Qadağan olunmuş əyləncə 9 fotoda: Azərbaycanda xoruz döyüşləri
Azərbaycanda xoruz döyüşləri ənənə hesab olunur. Məsələn, qədim zamanlarda bahar gecə-gündüz bərabərliyinin qeyd edildiyi Novruz bayramı xoruz döyüşləri olmadan keçirilməzdi. Hələ on il əvvələ qədər Bakı qəsəbələrində – şəhərin kənarında xoruz döyüşləri üçün xüsusi meydanlar vardı, üzərinə qumar oynanan bu yarışlar açıq keçirilirdi.
Azərbaycandakı heyvan haqları müdafiəçiləri xoruz döyüşlərini həmişə qəddar və qeyri-insani məşğuliyyət hesab ediblər; təxminən yeddi il əvvəl bu döyüşlərin qadağan olunmasında da onların müdaxiləsinin rolu olub. İndi bu əyləncə iştirakçılarını cərimə gözləyir.
Özünəməxsus “idman”ın həvəskarları təslim olmurlar, döyüşləri gizlin yerlərdə əlaltından keçirirlər, həm də pul uduşu olmadan. Belə döyüşlər yalnız bayramda yox, xoruz sahiblərinin öz aralarında razılaşması ilə adi günlərdə də keçirilir. Əyləncə xüsusən bayram günlərində çox populyardır. Amma azarkeşlər qanunla problem yaşamamaq üçün qətiyyən kadrlara düşmək istəmirlər.
Foto Bakı mərkəzindən yarım saatlıq məsafədə yerləşən Biləcəri qəsəbəsində çəkilib.
Rauf artıq 20 ildir ki, xoruz döyüşlərinə aludədir. O deyir ki, son illərdə onlara qarşı maraq xeyli azalıb. Səbəb bu ənənənin qadağan olunması və ümumiyyətlə zamanla unudulması ilə bağlıdır.
Bu döyüşçü xoruzun adı Cekridir. Sahibi deyir ki, onu ilk xoruzunun şərəfinə belə adlandırıb. Cekri 18 aylıqdır, çəkisi isə 4.5 kiloqramdır. Rauf zarafata salıb deyir ki, bəzən özü yeyib-içmir, amma xoruzunu bəsləyir, təki döyüşdə sahibinin üzünü qara çıxarmasın.
Xoruz döyüşləri xüsusi meydanlarda keçirilir. Meydan qum və ya torpaq olmalıdır ki, xoruzlar əsas silahlarını – dırnaqlarını zədələməsin.
Döyüş ərəfəsində xoruzların çəkisi, yaşı və boyu müqayisə olunur ki, rəqib cütlükləri seçə bilsinlər. Xoruzlar bütün parametrlər üzrə tam uyğun olmalıdırlar, yoxsa döyüş baş tutmayacaq. Buna azarkeşlər arasından seçilən hakim nəzarət edir.
Döyüşdən əvəl xoruzun ayaqları və bədəni masaj edilir. Döyüş iyirmi dəqiqədən iki saata qədər davam edə bilər. Uzun döyüş zamanı fasilələr verilir, xoruzların ayaqları, başı yuyulur.
Huşsuz yerə sərilən və ya meydandan qaçan xoruz məğlub elan edilir. Digəri isə müvafiq olaraq qələbə qazanmış olur. Əgər xoruzlardan heç biri iki saat ərzində məğlub olmayıbsa, heç-heçə elan edilir.
Döyüşdə xəsarət alan xoruzları xüsusi yağlar və dərmanlarla müalicə edirlər. Əgər xoruz məğlub olubsa, sahibi onu uzun müddət meydana çıxarmır, qalib xoruzlar isə hər döyüşdə boy göstərir.
Bugünkü döyüş Cekrinin qələbəsi ilə başa çatıb.