranzitlə keçirlər. Bu trend Rusiya ilə münasibətlərdə özünü tam aydın göstərir. Birtərəfli viza rejimi, biznes üçün cəlbedici imkanlar, Avropaya daha açıq pəncərə – bütün bunlar Şimaldan Cənuba aparan yolu daha gediş-gəlişli və daha cəlbedidi edir.
RF-nin Ukraynada müharibəsi də öz işini gördü. Bizə həmin müharibədə iştirak etmək istəməyənlər; evlərini itirənlər; təbliğat nəticəsində münaqişənin əks tərəfində olan qohumlarla münasibətləri pozulanlar gəlir.
Burada iqtisadi səbəblər də öz sözünü deyir – Tbilisidə həyat baha olsa da. Moskva və Sankt-Peterburqla müqayisədə bir az daha yaxşı dolanmaq imkanı verir – ən azı iqliminə görə. Və siz orada mənzilinizi kirayəyə verib, burada götürsəz… – hər halda məni başa düşdüz.
Bu da bir neçə süjet
Novosibirskdən mehmanxana meneceri. Bura siyasi səbəblərdən deyil, şəxsi məsələ ilə bağlı gəlib. Bu məsələlər vaxt keçdikcə yoxa çıxdı, münasibətlər bitdi, amma menecer bir az da qalmaq istədi. Bunun üçün yeni “səbəbləri yarandı, özünə dostlar, iş tapdı, ev aldı. Sosial həyatda fəal, uğurlu və xoşbəxtdir.
Donetskdən olan Reyki müəllimi. Hələ müharibəyə qədər oradan çıxıb. Qayıtmağa yeri yoxdur. Məktəb açıb, işləyir, vətəndaşlıq almaq istəyir. Bu, “bacarıqların mübadiləsi adlı ümumi rubrika altında birləşən süjetlər seriyasındandır. Bu, yoqa, trensendental meditasiya, tsiqun, nəfəs gimnastikaları və çoxlu sayda digər, müxtəlif bilik, fəlsəfə və sənət müəllimləridir. Onlar öz bildiklərini bizə gətirir. Bizim sənət, texnologiya və bacarıqlarımızın arxasınca gələnlər də az deyil. Bu, etnoqraf, şərabçı, alpinist, çox səsliliyi sevənlər, bölməli mina fanatlarıdı… Onlar öyrənmək, təcrübə almaq və ixtisaslarını artırmaq üçün ölkəmizə gəlirlər.
Mən başqa miqrasiya qruplarının: Avstraliyadan olan fermerləri, çinli mini-biznesmenləri və afrikalı gənclərin burada üstündən keçirəm – çünki söhbət şərti “ruslar, rus dillilərdən gedir. Bizim qazanda bu gün maraqlı nəsə qaynayır! Bunun konkret nə olduğunu demək hələ çətindir, amma bir şey aydındır ki, sosial həyat daha fərqli və daha maraqlı olub, vətəndaş cəmiyyəti daha da fəallaşıb – andeqraund, aksiya və fleşmobların sayı artıb.
Elə belə də yaşayırıq. Kimə necədir bilmirəm, amma bu sətirlərin müəllifinin yaranan vəziyyətdən xoşu gəlir! Hansı səbəbdən? Burada bir neçə səbəb var. Onların arasında iqtisadi və demoqrafik səbəblər daha aydın görünür. Qonaqlar biznes üçün yeni ideyalar gətirir; yeni vətəndaşlar genofondu da zənginləşdirir ki, bu da sayı o qədər də böyük olmayan millət üçün çox vacibdir. Daha incə səbəblər də var. Gəlmələr bizə maraq və öncədən simpatiya ilə gəlirlər. Bu, çox ciddi bir impulsdur – bəlkə də o inkişaf üçün müəyyənedici bir amildir. Sevgi ilə gələn, bu sevgini qazanır, artırır, yayır, özünü əzizlənmiş və azad hiss edir.
Gürcüstan həmişə qonaqların gəlişinə təmənnasız sevinib, indi isə onların müxtəlif faydalarını da anlayır. Qəbul etmə turizmi bizim iqtisadi ideyamıza çevrilir, miqrasiya qanunları getdikcə daha da liberallaşır. Və bu, indiki zamanın əsas pozitiv trendidir.
İctimai spektr nə qədər geniş və müxtəlif olarsa diktat bir o qədər uzaq olar. Buna çox inanmaq istərdim.
Dərc edilib: 20.05.2016