Qafqazda insan haqları: Amnesty International-ın gəldiyi nəticələr
Paylaşmaq
Paylaşmaq
Amnesty International nüfuzlu beynəlxalq insan haqları təşkilatı 2016-cı il üçün dünyada insan haqları ilə bağlı vəziyyətə dair illik hesabatını dərc edib. Cənubi Qafqaz ölkələri bu hesabatda belə görünür:
Azərbaycan
Ən axı 14 nəfər vicdan məhbusu barmaqlıqlar arxasında qalır. Öncəki illərdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalan hüquq müdafiə təşkilatları hələ də fəaliyyətlərini bərpa edə bilməyib. İşgəncə və qəddar davranışla bağlı, həmçinin hakimiyyət tənqidçilərinin əsassız həbsləri haqda çoxsaylı məlumat daxil olub.
Ermənistan
İyulda Ermənistan paytaxtı Yerevanda polis dinc nümayişləri dağıdarkən gücündən sui-istifadə edib. Yüzlərlə insan əsassız olaraq saxlanılıb. Çoxları xəsarət aldığını, saxlanılarkən və dustaq olduqları zaman döyüldüklərini və ya qəddar davranışa məruz qaldıqlarını bildirib.
Gürcüstan
Səs-küylü işlərlə bağlı hakimiyyətin xeyrinə olan bir sıra hökmlərdən sonra məhkəmələrin müstəqil olmaması ilə bağlı şübhələr və siyasi müdaxilə ilə bağlı narahatlıqlar israrla səslənməyə başladı. Polisdə işgəncələr və qəddar davranışla bağlı yeni faktlar haqda məlumatlar açıqlanıb. Qopmuş regionlar olan Abxaziya və Cənubi Osetiya ilə inzibati sərhədlərin möhkəmləndirilməsi işlərinin davam etməsi nəticəsində yerli sakinlərin öz iqtisadi və sosial haqlarını təmin etmək imkanları daha da məhdudlaşıb.
Postsovet ölkələrindən Ukrayna və Rusiya diqqət cəlb edir:
Ukrayna
Ukraynanın şərqində həm Ukrayna qoşunları, həm də rusiyapərəst separatçıların qüvvələri işgəncə kimi hərbi cinayətlər də daxil olmaqla beynəlxalq humanitar hüquq normalarını pozmalarına baxmayaraq, cəzasızlıqdan yararlanmaqda davam edib.
Rusiya
Güc strukturlarının Şimali Qafqazda həyata keçirdiyi əməliyyatlar zamanı ciddi insan haqları pozuntularına yol verildiyi haqda davamlı olaraq məlumatlar daxil olub. Çeçenistan hakimiyyətini tənqid edənlərə qeyri-dövlət subyektləri hücum edib, onlara qarşı cinayət işləri qaldırılıb, regiondakı vəziyyəti işıqlandıran hüquq müdafiəçiləri isə qeyri-dövlət subyektləri tərəfindən təqiblərə məruz qalıblar. Ölkənin hərbi qüvvələrinin Suriyada törətdiyi ehtimal olunan hərbi cinayətlərə görə Rusiya beynəlxalq aləmdə tənqid edilib. Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyəti, o cümlədən Ukraynanın şərqində və Krımda törədilmiş cinayətləri ilkin araşdırmasını davam etdirib. Rusiya sığınacaq istəyənlərin və qaçqınların haqlarını qorumayıb.
Amnesty International-ın 2016-cı ilə olan məlumatına görə, ümumilikdə:
– ən azı 23 ölkədə hərbi cinayətlər törədilib
– qaçqınlar 36 ölkədən qanunsuz olaraq deportasiya edilib
– 22 ölkədə insan haqlarını müdafiə edən insanlar qətl edilib