Qafanın azərbaycanlı izləri
Qafanın 60 yaşlı sakini Eduard Movsisyan – Şqarşik qəsəbəsində azərbaycanlı qəbiristanlığının özünəməxsus qoruyucusudur. O, qəbiristanlığın çəpərini heç kəsin dağıtmamasına, içəri heyvanların girməməsinə, qəbir daşlarının salamat qalmasına çalışır.
Yerevandan 320 km aralıda yerləşən Şqarşik hazırda Qafan şəhərinin – Süninsk vilayətininrayon mərkəzinin ərazisinə daxildir. Vaxtilə Qafan ətrafında azərbaycanlılar yaşayıb, onlar bu əraziləri Qarabağ münaqişəsi baş qaldırandan sonra tərk ediblər. Kvartalın keçmiş və indiki sakinləri bir-birini heç vaxt görməyib. Buda 50-60-a yaxın ev 1988-89-cu illərdə Şqarşiki tərk edən azərbaycanlılara məxsus olub, 1990-cı illərdə isə burda Sumqayıtdan və Bakıdan qaçan ermənilər məskunlaşıb.
Eduard 18 il əvvəl Şqarşikdə azərbaycanlı qəbiristanlığının yaxınlığında yerləşən, torpaq sahəsi ilə birgə evə sahib olub.
Qəbiristanlıq və qəbirdaşları salamatdır, çox yerdə ot biçilib və yalnız ən çətin keçilən sahələri kolluq və akasiya basıb.
“ Evin yaxınlığındakı qəbir çəpərlənmişdi, mən də bu sahədən göz-qulaq olmağa başladım. Otu biçirdim, qışda yandırmaq üçün çır-çırpı yığırdım. Bir dəfə biz qəbiristanlığı basmış otluğu və kolları təmizlədik, amma onlar bir az da böyüyüb başımıza bəla oldu”, – Eduard danışır.
“ Mən bu qəbirlərin kimə məxsus olduğunu bilmirəm, onlara hələ ki heç kəs baş çəkməyib. Mən xristianam, özgə qəbirləri məhv etməyə əlim qalxmaz. Əgər mərhumların qohumları nə vaxtsa onlara baş çəkmək istəyərlərsə, mən etiraz etməyəcəm, hətta onları qəhvəyə qonaq edəcəm və əgər onlar yaxşı adam olarlarsa, evimin açarını da verəcəm, qoy bir-iki gün qonaq qalsınlar”, – Eduard deyir və əlavə edir ki, nə qədər onun evi burdadır, qəbiristanlıq salamat qalacaq.
Eduard özü qaçqın deyil və ailədə evə pul gətirən yeganə adamdır, taksi sürməklə qazanır.
O, Qafanda yaşayır, amma bağı suvarmaq və məhsulu yığmaq üçün həftədə bir dəfə bura gəlir. Sahibi burda olmadığı müddətdə evdən və torpaq sahəsindən Çalo adlı köpəyi göz-qulaq olur.
Azərbaycanlılar Şqarşiki və Qafan rayonunun digər kəndlərini 1988-ci ildə, Qarabağ münaqişəsi inkişaf etdikcə, iki xalq arasında gərginlik artdıqca tərk etməyə başlayıb.
Vaxtilə kənd statusu olan və Şek adlanan Şqarşikdə 1990-cı ldə qırx yeddi erməni qaçqın ailəsi məskunlaşıb.
Bu gün burda 200 adam yaşayır və 46 evdən yalnız 10-u qaçqın ailəsinə məxsusdur, yerdə qalanlar Qafan şəhərinin müxtəlif rayonlarından köçüb.
Şaen Babayans, Qafan icmasının Şqarşik kvartalının səlahiyyətli nümayəndəsi buranın ilk sakinlərindəndir. Babayans Bakıda doğulub və orda boya-başa çatıb.
“Sinfimizdə 35 şagirddən 20-si erməni idi. Biz azərbaycanlılarla dost idik, onda heç kəs ermənilərlə azərbaycanlılar arasında fərq qoymurdu. Mənim Azərbaycandakı sinif yoldaşlarım indi Amerikada və Rusiyada yaşayır. Mən 2001-ci ildə Bostona oxumağa gedəndə orda sinif yoldaşım Nazimlə görüşdük, ötən günləri xatırladıq”, – Babayans danışır.
Dediyinə görə, bu evlərin ailələrə mülkiyyət hüququ ilə verilməsi üçün qaçqınların qol çəkdikləri yazılı ərizələrlə müxtəlif məmurların qapılarını çox döyməli olublar.
“1993-cü ldə evlər torpaq sahələri ilə birgə, hökumətin uyğun qərarına əsasən, burda yaşayan qaçqınlara müftə verilib”, – Babayans qeyd edir.
Kvartalın digər sakini, 51 yaşlı Artur Abramyan 1989-cu ildə Bakıdakı hər cür şəraiti olan üç otaqlı mənzilini tərk edib və burda, divarları dağılmış, ən elementar şəraiti belə olmayan birmərtəbəli evdə məskunlaşmaq məcburiyyətində qalıb.
Onların köhnə evləri hər ötən gün bir az da dağılır. Vaxtilə yataq otağı olan otaq çoxdan yararsız vəziyyətə düşüb.
“Nə vaxtsa bu cür şəraitdə yaşayacağımızı ağlımın ucundan belə keçirməzdim. Evdə əvvəllər heç vanna otağı və tualet də yox idi, normal məişət şəraitindən söhbət belə gedə bilməz. Dövlət dəstəyi yoxdur, hər kəs bacardığı kimi ötüşür. Bir neçə il əvvəl “Oksfam”dan aldığımız pul hesabına balaca bir otaq tikdik, bir neçə baş mal-qara və meyvə ağacları aldıq, bir babat yaşamağa başladıq”, – 16 yaşında Azərbaycanın Sumqayıt şəhərində ailəsi ilə birgə Ermənistana qaçan, vaxtilə rəssam-dizayner olmağı arzulayan Raisa Abramyan deyir.
“Oksfam” Britaniya xeyriyyə təşkilatı qəsəbədə bir sıra humanitar layihə reallaşdırıb. 1996-cı ildə bu layihələrdən birinin sayəsində Şqarşiki içməli su ilə təchiz etmək mümkün olub.
Burda elə bütün Qafan rayonunda olduğu kimi işsizlik əsas problem olaraq qalır.
“Biz meşəyə getmək, göyərti, böyürtkən, zoğal yığmaq və bu məhsulları saat səkkizədək şəhərə çatıb satmaq üçün səhər saat beşdə dururuq. Günü zorla başa vururuq, qışa heç cür heç nə saxlaya bilmirik”, – Artur Abramyan danışır.
Burda əvvəllər yaşayan azərbaycanlılar əsasən maldarlıqla məşğul oublar.
“ Biz mal saxlamağa cəhd etmişik, amma onların hamısını ilan çalıb, burda ilanlar çoxdur…”, – ailəsini saxlamaq üçün heç cür uyğun iş tapa bilməyən ailə başçısı əlavə edir.
“Bir neçə yerdə gözətçi işləmişəm, amma aldığım maaş hətta ən cüzi tələbatımıza belə çatmayıb”, – Abramyan deyir.
Ondan fərqli olaraq, ixtisasca maliyyəçi olan Şaen Babayans Ermənistanda karyera pilləsində uğurla yüksəlməyə başlayıb. O, həmçinin tibbi və hüquq təhsili alıb və indi Qafan bələdiyyəsində təhlükəsizlik məsələləri üzrə məsul işçidir.
Babayans eyni zamanda Süninsk vilayətinin karate federasiyasına rəhbərlik edir, 2004-cü ildənsə Sünik Səhiyyə Fondunun direktorudur.
Dediyinə görə, ailəsi burda təzə-təzə məskunlaşanda bu rayonda çoxlu azərbaycanlı qəbri vardı.
“Müharibə illərində Arsaxda onlarla qəbirdaşı bombardman zamanı məhv olub. Biz sakinlər yığışıb onlarla salamat qalmış qəbri qorumaq qərarına gəldik, halbuki erməni qəbirlərinin Azərbaycanda məhv olduğunu bilirdik”.
Şqarşikin mərkəzində həmçinin İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərə ucaldılmış abidə salamat qalıb. Abidədə rus hərfləri ilə otuza yaxın azərbaycanlının – həmin illərdə cəbhədə həlak olmuş kənd sakinlərinin ad və soyadları həkk edilib.
Vilayətdə İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlılara ucaldılmış üç abidə – Şaqarşikdə, Sisian rayonunun Arevis kəndində və Meğri rayonunun Leqvaz kəndindəki abidə salamat qalıb, Süninsk vilayət xidmətinin tarixi mühit və tarixi-mədəni muzey-qoruqların mühafizə rəisi Aram Davtyan danışır.
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.