“Kənardan kiçik təkanla Bidzina İvanişvili rejimi devrilə bilər”. Bakıdan baxış
Qabil Hüseynlinin müsahibəsi
“Kənardan kiçik bir təkan Bidzina İvanişvilinin rejiminin devrilməsinə səbəb ola bilər. Bu zaman Gürcüstan yenidən demokratik ölkələr sırasına qayıda, hətta Mixail Saakaşvilinin yenidən prezident seçilmə məsələsi də gündəmə gələ bilər”
Bu sözləri Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli iki gün sonra Gürcüstanda baş tutacaq parlament seçkilərini şərh edərkən deyib.
Politoloq “AzPolitika”ya müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yaxın olduğunu da deyib. O, həmçinin Yaxın Şərqdə baş verən qarşıdurmalar, Rusiya–Ukrayna müharibəsinin gedişatı, qonşu dövlətlərdə cərəyan edən hadisələr, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.
- Bakı yollarında yeni çəkilən avtobus zolaqları ictimai nəqliyyatın işini niyə rahatlaşdırmır?
- İntensiv yağışlar Bakı və regionlarda həyatı iflic edib
- “Gürcü arzusu” seçki kampaniyasında ərazi bütövlüyü mövzusundan necə istifadə edir?
Yaxın Şərqdə cərəyan edən hadisələr haqda
Qabil Hüseynli hesab edir ki, hazırda İran təşəbbüsü ələ almış kimi görünür. Onun fikrincə, son zamanlar döyüşlərin quru müstəvidə aparılacağına dair səsləndirilən fikirlər reallaşarsa, İranın quru qoşunları İsrailin azsaylı ordusunu asanlıqla məğlub edə bilər.
“Amma Aralıq dənizində dayanan ABŞ strateji bombardmançı təyyarələrini daşıyan gəmilər və Hörmüz boğazındakı digər hərbi gəmilər İran üçün ağır psixoloji təzyiq yaradır və İslam Respublikasını ehtiyatlı hərəkət etməyə məcbur edir. Ən azından bir-iki ərəb dövləti bu məsələdə İrana dəstək versə, İsrailin imkanları azalar, qüvvələr nisbəti də kəskin surətdə İranın lehinə dəyişə bilər”.
“Yaxın dövrdə regionda hansı proseslər izlənilə bilər?” sualının cavabında politoloq İsrailin dron əməliyyatlarına üstünlük verəcəyi ehtimalını səsləndirib:
“Bundan başqa İranın neftayırma zavodlarını vurmaqla bağlı planlar hazırlanıb. İsrail bu hərəkətləri ilə bölgəni daha da qızışdıra, irimiqyaslı qarşıdurmaya səbəb ola bilər. İsrail bizim müttəfqimiz olsa da, gərək biz bu məsələdə obyektiv mövqe ortaya qoyaq. Çünki İsrail 38 min fələstinlini, Livanda isə 8-10 min nəfəri öldürüb. Bu, sözün həqiqi mənasında dəhşət doğurur.
İsrailə dəstək verən ABŞ və bəzi Avropa ölkələridir. İsrail təkbaşına qalsa, onu hətta kiçik Livan qüvvələri də yerində oturda bilər. Amma biz görürük ki, beynəlxalq hüquq normaları ayaqlar altına atılıb. ABŞ zərrə qədər bu normalara diqqət yetirmir. Hər vasitə ilə İsraili ən müasir silahlarla təmin edir. Ən qəribəsi də budur ki, ABŞ “F-35” təyyarələrinin hazırlanmasına maliyyə vəsaiti sərf edən Türkiyəyə bu təyyarələri vermədiyi halda, İsrailə pulsuz göndərir”.
Hüseynli onu da vurğulayır ki, dünyadakı bu haqsızlıq, beynəlxalq hüquq normalarının heçə sayması, bölgədə gərginlyin artırılması İsraili yeni torpaqların işğalına daha da həvəsləndirir. Onun sözlərinə görə, İsrail 1947-ci ildən ərazilərini genişləndirmək, yeni əraziləri öz tabeçiliyinə keçirmək xətti tutub.
“İndi də İsrail mətbuatında “Böyük İsrail” layihəsinin təbliğinə başlanılıb. Burada Türkiyəyə qarşı da ərazi iddiaları var. Ortaya atılan bu cür sərsəm fikirlər bölgəyə müsbət heç nə vəd etmir”.
İran-Rusiya münasibətləri haqda
Qabil Hüseynli son zamanlar İran və Rusiya münasibətlərində müşahidə edilən yaxınlaşmanın regionda güc balansına necə təsir edə biləcəyinə dair suala belə cavab verib:
“İran-Rusiya münasibətləri çoxdan az qala müttəfiqlik səviyyəsinə çatıb. Bu münasibətlər hər zaman inkişaf edir. Bu yaxınlarda Pezeşkianla Putinin görüşündə də bu məsələlər müzakirə edildi. Ümumiyyətlə götürdükdə, Rusiyanın İsrailə qarşı münasibəti hər zaman mənfi olub.
Ərəb-İsrial müharibəsində də Sovet İttifaqının dəstəyi nəticəsində ABŞ-dən yardım alan İsrailin bölgədə üstünlüyü ələ keçirməsinin qarşısı alınıb. Rusiya indi də İranla əməkdaşlıq edir, hərbi yardımlarını bu ölkədən əsirgəmir. İrana hava hücumundan müdafiə sistemləri, strateji qırıcı təyyarələr verilir. Bu da İranın hərbi imkanlarını gücləndirir”.
İran-Azərbaycan münasibətləri haqda
“Düşünürəm ki, Pezeşkianın (İranın etnik azərbaycanlı olan yeni prezidenti – red.) dövründə İran-Azərbaycan münasibətləri daha yaxşı olacaq. Əvvəla, burada Rusiyanın da iştirakının müəyyən əhəmiyyəti var. Şimal-Cənub quru yolu və dəmiryolu bu 3 dövləti bir-birilə yaxınlaşdıra bilər. Əlbəttə, bu İsraili bizdən küsdürəcək. Amma yaxın qonşumuz olan İranla münasibətləri düşmənçilik səviyyəsindən uzaqlaşdırmaq üçün səylər göstərməliyik. Bu, bizim üçün vacib amillərdən biridir”.
Rusiya-Ukrayna münasibətləri və Şimali Koreyanın iştirakı haqda
“Şimali Koreya Rusiyaya qoşun göndərdikdən sonra Qərbin aqressivliyi artıb. Bu günlərdə Cənubi Koreya sərhədləri pozaraq Şimali Koreyanın içərilərinə doğru qoşun yeritmişdi. Bu məsələnin daha da dərinləşəcəyini gözləmək mümkündür.
Yaponiya Şimali Koreyaya qarşı yönəlmiş ballistik raket istehsalını artırır. Hətta Yaponiyanın yaxın vaxtlarda nüvə silahı əldə edəcəyi iddia olunur. Belə bir şəraitdə Şimali Koreyanın bu cür riskli addımlar atması bumeranq nəticə verə bilər. Bütün bunlar Koreya xalqının maraqlarına cavab vermir”.
Volodimir Zelenski sülh planını təqdim etdi və Avropa paytaxtlarını gəzdi. Bu günlərdə ABŞ prezidentinin iştirakı ilə Ramştayn formatında liderlərin görüşü olacaq. “Ukraynaya dəstəklə bağlı yeni qərarlar nədən ibarət ola bilər?” sualının cavabında politoloq bildirib ki, Ramştayn toplantısında heç vaxt Qərbin Ukraynaya dəstəyinin zəiflədilməsi barədə söhbətlər getməyəcək:
“Əksinə, Qərbin verdiyi silahlardan istifadə ilə bağlı Ukraynanın qaldırdığı məsələlər müzakirə olunacaq. Hətta buna müsbət reaksiya veriləcəyini də söyləmək mümkündür. Artıq bu müharibə başa çatmalıdır. Həm də ədalətli və hüquq normalarına uyğun bir şəkildə. Bu da ABŞ və Böyük Britaniyadan asılıdır”.
Gürcüstanda keçiriləcək parlament seçkiləri haqda
Politoloq hesab edir ki, Gürcüstanda parlament seçkiləri böyük qarışıqlıqla müşayiət olunacaq.
“Burada qüvvələr nisbəti aşağı-yuxarı bərabərdir. Hətta deyə bilərəm ki, müxalif qüvvələr bir qədər üstündür. Kənardan kiçik bir təkan Bidzina İvanişvilinin rejiminin devrilməsinə səbəb ola bilər. Bu zaman Gürcüstan yenidən demokratik ölkələr sırasına qayıda, hətta Mixail Saakaşvilinin yenidən prezident seçilmə məsələsi də gündəmə gələ bilər”, – deyə o bildirib.
Azərbaycanın bu proseslərdə tutacağı mövqeyə gəlincə, Hüseynli qeyd edib ki, neytrallığı qorumaq vacibdir:
“Azərbaycan bu məsələdə heç nə edə biməz və etməməlidir də. Neytral mövqeyimizi qoruyub saxlamalıyıq. Gürcüstanın daxili işinə qarışılmamalıdır. Bu məsələ xaqın gücu ilə həll edilməlidir və düşünürəm ki, belə də oalcaq”.
Azərbaycan-Ermənistan münasibətləri haqda
Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son bəyanatı Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə verdi. Bildirdi ki, 16 bənd üzrə razılaşma var, ən qısa müddətdə sülh müqaviləsi imzalana bilər. Milli Məclisin sədri Sahibə Qafarova isə Simonyanla görüşdən imtina etdi və bunu onun mənfiyə doğru dəyişən ritorikası ilə əlaqələndirdi.
“Qarşıdakı həftələrdə bu istiqamətdə irəliləyiş gözləmək olarmı?” sualına Qabil Hüseynli belə cavab verib:
“Məncə, gec-tez sülh sazişi imzalanacaq. Müxtəlif referanslara baxmayaraq, sülh sazişi xeyli yaxın görünür. Bölgədə vəziyyəti qarışdırmaq istəyən qüvvələr də var. Onlar Ermənistanla Azərbaycanın qarşıdurmaya girməsini istəyirlər. Bu bölgə üçün fəlakət ola bilər. Azərbaycan bu cür qarşıdurmalardan çəkinməli və sülhün tezliklə imzalanması istiqamətində səylər göstərməlidir”.