Qaçqınlar şəhəri
Gürcüstanda 260 mindən çox məcburi köçkün var. Belə kiçik ölkə üçün bu, böyük rəqəmdir: əhalinin düz 6 faizi müharibədən qaçmağa və həyatını sıfırdan başlamağa məcbur olub.
Gürcüstanda bunun necə baş verdiyini yaxşı xatırlayırlar – qaçqınları panika içində və qaç-qaçaqla yeni mənzillərə yerləşdirirdilər.
Kompakt həyat
Mehmanxana və ya yataqxana otağı müvəqqəti məskən olmalıydı. Amma qaçqınların böyük əksəriyyəti on illərlə belə məskənlərdə yaşayıblar; bir çoxları üçün isə bu müvəqqəti sığınacaq onların həmişəlik evinə çevrildi.
“Bura gələndə bizim heç nəyimiz yoxuydu. Ümumiyyətlə heç nəyimiz! Yoldaşım bir dəfə zibillikdən çəngəl tapıb, evə gətirdi, – Mziya Kardava danışır.
Mziyanın evi Gürcüstanın qərbindəki kiçik qəsəbədə çoxlu sayda yataqxanalardan birinin otağıdır.
Potsxoetseri qəsəbəsini hərdən “qaçqınlar şəhəri də adlandırırlar. Qonaqlara elə gəlir ki, burada ancaq köçkünlər yaşayır, əslində isə onlar qəsəbə əhlinin təxminən üçdə birini təşkil edirlər. Sadəcə onlar daha çox nəzərə çarpırlar.
Burada məktəb, uşaq bağçası, poliklinika da var. Yerli sakinlər arasında ən tədbirli olanlar nisyə mal satan balaca mağazalar açırlar. Nisyəsiz Potsxoetseridə yaşamaq mümkün deyil.
“Biz ay ərzində sanki hər şeyi pulsuz götürürük, satıcı sadəcə alınan malları və qiymətləri xüsusi dəftərində qeyd edir. Sonra da maddi yardım alanda, borcumuzu ödəyirik.
Gürcüstanda məcburi köçkünün maddi yardımı 45 lari, yəni 20 dollar təşkil edir. Potsxoetseridə qiymətlər Tbilisidəki qiymətlərdən geri qalmır, buna görə də çox şey almaq olmur.
“Qaçqınlar şəhəri boşalır
Potsxoetseri həm gürcü, həm də abxaz tərəfinin istismar etdiyi İnquri su elektrik stansiyası işçiləri üçün tikilib.
SES hələ də qəsəbə sakinlərini işlə təmin edən əsas yer olaraq qalır. Amma yataqxana sakinləri arasında daimi işlə təmin olunanlar çox azdır. Heç olmasa bir üzvü işləyən ailələr bəxtəvər sayılır.
Qaçqın yardımından başqa Potsxoetseridə bir çoxları yoxsulluq həddində yaşadıqları üçün dövlətdən əlavə yardım da alırlar. Bu yardımın həcmi 60 laridir (30 dollara yaxın). Ən “imkanlıları 160 lari pensiya da alırlar.
Dövlət tərəfindən verilən bu kiçik yardımlar yataqxana sakinlərinin böyük əksəriyyəti üçün yeganə gəlir mənbəyidir.
Potsxoetseridə daimi iş tapmaq demək olar ki, mümkün deyil, hətta mövsümi işlər də burada nadir haldır. Məhz bu səbəbdən də bir çoxları qəsəbədən köçüb.
Əslində bir çoxları da yox, əksər sakinlər. Potsxoetseridə əvvəlcə təxminən 250 ailə məskunlaşdırdılar, indi isə onlardan ancaq 80 ailə qalıb. İnsanlar artıq öz yurdları saydığı evləri qoyub gedirlər.
Gürcüstanda əksər vaxtlarda belə olub: köçkünlər on ilə yaxın müvəqqəti yaşayış yerlərində yaşayıb və ancaq bundan sonra dövlət ayılıb, nəhayət onlara mənzil verib. Keçmiş uşaq bağçasında və ya keçmiş poliklinikada otağı özəlləşdirmək heç də hamıya nəsib olmadı, “qaçqınların böyük hissəsi dövlətdən başqa bir təklif aldı. Bürokratik dildə bu, “alternativ mənzillə təmin etmək adlanır, amma bunu aydın olan dilə tərcümə etsək, bu “başqa yerə köçürməkdir. Adətən şəhərdən əyalətə köçürürdülər, bununla da iş tapmaq şansı sıfıra enirdi.
Bu, qaçqınların əsas narazılıqlarından biridir.
Gözdən uzaq
“Əslində, bizi sadəcə gözdən uzaq yerə göndərmək istəyirlər, – Qalina Sulava danışır. Bir vaxtlar onun evi Qaqra şəhəri, sonra Potsxoetseridəki yataqxana olub, son 7 il ərzində isə o, Tbilisidə mənzil kirayələyir.
“Bizi sadəcə mümkün qədər uzağa göndərirlər ki, gözlərinin qarşısında olmayaq və heç kimi narahat eləmir, biz acından öləcəyik, ya qalacağıq. Qaçqını sadəcə 8 kvadrat metr sahəsi olan otağa atırlar və bu otaqda uşaqlarımızın qarnını necə doyduracağımız heç kimi maraqlandırmır.
Gürcüstanda məcburi köçkünlərin problemləri ilə məşğul olan xüsusi nazirlik var. “Kompakt məskənlərə jurnalistlər gələndə, köçkünlər arasına əksər vaxtlarda “qaçqın nazirlərindən hansının daha pis işləməsi ilə bağlı mübahisələr düşür. Vahid bir fikrə gəlmək demək olar ki, mümkün olmur.
Gürcü mediası maddi yardım və ya məskunlaşma barədə söhbət düşəndə məcburi köçkünlərlə iş üzrə nazirliyin adını çəkirlər. Maddi yardımın həcmi son illərdə bir neçə dəfə artıb – amma bu məbləğ hələ də simvolik bir məbləğ olaraq qalır. Yerləşdirmə ilə bağlı vəziyyət də təxminən bu cürdür: “qaçqınlara ev versələr də bu evlərdə heç də hamı yaşaya bilməyəcək.
Diqqət yetirmək
“Analar bayramında qəsəbəyə hədiyyələr gətirdilər. Sizcə, neçə hədiyyə varıydı? Üç! Elə bil bizdə ancaq üç ana yaşayır, – Nadejda adlı yerli sakin danışır.
İş onda deyil ki, hədiyyələrdə qənaət etmək istəyiblər, bu bəlkə də elə ağır gəlməzdi, sadəcə məmurların növbəti dəfə elementar diqqət göstərməyə əli çatmadı.
Potsxoetseridə köçkünlərə qarşı diqqətsizlik özünü həm də onda büruzə verir ki, qəsəbədən qonşu Cvari şəhərciyinə ictimai nəqliyyat həftədə ancaq üç dəfə gedir. Ən yaxın aptek isə Cvaridə yerləşir, yəni ora getmək ehtiyacı qəflətən də yarana bilər.
Yerli sakinlər regional hakimiyyətə dəfələrlə vəziyyəti başa saldıqlarını deyiblər, onlar isə ancaq əl yelləyir: sizdə əhali elə çox sayda deyil ki, hər gün avtobuslar gəlib-getsin.
“Qaçqınlar şəhərinin yerləşdiyi Sameqrelo regionu Abxaziyaya birləşir, buna görə də gürcü-abxaz münaqişəsi zamanı və dərhal ondan sonra köçkünlərin ilk dalğası məhz bura gəlib. Hazırda bu regionda məcburi köçkünlərin ümumi sayının təxminən 30 faizi yaşayır.
Dərc edilib: 23.05.2016