Qadınlar və intihar
Ən adi yaz günlərindən birində 20 yaşlı qız çoxmərtəbəli binanın damına çıxıb, özünü atır.
Sonradan bakılılar bu hadisəni müzakirə edəndə deyirdilər ki, ailəsi bu qızı məcburi olaraq ərə vermək istəyirmiş, onun intiharına səbəb də bu imiş. Onun ailəsi və yaxınları bu haqda danışmaq istəməsələr də, onların fikrincə qızın izdivacla bağlı olmayan psixoloji problemləri varmış. Psixoloqlar isə bu, intihara gətirən psixoloji problemlərin kökündə “gender diskriminasiyasının durduğunu deyirlər.
12 aprel 2016-cı ildə faciənin baş verdiyi bina
Yoxsulluq bərabərliyə qarşı
Azərbaycanda artıq illərdir gender problemlərini həll etmək üzərində işləyən çoxlu sayda hökumət və qeyri-hökumət təşkilatları var. Maarifləndirici layihələr işlənib hazırlanıb və tətbiq olunub, hətta elmi tədqiqatlar da aparılıb. Cinslərin sosial bərabərliyi haqda maddə özünü milli qanunvericilikdə də tapıb.
Azərbaycanda “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT-nin Konvensiyası 1995-ci ildə ratifikasiya edilib. 2009-cu ildə “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi tərəfindən monitorinq aparılıb və monitorinq əsasında hazırlanmış alternativ hesabat hazırlanıb. Orada deyilir: “Tədqiqatlar göstərir ki, cəmiyyətdə gender stereotiplərinin əməlli-başlı kök saldığına görə, qadınların vəziyyətinin kişilərlə bərabərləşməsi tendensiyası haqqında danışmaq hələ çox tezdir. Gender stereotipi bir çox amillər üzrə ictimai və iqtisadi inkişaf prosesini hələ də idarə etməkdədir. Hərçənd, bəzən qadınlar iqtisadiyyat sahəsində kiçik mövqeləri tutmağa cəhd göstərirlər, amma bu halda da onların fəaliyyəti ətalətli xarakter daşıyır.
Bütün bunlar ümumi yoxsulluq və kasıb məişət kontekstində baş verir, hesabatda deyilir:
“Respondentlərin əksəriyyəti hesab edir ki, ağır yoxsulluq şəraitində yalnız gündəlik maddi problemləri həll etmək lazımdır. Həm kişilər, həm də qadınlar ənənəvi-patriarxal cəmiyyətin normalarına riayət edirlər, bu isə hətta ən aktiv qadınların fəaliyyətini çətinləşdirir.
Qadın qadını dəstəkləmir
Psixoloq Vəfa Əkbər hesab edir ki, “söhbət bir ailədə qadına olan zorakılıqdan gedirsə, bunun başlıca səbəbi o qadının, başqa qadın tərəfindən dəstəklənməməsindən qaynaqlanır. Çünki bir ailədə bir qız uşağı böyüyürsə, onun ən yaxın rəfiqəsi öz anası olmalıdır. Əslində isə ana ilə qızı arasında bir uçurum var.
“Bu uçurum nədən yaranır?” – psixoloq Vəfa Əkbər sual edir və özü də cavabını verir:
“Ana daim evdə üstünlüyünü, dominantlığını göstərmək istəyir. Bununla da sanki demək istəyir ki, mən böyüyəm, ana ilə qızın münasibətində məsafəli davranmaq və anaya hörmət etmək gərəkdir. Bir növ bu hörmət artıq qibtəyə gəlib çıxır”.
12 yaşında ərə getmək?
Azərbaycanda qadın hüquqlarının ən köbud pozuntusu erkən nigahlar sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi yalnız könüllü əsaslarla nigah bağlanmasını nəzərdə tutur. Azərbaycan Respublikasının 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqda qanununa (maddə 1) və 1992-ci ildə Azərbaycan tərəfindən ratifikasiya edilmiş “Uşaq Hüququ üzrə Konvensiyaya (maddə 1) əsasən, 18 yaşı tamam olmamış şəxslər uşaq sayılır və bu səbəbdən nigah əlaqələrinə cəlb edilə bilməz.
Lakin bunlara rəğmən ölkədə çoxlu sayda erkən dini nigah bağlanmaları faktlarına da rast gəlmək mümkündür. Bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları bildirirlər ki, respublikada 10 mindən çox erkən nigah qeydiyyatdan keçib və onların sayı ildən ilə artır. Xüsusilə böyük artım Azərbaycanın cənub bölgələrində qeydə alınıb – burada 12-16 yaş arasında olan qızların erkən nigah hallarının sürətlə artması müşahidə olunur. Ən çox belə hallara Cəlilabad və Masallı rayonlarında rast gəlinir. Bir qayda olaraq, gənc gəlinlər ancaq uşaqlıqlarından deyil, həm də təhsildən məhrum olurlar – adətən onlar ancaq ibtidai sinifləri bitirirlər.
Qadınların vəziyyəti – son 100 il ərzində nələr dəyişib?
Tarixən sərt gender qayda-qanunlarının hökm sürdüyü Azərbaycan cəmiyyətində qadınlar əvvəlcə ata evində, nigah yaşı çatandan sonra isə ər evində qalmalı idilər. Yəni tarixən Azərbaycan qadınının ailədən kənarda nə həyatı, nə də mülkiyyəti varıydı və evlilik onlar üçün yeganə vəsait mənbəyi idi. Axı yalnız o, qadınların evlə təmin olunmasına şərait yaradır, onlara mülk, sosial-iqtisadi müdafiə verir, dünyaya uşaq gətirmək üçün imkan yaradırdı.
Son yüz ildə vəziyyətin o qədər də dəyişdiyini demək olmaz və Azərbaycan cəmiyyəti indi də bu mövzulara qapalı olaraq qalır. Erkən nigah problemi də kifayət qədər qapalıdır və onun ictimai müzakirəsi hansısa böyük nəticələrə gətirib çıxarmır.
Hazırda rəsmi statistika, dövlət xidməti olan Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) İdarəsində qeydə alınmış nigahların və boşanmaların hesabatını aparır. Vətəndaşların nigah vəziyyətinin qeydə alınmasının yalnız bu forması hüquqi qüvvəyə malikdir. Yetkinlik yaşına çatmamış qızların məcburi şəkildə nigaha cəlb olunması, onların özləri istisna olmaqla, bu prosesin bütün iştirakçılarının cinayəti kimi qiymətləndirilir. Buna görə də erkən nigah hallarının aşkara çıxarılması çətinləşir. Regionlarda bu mövzu isə təəssüf ki, lap aktualdır, belə ki, lap bu yaxınlarda Əziz Elxanoğlunun verdiyi məlumata görə, Azərbaycanın Oğuz rayonunda 14 yaşlı bir qızı nişanlamışdılar.
Oğlan övladının üstünlüyü fenomeni
“Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, “Azərbaycanda oğlan övladının üstünlüyü fenomeni var.
“Elə bu faktorun özü həyəcan təbilini çalmaq üçün böyük bir əsasdır. Qadınlara qarşı münasibət, qız övladına qarşı konkret neqativ münasibət də məhz burdan doğur. Bu məsələni ipucu kimi götürsək, ardınca gələn bu zəncirin bütün halqalarını, fəsadlarını görəcəyik.”
Şəhla İsmayılın sözlərinə görə, problemin səbəb və fəsadlarına həm təhsil problemləri və ümumiyyətlə, cəmiyyətin dərin məsuliyyəti aiddir.
“Ümumiyyətlə, qadının özünü reallaşdırması üçün Azərbaycanda müəyyən baryerlər və maneələr mövcuddur. Bu da qadınların cəmiyyətdə həm siyasi, həm iqtisadi, həm də sosial iştirakçılığının qarşısını alır. Biz öz fəaliyyətimizdə bir çox mənfi fenomenlərlə qarşılaşırıq, misal üçün intihar fenomeni ilə tez-tez rastlaşırıq. Qadınlar intihara, deyək ki, bütün başqa çarələr tükəndikdən sonra, çarəsizlikdən ən son anda əl atırlar.
Sual olunur ki, niyə bu çarələr tükənir? Niyə qadın nə ailədə, nə cəmiyyətdə, nə də dövlətdə dəstək tapmır?”
İntihar həddinə çatdırma əslində qanunla cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, “təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Səbəblər araşdırılmalıdır
Uzun müddət Qadın Krizis Mərkəzində psixoloq kimi fəaliyyət göstərən Azad İsizadə hesab edir ki, əsas risk qrupları yeniyetmələr və yaşlı insanlardır. Bu, risk qruplarıdır və onlar daimi öyrənilməlidir: “Məktəblərə, valideynlərə, müvafiq instansiyalara, ta profilli nazirliklərə qədər bilgilər verilməli, tövsiyələr çatdırılmalıdır. Bir sözlə, qabaqlayıcı tədbirlər görülməlidir.
Amma qabaqlayıcı tədbirlər sistemi yoxdur:
“Biz ancaq nəticələrə qarşı mübarizə aparırıq. Əgər intihar edən sağ qalarsa, onda izah edirik ki, bunu etmək olmaz.
Azad İsazadə bildirir ki, “ümumiyyətlə, intihar Şərq insanı üçün xarakterik deyil. Ona görə də intiharların sayının artması narahatedicidir. Burada yaş qrupundan əlavə, həm qadınların, həm də kişilərin intihar səbəbləri öyrənilməlidir. Bunu tam şəkildə öyrənə bilmədən ona qarşı mübarizə effektsiz olacaq.
Dərc edilib: 4.06.2016
Üz qabığında şəkil: Meydan TV