“Qərb öz səhvlərini təkrar edəcəkmi?” Bakıdan şərh
CSSC Brüssel görüşü haqda
Azərbaycanlı politoloqlar Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində ehtimallarını səsləndirirlər. Müxtəlif proqnozlar var. “Azərbaycanın mövqeyi dəyişməyib. Əvvəllər olduğu kimi, Bakı Yerevanla münasibətləri beynəlxalq, Qarabağı isə daxili məsələ kimi müəyyənləşdirir”, – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin ekspertləri deyirlər.
- “Hekayənin sonu”, yoxsa “yeni başlanğıc”? Azərbaycanlı iqtisadçının düşüncələri
- Natiq Qasımov haqda “Oğul” filminin təqdimatı keçirilib
- AZAL biletlərinin bahalığını yanacağın dünya bazarındakı qiymətlərlə alınması ilə izah edirlər
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü ilə bağlı məqalə dərc edib.
“Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş gözlənilir. Brüssel formatında danışıqların oktyabrın sonuna təyin edildiyi bildirilir.
Paşinyanın MDB-nin Bişkekdə keçirilən sammitində iştirakdan imtina etməsindən sonra artıq aydın oldu ki, Brüssel görüşündən əvvəl Rusiyada danışıqlar baş tutmayacaq”.
Brüssel görüşünün gündəliyi
“Azərbaycanın mövqeyində heç bir əsaslı dəyişiklik yoxdur. Bakı əvvəllər olduğu kimi, hazırda da Ermənistanla münasibətlər mövzusunu dövlətlərarası, Qarabağ mövzusunu isə daxili məsələ kimi fərqləndirir. Qarabağda beynəlxalq iştirak mövzusu yalnız Bakı tərəfindən tənzimlənir və bu məsələnin Ermənistanla heç bir əlaqəsi yoxdur. Ermənistan mövzusunda isə anklavların işğaldan azad edilməsi, kommunikasiyaların açılması və daxili işlərə qarışmamaq öhdəliyi ilə ərazi bütövlüyünün tanınması gözləntiləri ifadə olunub.
Ermənistanın mövqeyinə gəlincə, o artıq dəyişikliyə uğrayıb. Qarabağ erməniləri məsələsini manipulyasiya vasitəsinə çevirən və Azərbaycana təzyiq elementi kimi istifadə edən Yerevan indi yalnız öz təhlükəsizliyi mövzusu ilə məhdudlaşmağa məcbur qalıb. Təbii ki, Ermənistan rəhbərliyinin uzunmüddətli planları da var, lakin onların reallaşdırılması ehtimalı Qarabağ erməniləri məsələsinə Qərbin dəstəyinin hansı dərəcədə olacağından asılıdır”.
Qərb – ABŞ/Aİ
“Prosesin ən maraqlı məqamlarından biri, heç şübhəsiz ki, Qərbin Cənubi Qafqaz siyasətidir. ABŞ/Aİ tandemi son aylarda öz natamam və birtərəfli yanaşması ilə bölgədə uğursuzluğa düçar olub. Bu isə ilk növbədə Qarabağ erməniləri mövzusunu sülh müqaviləsinə daxil etmək, yəni Azərbaycanın dövlətlərarası və daxili mövzusunu birləşdirmək istəyinə görə baş verib.
Hətta bu fiaskodan sonra da belə siqnallar var ki, Fransa beynəlxalq platformalardakı resurslarından istifadə edərək uğursuz cəhdi təkrarlamaq niyyətindədir. Parisin təşəbbüsü ilə Aİ bu cəhdi sonuncu dəfə Qranadada həyata keçirməyə çalışıb. Orada tam hüquqlu sülh müqaviləsi bağlanana qədər müvəqqəti razılaşma kimi imzalanması nəzərdə tutulan sənəd ortaya atılıb. Biz yaxşı bilirik ki, müvəqqəti razılaşma qədər daimi heç nə yoxdur və Fransaya anti-Azərbaycan təşəbbüslərini rəsmiləşdirməyə davam etmək üçün sadəcə vaxt lazımdır.
Burada bir detalı qeyd etmək vacibdir: Belə görünür ki, ABŞ üçün Paşinyana şəxsi dəstək daha çox vacibdir, Fransa üçün isə Ermənistan prioritetdir. Bu, siyasi manevr imkanları və bütövlükdə mövqe quruculuğu üçün olduqca mühüm bir məqamdır”.
Nəticə
“Beləliklə də, hər üç formatda danışıqların gündəliyi eynidir və bu gündəlik Azərbaycanın təşəbbüsü ilə formalaşıb. Hazırda Qərbə təzyiq göstərmək və Qarabağ erməniləri mövzusunu dövlətlərarası gündəmdən tamamilə çıxarmaq vacibdir. Qarabağda beynəlxalq iştirak 2025-ci ilə qədər məhdudlaşdırılmış Rusiya sülhməramlı kontingenti, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi və aydın gündəliyə malik müvəqqəti BMT missiyaları ilə kifayətlənməlidir. Qərb anlamalıdır ki, Qarabağ ermənilərinə zəmanəti ancaq Azərbaycan verə bilər!
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunda Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsi üzrə Qərblə Rusiya arasındakı 25 illik işbirliyi artıq sona çatıb. Lakin ABŞ və Aİ nümayəndələrinin İstanbulda Rusiya təmsilçilərilə görüşü böyük güclərin ölkəmizə qarşı əməkdaşlığının bərpası cəhdi kimi dəyərləndirilə bilər və bu baxımından da bizim üçün təhlükə yaradır. Mövcud təhlükəni neytrallaşdırmaq üçün təkcə Azərbaycana münasibət kontekstində Qərb və Rusiyanı bir-birindən ayırmaq yetmir, Qərb düşərgəsinin daxilində də parçalanma yaratmaq lazımdır. Fransanın iştirakı ilə Qranadada keçirilən görüşdə iştirakdan imtina da məhz bununla bağlıdır.
Bir sözlə, Vaşinqton və Brüssel əvvəlki səhvini təkrarlaya bilər, amma bu dəfə yanlış addımlar Qərbə çox baha – Ermənistanda Paşinyanın itirilməsi hesabına başa gələcək. ABŞ Aİ ilə birlikdə öz birtərəfliliyi ilə artıq Rusiyanın bölgədə mövqeyini bərpa etməsi üçün şərait yaradıb. Qərbin növbəti səhvə yol verib-verməyəcəyi isə yalnız onun özündən asılıdır”.