Qafqazda kim necə yaşayır?
2008-2009-cu il iqtisadi böhranından sonra böhrandan çıxmaq dövrü başladı – 2010-2013-cü illər, bu dövrdə Qafqaz regionu ölkələrinin iqtisadiyyatı orta hesabla 5% artdı.
2014-cü ildən vəziyyət yenidən mürəkkəbləşdi, bu da ilk növbədə, Rusiyanın Ukraynaya hücumu ilə izah edilir (bunun nəticəsində də Rusiyaya qarşı sanksiyalar tətbiq edilir). Vəziyyət neftin qiymətlərinin əhəmiyyətli dərəcədə azalması ilə daha da ağırlaşdı: regionun iki ölkəsinin – Rusiya və Azərbaycanın iqtisadiyyatı əhəmiyyətli dərəcədə neftin qiymətlərindən asılıdır.
Həmin dövrdə region ölkələrinin iqtisadi artımının orta templəri 1,7%-ə qədər azaldı.
Regionun bütün ölkələrinin milli valyutası da əməlli-başlı dəyərdən düşdü. İnflyasiyanın səviyyəsi artdı, dollar hesabı ilə adam başına gəlir azaldı.
Ölkələri bir-bir nəzərdən keçirək:
Gürcüstan
Son illər Gürcüstanda siyasi vəziyyət stabildir, seçkilər nisbətən dinc şəraitdə keçirilir. Düzdür, həmin dövrdə Qafqazın digər ölkələrində siyasi və iqtisadi vəziyyət çətin idi ki, bu da Gürcüstandakı vəziyyətə də birmənalı şəkildə neqativ təsir edib. Gürcüstanın kiçik açıq iqtisadiyyatı var, onun inkişafı əhəmiyyətli dərəcədə xarici sərmayələr, ticarət, turizm, xarici maliyyə daxilolmaları və yardımdan asılıdır. Beynəlxalq iqtisadi qloballaşma indeksində Gürcüstan 184 ölkə arasında 16-cı yer tutur. Bu o deməkdir ki, Gürcüstanın iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatında baş verən proseslərə qarşı çox həssasdır.
İqtisadi artım: 2010-2012-ci illərdə Gürcüstanın iqtisadiyyatı orta hesabla h6,6% artıb, 2013-2016-cı illərdə orta illik artım tempi 3,2%-ə qədər azalıb. 2016-cı ildə isə Gürcüstan iqtisadiyyatı cəmi 2,2% artıb. 2013-cü ildə iqtisadi artım tempinin zəifləməsi əsasən, hökumətin dəyişməsi və yeni hökumətin hansı yolu seçməsi ilə bağlı qeyri-müəyyənliklə əlaqədar olub. İnfrastruktur tikintisində də temp əhəmiyyətli dərəcədə azalıb.
Milli valyuta: 2014-cü ildən başlayaraq, regionun bütün ölkələrinə az və ya çox dərəcədə böhran öz təsirini göstərməyə başlayıb. Gürcüstanda vəziyyət xüsusiylə 2014-cü ilin axırlarından pisləşməyə başlayıb – əsas səbəb idxalın və xaricdən pul köçürmələrinin azalması oldu. Valyuta daxilolmalarının azalması larinin məzənnəsinə dərhal təsir etdi – 2015-ci ildən lari əməli-başlı ucuzlaşmağa başladı və 2016-cı ilin axırlarında 53% ucuzlaşdı.
İnflyasiya: 2015-2016- ci illərdə ölkədə inflyasiya göstəriciləri artdı. İstehlak məhsulu 7% bahalaşdı.
Adambaşına gəlir: Larinin dəyərinin düşməsi gəliri dollar hesabı ilə azaldır. 2014-cü ildə aparılan əhalinin siyahıya alınması göstərdi ki, Gürcüstanda 4,4 milyon deyil, 3,7 milyon nəfər yaşayır. Nəticədə dollar hesabı ilə illik adambaşına gəlir son illərdə faktiki olaraq dəyişməyib və 2016-cı ildə 3772 dollar təşkil edib. Alıcılıq qabiliyyəti (ABŞ və Gürcüstan arasında qiymət fərqini nəzərə almaqla) 10100 dollardır.
Borclar: Larinin dəyərdən düşməsi və daxili borcun artması nəticəsində Gürcüstanın dövlət borcu ümumi daxili məhsula (ÜDM) nisbətdə 42% artıb. Müqayisə üçün – 2013-cü ilin axırlarında borc ÜDM-a nisbətdə 35% təşkil edib.
İşsizliyin səviyyəsi: Rəsmi statistikaya əsasən, ölkədə işsizliyin səviyyəsi azalıb. 2015-ci ilin axırlarında işsizlik 12% təşkil edib, 2012-ci ildə isə 15% idi.
Azərbaycan
Neft-qaz sənayesi Azərbaycan iqtisadiyyatının 50%-ni təşkil edir, neft və qazın ixracı bütün ixracın həcminin təxminən 85%-ni təşkil edir.
İqtisadi artım: 2013-cü ildə Azərbaycan iqtisadiyyatının artımı 5,8% təşkil edib, 2014-2015-ci illərdə iqtisadi artımın orta tempi 2%-ə qədər azalıb. 2016-cı ildə isə Dünya Bankının məlumatlarına görə, ölkə iqtisadiyyatı təxminən 35 azalıb. Azərbaycan iqtisadiyyatının son illərdə zəifləməsi neftin qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.
Milli valyuta: Neft və qazın ixracının azalması ilə bağlı olaraq valyuta daxilolmalarının azalması Azərbaycan manatının əhəmiyyətli dərəcədə qiymətdən düşməsinə gətirib çıxardı. 2015-ci ilin fevral ayında Azərbaycanda manatın dollara faktiki olaraq fiksə edilmiş məzənnəsi varıydı, 1 dollar 0,78 manatıydı. Azərbaycanın Mərkəzi Bankının manatın məzənnəsini saxlamaq üçün təxminən 10 milyard dollar xərcləməsinə baxmayaraq (ümumi ehtiyat 15 milyard dollar təşkil edirdi), 2016-cı ilin axırlarında manat 131% azaldı və 1 dolların qiyməti indi 1,80 manatdır.
İnflyasiya: İnflyasiyanın səviyyəsi 2016-cı ildə 13%-ə çatdı.
Adambaşına gəlir: Manatın dəyərdən düşməsi və iqtisadiyyatın azalması adambaşına gəlirləri dollar hesabı ilə əhəmiyyətli dərəcədə azaltdı. 2014-cü ildə bu göstərici 8000 dollar təşkil edib, 2016-cı ildə isə artıq 3760 dollar idi.
Borclar: ÜDM-ya nisbətdə dövlət borcu 11%-dən 40%-ə qədər artıb.
İşsizliyin səviyyəsi: İşsizlik artmayıb, son 7 il ərzində işsizliyin səviyyəsi 6%-dən çox deyil.
Ermənistan
Ermənistanın əhəmiyyətli dərəcədə xarici sərmayələr, xarici maliyyə daxilolmaları və köçürmələrindən asılı olan kiçik iqtisadiyyatı var. 2015-ci ildən Ermənistan Avrasiya Birliyinin üzvüdür və deməli iqtisadiyyatı da əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Ermənistan ixracının 23%-i Rusiyanın payına düşür.
İqtisadi artım: 2010-2012-ci illərdə Ermənistan iqtisadiyyatı hər il 4,7% artıb, 2013-2016-cı illərdə orta illik iqtisadi artım tempi 3,1% azalıb. Dünya bankının ilkin məlumatlarına görə, 2016-cı ildə Ermənistan iqtisadiyyatı 2,4% artıb.
Milli valyuta: Rusiyadakı mürəkkəb iqtisadi vəziyyət böyük neqativ təsir göstərib. Düzdür, valyuta böhranı baxımından Ermənistan regionun digər ölkələri ilə müqayisədə daha az ziyan çəkib, erməni dramı cəmi 20% ucuzlaşıb.
İnflyasiya: İnflyasiya səviyyəsi artmayıb. 2016-cı ildə inflyasiya 1% təşkil edib.
Adambaşına gəlir: 2016-cı ildə adambaşına gəlir dollar hesabı ilə 2014-cü illə müqayisədə 7% azalıb və 3596 dollar təşkil edib. Alıcılıq qabiliyyəti isə 8880 dollardır.
Borclar: Dövlət büdcəsi defisiti dövlət borcu kimi artıb. 2012-ci ilin axırlarında dövlət borcu ÜDM-ya nisbətdə 36,5% təşkil edib, 2016-cı ilin axırlarında isə 51% azalıb.
İşsizlik: Ölkədə işsizliyin səviyyəsi artmayıb və 18% təşkil edib.
Türkiyə
Son illərdə Türkiyə ciddi problemlərlə qarşılaşıb. İlk növbədə, sayı artan terror aktlarını qeyd etməyə dəyər, çünki bu, Türkiyə iqtisadiyyatının vacib tərkib hissəsi olan turizmə çox böyük zərbə endirib. 2016-cı ildə Türkiyədə bu səbəbdən 2015-ci illə müqayisədə gəlirlər 30% azalıb. 2015-ci ildə iki dəfə parlament seçkiləri keçirilib, çünki birinci seçkilərin nəticələrinə görə koalisiya hökumətini formalaşdırmaq mümkün olmayıb. 2015-ci ilin axırlarında Rusiya-Türkiyə münasibətlərinin əməlli-başlı pisləşməsi Rusiya tərəfindən iqtisadi sanksiyaların tətbiq edilməsinə gətirib çıxardı, 2016-cı ilin yayında hərbi çevriliş cəhdi edildi. Suriya böhranına görə Türkiyəyə milyonlarla qaçqın girdi.
İqtisadi artım: Qeyd olunan siyasi problemlərə baxmayaraq, Türkiyə iqtisadiyyatı pozitiv artım tempini saxladı. 2010-2013-cü illərdə Türkiyə iqtisadiyyatı hər il orta 6,1% templə artıb, 2014-2016-cı illərdə bu göstərici 3,2%-ə qədər azalıb. Dünya Bankının ilkin məlumatlarına görə, 2016-cı ildə Türkiyə iqtisadiyyatı 2,5% artıb.
Milli valyuta: Son üç il ərzində türk lirası 67% ucuzlaşıb.
İnflyasiya: 2015-2016-cı illərdə inflyasiya tempi 9%-ə çatıb. Son 5 il ərzində istehlak malı və xidmətlərinin qiyməti lira ilə 46% artıb.
Adambaşına gəlir: Liranın dəyərdən düşməsi gəlirlərin dollar hesabı ilə azalmasına gətirib çıxardı. 2016-cı ildə adambaşına gəlir 9317 dollar təşkil etdi, halbuki 2013-cü ildə 10761 dollar idi. Adambaşına alıcılıq qabiliyyəti 21150 dollardır.
İşsizlik: İşsizliyin səviyyəsi artmadı və 10% səviyyəsində qaldı.
Borclar: Dövlət borcu azalmadı. 2012-ci ildə dövlət borcu ÜDM-ya nisbətdə 36%, 2016-cı ilin axırlarında isə 32% təşkil etdi.
Rusiya
Rusiya iqtisadiyyatında ciddi problemlər 2014-cü ildən başlayıb, bu da neftin qiymətlərinin kəskin şəkildə azalması və Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsinə cavab olaraq Qərb ölkələri tərəfindən ölkəyə qarşı sanksiya tətbiq etməsi ilə bağlı olub. Rusiya ixracının ümumi həcminin 60%-ni neft və qaz təchizi təşkil edir. Federal büdcənin 50%-i neft və qazın satışından alınan vəsaitlə doldurulur.
İqtisadi artım: 2010-2013-cü illərdə Rusiya iqtisadiyyatı orta hesabla 3,3% illik artım göstərib. 2014-cü ildə Rusiya iqtisadiyyatı 0,7% artıb. Ən çətin 2015-ci il oldu, bu zaman iqtisadiyyat 3,7% azalıb. Dünya Bankının ilkin məlumatlarına görə, 2016-cı ildə Rusiya iqtisadiyyatı 0,6% azalıb.
Milli valyuta: 2014-2016-cı illərdə Rusiya rublu 85% qiymətdən düşüb. Bu da Rusiya Mərkəzi Bankının rublu sabitləşdirmək üçün xarici valyuta ehtiyatlarını 148 milyard dollar (465 milyarddan 308 milyarda qədər) azaltması fonunda baş verib.
İnflyasiya: Son üç il ərzində orta illik inflyasiya 10% təşkil edib.
Adambaşına gəlir: Rublun dəyərdən düşməsi və iqtisadiyyatın azalması adambaşına gəlirin dollar hesabı ilə 57% azalmasına gətirib çıxardı. 2016-cı ildə hər sakinə gəlir 8838 dollar təşkil edib, 2013-cü ildə isə 15560 dollar olub. Adambaşına illik alıcılıq qabiliyyəti 26100 dollar təşkil edib. Qafqazda bu, ən zəngin ölkədir.
Borclar: Dövlət borcu 13%-dən 17%-ə qədər qalxıb.
İşsizlik: 2013-cü ildən sonra işsizlərin sayı təxminən yarım milyon adam artıb, işsizliyin səviyyəsi isə 6%-ə çatıb (5,5% idi).
Məqalənin müəllifi: Beso Namçavadze – Gürcüstanın islahatlar Assosiasiyasının baş iqtisadçısı, Azad Universitetin mühazirəçisi
Məqalə Beynəlxalq Valyuta Fondunun və Dünya bankının məlumatları əsasında hazırlanıb.
http://www.worldbank.org/en/publication/global-economic-prospects
http://www.imf.org/external/ns/cs.aspx?id=28