Putinin Qarağabla bağlı “planı”
Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası (DQR) ətrafında bu gün yaranan xarici siyasi vəziyyəti iki mühüm amil müəyyən edir, Yerevanda və Stepanakertdə hər iki amili erməni tərəfi üçün əlverişsiz və hətta təhlukəli hesab edirlər.
Özünün bu yaxınlarda regiona baş tutan səfəri zamanı Almaniya XİN-nin başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bildirib ki, “status-kvonu bu şəkildə uzun müddət saxlamaq mümkün deyil, “münaqişə uzandıqca hərbi əməliyyatların gərginləşməsi riski də artır.
Eyni zamanda guya “Putin planının mövcud olması barədə məlumat yayıldı ki, həmin plan da Sankt-Peterburqdakı görüş zamanı məxfi şəkildə kuluarlarda erməni tərəfinə təklif olunub. Bu haqda “Ani Erməni Tədqiqatları Mərkəzinin əlaqələndiricisi Tatul Akopyan yazırdı. Akopanın versiyasını qəbul etsək, bütün bunlar hələ 1997-ci ildə Rusiyanın o vaxtkı xarici işlər naziri Yevgeni Primakovun təklif etdiyi düstura çox oxşayır.
O vaxt söhbət Dağlıq Qarabağın formal olaraq Azərbaycanın tərkibində qalmasından, əslində isə ondan tamamilə müstəqil olmasından gedirdi. Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan onda böyük səs-küyə səbəb olan “Müharibə yoxsa sülh? Düşünmək vaxtıdır məqaləsini yazır, bu məqalədə bu planın qəbulunun mümkünlüyündən danışılırdı. Amma ideya onun yaxın tərəfdaşları (yeri gəlmişkən, o cümlədən də Serj Sarqsyan) tərəfindən kəskin tənqid olundu, bu da nəticədə onun istefasına gətirib çıxardı.
Görünür, “Putin planı adı altında da təxminən buna oxşar şeylər təklif olunur, yəni:
- DQR müdafiə ordusu 1998-ci ildə DQ sərhədləri daxilində olan beş ətraf rayondan çıxır;
- Əvəzində Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıtmasını, eyni zamanda da yaxın perspektivdə müstəqilliyin əldə olunmasını nəzərdə tutmayan “daimi aralıq statusu alır;
- Ermənistan və Qarabağ maneəsiz yerüstü əlaqə üçün “dəhliz saxlayırlar;
- Qarabağın statusu ilə bağlı referendum qeyri-müəyyən vaxta qədər təxirə salınır.
“Putin planı DQR-nın təhlükəsizliyini və faktiki müstəqilliyini təklif etməklə, məsələnin həllinin hüquqi aspektini çoz uzun zamana ertələyir. Azərbaycan üçün bu, mümkündür, çünki bu ölkənin konstitusiyası Qarabağın istənilən, onu formal olaraq Azərbaycanın tərkibində saxlayan istənilən statusda hətta əbədi qalmasına qarşı deyil.
Bu cür planın mövcudluğunun mümkünlüyünü prezident İlham Əliyevin bu yaxınlardakı çıxışı da qismən təsdiq edir:
“Dağlıq Qarabağ heç vaxt müstəqillik qazanmayacaq… Dağlıq Qarabağın statusuna gəlincə, bu, gələcəyin məsələsidir. Əlbəttə, müəyyən status verilə bilər. Avropada, başqa ölkələrdə müsbət təcrübə və müxtəlif statuslar var. Ancaq bu status bizim dövlətimizin ərazi bütövlüyünü pozmamalıdır.
Başlanan çoşğun Rusiya-Türkiyə barışıqlığı və ikitərəfli münasibətlərin turizmdən tutmuş hərbi münasibətlərə qədər demək olar ki, bütün elementlərinin sürətli bərpası bu cür planın mövcudluğunu yenə də qismən olsa da, daha çox təsdiqləyir.
Bu plan yerinə yetirilməyə başlasa, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərinin tədricən açılması mümkündür – xatırladım ki, Ermənistan-Türkiyə sərhədi Rusiya sərhədçilərinin nəzarəti altındadır. Eyni zamanda Ermənistan-Türkiyə barışıqlığı prosesinin də yenidən başlanması mümkündür.
Regionda sərhədlərin açılması və Azərbaycandan Ermənistan vasitəsiylə Türkiyəyə dəmir yolu hərəkətinin bərpası Moskvanın marağındadır, xüsusən də Ermənistan dəmir yolunun Rusiyanın nəzarəti altında olduğunu nəzərə alsaq. Yollara və sərhədlərə nəzarət etməklə Moskva regional nəqliyyat-enerji infrastrukturlarının işində yeni şərtləri diktə edə bilər. Bütövlükdə isə regional tranzitinin (və ya onun böyük hissəsinin) istiqamətinin Gürcüstandan Ermənistana dəyişdirilməsi Moskvanın Cənubi Qafqazda həm iqtisadi, həm də siyasu mövqelərini möhkəmləndirəcək.
Bu prosesin nəticəsi kimi Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə tədricən yaxınlaşması olacaq ki, Moskva buna çoxdan can atır və bunu gizlətmir.
Gürcüstanı isə başqa nəticə gözləyir. Tranzitin azalması ilə bağlı olaraq Gürcüstanda yaranacaq iqtisadi problemlər zamanla Tbilisinin xarici siyasi kursuna təsir edərək, ölkənin NATO-ya daxil olması ilə bağlı planlarını korreksiya edəcək.
Proseslərin bu cür gedişatı tək Rusiyanın deyil, həm də Türkiyənin xeyrinədir. Ölkənin Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə birbaşa dəmir yolu əlaqəsi yoxdur, bu imkan Gümridəki sərhəd keçidinin işinin bərpası zamanı yara bilər.
Bu planın realizəsi zamanı yeni vəziyyətin qarantı kimi beynəlxalq sülhməramlı qüvvələr ola bilərdi. Çox güman ki, bunun üçün mandat ya ATƏT, ya da Rusiyanın aparıcı rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) veriləcək.
Nəzəriyyədə “Putin planının tam məntiqli mümkün nəticələri budur. Amma bütün bunların necə həyata keçiriləcəyi ümumiyyətlə aydın deyil.
Birincisi, aprelin əvvəlində baş verən “dörd günlük müharibədən sonra “erməni dünyasında (Ermənistan-DQR-diaspora) gözə çarpan birləşmə yarandı. Erməni döyüşçülərinin qanına qərq olmuş torpağın qaytarılmasından söhbət belə gedə bilməz. Əksinə, təmas xəttində gərginliyin bir qədər azalmasını burada bir çoxları yeni müharibədən əvvəl fasilə kimi nəzərdən keçirirlər. Düzdür, bu zaman Yerevanda erməni tərəfinin ATƏT-in Minsk qrupuna üzv ölkələrin və ilk növbədə də Rusiyanın mümkün təzyiqinin qarşısına qoya biləcəyini müzakirə etmirlər.
İkincisi, Ermənistan və Qarabağ rəhbərliyi planla razılaşdığı halda belə, cəmiyyəti onu qəbul etməyə hansı şəkildə əmin edə biləcəyi aydın deyil. Burada cəmiyyətlə hakimiyyət fərqli dünyalarda yaşayır və aralarında böyük inamsızlığın olduğunu gizlətmirlər də.
Bu mənada bu yaxınlarda Yerevanda keçmiş Birinci Qarabaş müharibəsinin iştirakçısı, tanınmış müxalifətçi və radikal, dövlət çevrilişinin hazırlanmasında ittiham olunan Jirayr Sefilyanın həbsi çox məntiqi görünür. Bu günlərdə bəzi məlumatlara görə, işin araşdırılması çərçivəsində birə neçə digər Qarabağ hərəkatı veteranlarının evlərində də axtarışlar aparılıb.
Bütün bunların qabaqlayıcı tədbir olması istisna deyil. Amma o da istisna deyil ki, ictimaiyyətin bir sıra radikal meyilli nümayəndələri həqiqətən də istənilən yolla Qarabağ məsələsinin bu cür həllinə mane olmağa hazırdırlar, çünki bu həll onların fikrincə, erməni tərəfi üçün tamamilə yolverilməzdir.
JAMnews-un dosyesi
2016-cı ilin aprel ayında Dağlıq Qarabağ ətrafında gərginləşmə hər iki tərəfdən çoxsaylı qurbanlara gətirib çıxardı, vasitəçilərin aşkar fəallaşmasına səbəb oldu. İki ay ərzində – may və iyun aylarında – Vyana və Sankt-Peterburqda ATƏT-in Minsk qrupu və Rusiyanın səyləri ilə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan və İlham Əliyevin iştirakı ilə iki sammit keçirildi. Hazırlanan üçüncü belə görüş bəzi məlumatlara görə avqust ayında Parisdə baş tutacaq. Bundan sonra daha bir sammitin artıq payızda ABŞ-da keçiriləcəyi ilə bağlı versiya da səsləndirilir.