Putin əleyhinə başlıqlar, TV-də "əlinizdə qan var" - Rusiya mediasında 9 May sürprizləri
Lenta.ru-da Putin əleyhinə başlıqlar
Hakimiyyətə sadiq olan Rusiyanın Lenta.ru nəşri mayın 9-da Rusiya prezidenti Vladimir Putini və Ukraynadakı müharibəni tənqid edən ondan çox material dərc edib.
“Novaya qazeta Europe” xəbər verir ki, mətnlər sonradan saytdan yoxa çıxıb, lakin bir nüsxəsi internet arxivində mövcuddur.
Bir neçə məqalənin başlıqlarında deyilir: “Orduya rekord xərclər Rusiyanın Ukraynanı məğlub etməsinə kömək etmədi”, “Rusiya hakimiyyəti jurnalistlərə neqativlərdən danışmağı qadağan edib”, “Rusiya Mariupolu tamamilə məhv edib” və “Ukrayna Putinin planlarını pozdu”.
Materialların əvvəlində “Bu material rəhbərliklə razılaşdırılmayıb və onun dərcinə görə prezident administrasiyası nəşrə ulduzlar paylayacaq, başqa sözlə: silinənə qədər TƏCİLİ SKRİN EDİN” sözləri yazılıb.
Materialların dərc olunmasına görə məsuliyyəti “İqtisadiyyat” və “Yaşam mühiti” departamentlərinin rəhbəri Yeqor Polyakov, həmçinin redaktor Aleksandra Miroshnikova öz üzərinə götürüb. “Mediazona” nəşrinin mənbəsi təsdiqləyib ki, materiallar bu şöbələrin əməkdaşları tərəfindən hazırlanıb – onlar artıq dərc olunmuş xəbərlərin mətnlərini dəyişiblər.
“Mediazona” müharibə əleyhinə mətnlər hazırlayan jurnalistlərin bəyanatını da dərc edib.
“Kütləvi bloklamadan sonra ölkədə demək olar ki, VPN və ya teleqa dumskrollinqi [Telegram messencerindən xəbərlərin həddindən artıq istehlakı deməkdir — JAMnews] olmadan izlənilə bilən media qalmayıb. Bizim nəhəng tamaşaçı auditoriyamız var, mən də buna çox əmək vermişəm, ona görə də Saşa və mən qərara gəldik ki, belə bir performans yeganə doğru olacaq”, – deyə Polyakov qeyd edib.
O, əlavə edib ki, “artıq onunla danışıblar” və Miroshnikova ilə birlikdə Lenta.ru-da artıq işləmədiklərini ehtimal edib.
“Əllərinizdə qan var”
Lenta.ru saytındakı müharibə əleyhinə materiallar mayın 9-da Rusiya media məkanında yeganə sürpriz olmayıb.
Səhər Rusiya televiziya xidmətlərinin istifadəçiləri televiziya proqram bələdçisi əvəzinə belə bir mətnə rast gəliblər:
“Öldürülən minlərlə ukraynalının və onların yüzlərlə uşağının qanı sizin əlinizdədir. TV və hakimiyyət yalan danışır – müharibəyə yox”.
Eyni yazı televiziya proqramlarını alt yazısı şəklində də müşayiət edib.