İyulun 1-də Putin öz hakimiyyətinin yeni hesabını başlatmaq istəyir. O, bunu necə edəcək, nə qədər şansı var, buna nə dərəcədə nail olacaq?
Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasının dəyişdirilməsi üzrə səsvermənin tarixini açıqlayıb – referendum iyulun 1-də baş tutmalıdır. Çoxluq dəyişiklikləri dəstəkləsə, həmin andan onun faktini daimi hakimiyyəti başlayacaq.
Dövlət mediasının versiyasına görə, Rusiya dövlətçiliyi üçün əsas təhlükə özlərini LGBT (aşağıda bu haqda daha ətraflı) nümayəndələrinə aid edən insanlardır.
Amma getdikcə daha çox ekspertlər Putin üçün real təhlükənin xəstəlik və aşağı reytinq olduğu fikrində uzlaşırlar.
• Rusiyada məhkəmə “Putini qovmağı” vəd edən şamanı məcburi müalicəyə göndərib
Konstitusiya dəyişikliklərinin mənası nədir?
2020-ci il iyulun 1-də səsvermə zamanı Rusiya vətəndaşlarına konstitusiyaya çoxsaylı dəyişikliklərə öz münasibətlərini göstərmək təklif olunur.
Söhbət, məsələn, ölkənin əsas qanununda rus dilinin xüsusi – “dövlət formalaşdıran” statusunun təsbit edilməsindən gedir.
Həmçinin konstitusiyada son yüz ildə ilk dəfə tanrı xatırlanacaq.
O cümlədən də Rusiyada indi nikah “kişi və qadın arasındakı ittifaq” kimi müəyyən ediləcək.
Amma Rusiya daxilində və xaricində cəmiyyətin diqqətini ən çox cəlb edən dəyişiklik eyni şəxsin Rusiya prezidenti vəzifəsində qalması müddəti ilə bağlıdır.
Əgər dəyişiklik qəbul edilərsə, Vladimir Putin qanuni əsaslarla 2036-cı ilə qədər hakimiyyətdə qala biləcək.
Nəyin bahasına olursa, olsun səsvermə
Rusiya seçicilərinin təklif olunan dəyişikliklərə münasibət bildirməsi üzrə prosedur misilsiz xarakter daşıyır:• Evdə səs vermək mümkün olacaq, poçtla və onlayn.
• Seçki məntəqələri bilavasitə küçələrdə təşkil olunacaq.
• Səsvermə proseduru bir həftə çəkəcək.
• Seçici fəallığı minimumu yoxdur – istənilən sayda seçici iştirakı təqdirində səsvermə qanuni hesab olunacaq.
Dəyişikliklər necə təbliğ olunur?
Vladimir Putinin təklif etdiyi dəyişikliklərin təbliğatını da misilsiz hesab etmək mümkündür.
Rusiya televiziyalarının efirinə buraxılan elə ilk video qalmaqala səbəb olub.
Videoda iki gey uşaq evindən övladlığa oğlan uşağı götürür və ilk olaraq ona qadın paltarı geyinməyi təklif edirlər, kadr arxasında isə sual səslənir: “Sən belə Rusiya istəyirsən?”
Bu videonu Vladimir Putinin dostu, kriminal keçmişi olan Yevgeni Priqojinə məxsus “Patriot” studiyası tərəfindən hazırlanıb.
Vladimir Putin hara belə tələsir?
Vladimir Putinin hazırkı prezidentlik müddəti 2024-cü ildə bitəcək. Və bundan üç il əvvəldən başlayaraq o, gözlənilmədən konstitusiya dəyişiklikləri təklif edib və bu dəyişikliklər onu faktiki olaraq ömürlük hakimiyyətlə təmin edir.
“Gözlənilməz” sözü baş verənlərin mahiyyətini kifayət qədər ifadə etmir. Dəyişikliklərin qəbulu prosedurunu “fırtınasayağı” adlandırmaq olar.
Dəyişikliklər Putin tərəfindən 15 dekabr 2019-cu ildə təklif olunub və cəmi 2 həftə ərzində bütün instansiyalar, o cümlədən də Konstitusiya Məhkəməsi tərəfindən dəstəklənib.
Əgər koronavirus pandemiyası başlamasaydı, ümumxalq səsverməsi artıq 22 aprel 2020-ci ildə baştutacaqdı.
“Vladimir Putinin hara tələsdiyi” ilə bağlı sualın dəqiq cavabını heç kim bilmir. Əsas iki versiya səsləndirilir.
• Birincisi ondan ibarətdir ki, Rusiya prezidenti ciddi xəstədir və ona öz xələfi üçün bütün şəraiti hazırlamaq lazımdır.
Bu insanın kim olmasından asılı olmayaraq, o, Putinin ilk hakimiyyət dövründə sahib olduğu populyarlığa sahib olacaq. Buna görə də ona hakimiyyəti itirməmək üçün bütün konstitusion “dayaqlar” lazımdır.
• İkinci versiyaya əsasən, belə “dayaqlar” artıq Putinin özünə lazımdır, çünki o bilir ki, real (təbliğ olunan yox) reytinqi 25 faizə qədərdir.
Bu versiyanı az əvvəl Rusiya Xarici İşlər Nazirliyi və Putinin reytinqinin 27 faiz olduğunu yazan Bloomberg agentliyi arasında yaşanan qalmaqal da təsdiqləyir. Nazirlik üzr istənməsini tələb edib. Agentlik isə Rusiyanın rəsmi sosioloji agentliyi – İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin göstəricilərinə əsaslanıb.