"Pərdəarxası intensiv danışıqlar gedir və biz yalnız nəticələri görürük". Bakıdan şərh
Qarabağ ətrafında vəziyyət
Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsində və Azərbaycanın Ermənistanla sərhədində vəziyyət gərgin olaraq qalır. Bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yardım dolu yük maşını Ağdam yolundan Xankəndiyə daxil olub.
Azərbaycanlı siyasi icmalçı hesab edir ki, bu fakt vəziyyətin həllində müsbət addım olub və hazırda “aktiv döyüşlərin bərpası təhlükəsi bir neçə gün əvvəl olduğu qədər kəskin deyil”.
- Prezidentin tövsiyəsinə rəğmən nazirlik Söyüdlüdə müstəqil monitorinqə şərait yaratmayıb
- Azərbaycanda 20 yaşlı qız Ermənistana casusluqda ittiham olunur
- Azərbaycan ordusunun zabiti Vaqif Xaçatryanın ailəsinə müraciət edib
Hazırkı mərhələdə Qarabağ ətrafındakı vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərini azərbaycanlı siyasi icmalçı Hacı Namazov JAMNews-a şərh edib:
“Mən Azərbaycan-Ermənistan münasibətləri trekində son bir həftə ərzində baş verənləri təhlil edir və getdikcə belə qənaətə gəlirəm ki, bu günlərdə münaqişə tərəfləri və vasitəçilər arasında pərdəarxası danışıqların intensivliyi kəskin artıb. Biz isə yalnız onların nəticələrini görürük”, – o deyir.
“Özünüz fikirləşin. Ötən həftənin ortalarından Azərbaycanın iqtidaryönlü mediası, demək olar ki, eyni vaxtda, 2020-ci ilin sentyabr ayının sonunda, ikinci Qarabağ müharibəsi başlamazdan əvvəl olduğu kimi davranmağa başlayıb.
O dövrdən çox zaman keçməyib və insanlar hər şeyi yaxşı xatırlayırlar, həmin günlərlə assosiasiyalar var. Müdafiə Nazirliyindən davamlı olaraq atəşkəs rejiminin pozulması haqda xəbərlər, hərbi texnikanın həm bu tərəfdən, həm o tərəfdən hərəkətliliyi ilə bağlı video və fotomateriallar, “məlumatlı” bloqerlərin sosial şəbəkələrdə yaydıqları.
Yəni hər kəs sözün əsl mənasında aktiv döyüş əməliyyatlarının başlamasını gözləyirdi. Amma burada suallar da var idi. Döyüş necə başlayacaq? Qarabağda əks-terror əməliyyatı, yoxsa Ermənistanla sərhəddə toqquşmalar olacaq? Çünki hər iki istiqamətdə texnikanın hərəkəti və atəşkəs rejiminin pozulması müşahidə olunur”, – analitik deyir.
Onun sözlərinə görə, ümumi gərginliyə ikinci Qarabağ müharibəsi zamanı olduğu kimi, Nikol Paşinyanla qonşu dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri və fəal vasitəçilər arasında çoxsaylı telefon danışıqları da əlavə olunub:
“Hər şey Azərbaycanın ultimatum verməsi və Ermənistan rəhbərliyinin mövqeyini yumşaltması ilə nəticələndi. Bu ölkənin baş naziri bütün danışıqlarında Əliyevlə təcili müşavirə keçirmək istəyini ifadə edib. Bu barədə Ermənistan hökumətinin Paşinyanın telefon danışıqlarına dair bütün press-relizlərində deyilir.
Lakin sonra üfüqdə Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşını peyda oldu və gərginlik kəskin şəkildə azaldı.
Düzdür, bu halda kasuzsuz da ötüşməyib. Fura üç gün Bərdə şəhərində gözləməli olub və nəhayət, bu gün Ağdam-Xankəndi yolu ilə hərəkət edə bilib. Bəs problem nə idi?
Azərbaycan tərəfi elə bir izahat gətirdi ki, buna ancaq gedən proseslərdən çox uzaq olan adam inana bilərdi. Sözün əsl mənasında beləcə də deyildi: Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində yük maşını Xankəndi istiqamətində hərəkət edə bilmir.
BQXK Rusiya yük maşınının Azərbaycandan Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçməsinin qarşısını necə ala bildiyi haqda isə ancaq təxminlər yürütmək qalırdı”.
Hacı Namazov qeyd edir ki, bu məsələdə Azərbaycan tərəfinin digər bəyanatı diqqət çəkir. O, xatırladır ki, Rusiyanın yük maşını Qarabağa yaxınlaşan zaman Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu yükün çatdırılmasının Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması ilə bağlı müqaviləyə daxil olmadığını və bölgənin erməni əhalisinə ayrıca yardım aktı olduğunu bildirib.
“Görünür, burada nəsə tərs gedib və bu maneə yük maşınının üç gün müddətində ünvana doğru irəliləməsinə imkan verməyib.
Lakin bununla belə danışıqlar dayanmayıb. Bu günlərdə ictimaiyyətə açıqlananlardan ancaq Paşinyanın Ərdoğanla söhbətindən xəbərimiz var. Bunun səhəri günü də yük maşını Xankəndi şəhərinə çatıb.
İndi hamı Xankəndi istiqamətində iki yolun eyni vaxtda açılmasını gözləyir. Amma onların fərqli statusları var.
Əgər Ağdam-Xankəndi yolu daxili hesab olunursa, o zaman bu yolla hərəkət maneəsiz həyata keçirilir. Avtomobillər Laçın dəhlizi ilə isə Azərbaycanın gömrük və sərhəd tələblərinə riayət etməklə hərəkət etməlidir”.
Siyasi icmalçı daha bir vacib məqamı qeyd edir:
“Yalnız BQXK-nın avtomobilləri hər iki yolda hərəkət edə bilər. Yəni Ağdam tərəfdən iki, Ermənistan tərəfdən isə otuza yaxın yük maşını keçməyəcək. Yaxud onların yükləri Qırmızı Xaça məxsus nəqliyyat vasitələri ilə daşınacaq.
Hər halda, gərginlik nəzərəçarpacaq dərəcədə azalıb və bu gün biz deyə bilərik ki, aktiv döyüş əməliyyatlarının bərpası təhlükəsi bir neçə gün əvvəl olduğu qədər kəskin deyil.
Bu nisbi sakitlik nə vaxta qədər davam edəcək? İndi heç bir ciddi ekspert bunu proqnozlaşdırmağı öhdəsinə götürməz”, – deyə o hesab edir.