Pul tələsi
Gürcüstanda onlayn-kreditləşdirmə narkotik kimidir: əvvəlcə şirnikirsən, sonra aludəçilik yaranır, bir müddət sonra isə kreditdən başqa heç nə barədə düşünə bilmirsən. Əvvəlcə gözlərinə cüzi görünən məbləğ – sənə maaşa qədər cəmi 100 dollar çatmırdı – qorxulu yuxudakı kimi sürətlə artmağa başlayır. Sən də borclu olduqlarından heç olmasa kimisə razı salmaq üçün dayanmadan borc götürürsən. Borc verənlər isə artıq az qala hər həftə mobil telefon nömrələrini dəyişməyinə, şəhər telefonunu söndürməyinə və qohumlarından cavab verərək, harasa getdiyini deməyə xahiş etməyinə baxmayaraq, dayanmadan zəng edirlər.
İşsizlik, əhalinin aşağı gəlir səviyyəsi, qeyri-ciddiliyi yoxsa dövlət tərəfindən kifayət qədər nəzarətin olmaması – bu amillərdən hansı həlledicidir?
Şirnikləndirmə necə baş verir
Gürcüstanda indi belədir: sən sürətli kreditin arxasınca getməsən də, o səni təqib edəcək. Sən hər bir reklam fasiləsində səni onlayn kreditləşmənin xidmətlərindən istifadə etməyi çağıran televizoru söndürə, dəqiqə başı həmin reklamların çıxdığı saytları bağlaya, telefonuna onlarla sayda gələn reklam xarakterli mesajları silə bilərsən. Bu zaman da Tbilisidə ən qələbəlik metro stansiyalarının yanında duran carçı uca səslə sənə bu cəlbedici təklifi edəcək: “Sürətli kredit! Min lariyə qədər kredit götürün! Və sən nəhayət təslim olursan.
Onlayn kredit təşkilatları Gürcüstanda 2014-cü ildə yaranıb. Bu gün artıq onlarla belə təşkilat var. Demək olar ki, hamısının şərtləri eyni və çox sadədir. Kredit 15 dəqiqə ərzində rəsmiləşdirilir, məbləği almaq üçün isə heç evdən çıxmağa da ehtiyac olmur. Təşkilatın saytında elektron formanı doldurmaq kifayətdir, məbləğin alınması isə telefonuna gələn mesajda təsdiqlənir. Və ən əsası – bu krediti almaq üçün sizdən ödəmə qabiliyyətli olmanıza zəmanət verən heç bir sənəd tələb etməyəcəklər. Bu zaman nə maaşın həcmi, nə işin olub-olmaması heç kimi maraqlandırmır. Sürətli krediti almaq üçün şəxsiyyət vəsiqəsinin olması kifayət edir. Adi vaxtda şübhəli görünən təklif pula böyük ehtiyacın olduğu zaman cəlbedici görünə bilər.
Xeyli daha ehtiyatlı davranan banklardan fərqli olaraq, kredit təşkilatı borcun verilməsi üçün heç bir şərt qoymur, yaş həddindən başqa.
Qanunla pul 20 yaşına çatmış və 65 yaşını haqlamamış insanlara verilir. Təşkilatların verdiyi ən böyük məbləğ 1500 lari təşkil edir.
Tələ nədədir
Amma sürətli və rahat borc almaq növü heç də həmişə ən ucuz olmur. Şirkətlər əlavə sənəd və arayış tələb etmədən kredit verirlər və beləliklə də özlərinin də dediyi kimi, banklardan daha çox risk edirlər. Buna görə də faiz dərəcəsi bankdakından xeyli daha yüksəkdir.
Təşkilatlar tərəfindən verilən ilk kredit adətən faizsiz olur. Növbəti kreditdən komisyon haqqı isə orta hesabla ayda 19-20 faiz həddində müəyyən olunur. Borclu pulu qaytarmaq vaxtını kreditin əsas məbləğinin 20 faizini ödəməklə uzada bilər. Borclu bundan sonra da krediti qaytara bilmədiyi halda onun ödənməsini daha bir neçə dəfə uzada bilər. Müəyyən olunmuş müddət ərzində ödəmə qabiliyyətinin olmadığı halda kreditin məbləğinə cərimə şəklində 20 lari və hər bir uzadılan əlavə günə görə 1,5 faiz əlavə olunur.
Adi kalkulyasiya
Deyək ki, insan təşkilata müraciət edib, bir aylıq 300 lari (təxminən 140 dollar) həcmində kredit götürübsə, ayın axırında 360 lari (yəni artıq 170 dollar) qaytarır. Hər bir ay müddətinə uzadılan ödəməyə görə borclu komisyon haqq – 60 lari (30 dollara yaxın) ödəyir. Bu zaman 360 lari həcmində əsas məbləğ yerində qalır. Kreditin ödənilmədiyi gündən üç ay keçəndən sonra borclu 20 lari (təxminən 10 dollar) həcmində cərimə və hər keçən günə görə 5 lari 40 tetri (2,5 dollar) ödəyir. Ayda bu, təxminən 165 lari (təxminən 80 dollar edir). Nəticədə üç aylıq möhlət və cərimənin məbləği 725 lari (340 dollar) təşkil edir.
İndi başa düşürsüz, il ərzində onun məbləği nə qədər arta bilər.
Bunların içində ən qabaqcıl təşkilatların xidmətlərindən istifadə edən Georginin borcu il ərzində astronomik həddə çatdı. 2014-cü ilin sentyabr ayında o vivus.ge kredit şirkətinə müraciət edərək, 200 lari (100 dollara yaxın) aldı. Gələn ayın axırına yaxın o 230 lari (yəni üstündən əlavə 15 dollar) ödədi. İndi təşkilatlar birinci krediti faizsiz verir, o vaxtlar onların heç birinin belə bonusları olmayıb. Georginin maaşı o vaxtlar 500 lari (235 dollar) idi və bir gün o sadəcə gələn maaşa qədər pulunu xərclədi və yenidən borca elə həmin məbləği götürməli oldu. Gələn ayın axırına qədər artıq 280 lari (130 dollardan çox) ödədi. Aydan aya bu cür davam edirdi, ta məbləğ aylıq maaşının həcminə gəlib çatana qədər.
Məhz onda da Georgi borc quyusuna düşən bir çox adam kimi hərəkət etdi, yəni başqa bir təşkilata müraciət edib, əvvəlki borcunun qaytarılması üçün kredit götürdü. netcredit.ge təşkilatında faiz dərəcəsi bir az da yüksək idi. “Daha yüksək maaşlı iş tapa bilmirdim, bu zaman bütün maaşım 500 lari məbləğində olan ikinci kreditin ödənilməsinə gedirdi. Sonra da üçüncü kredit üçün müraciət etdim, elə eyni sxemlə ikinci kreditin ödənilməsi üçün. Və günlərin bir günü anlayırsan ki, artıq ödəməyə pul yoxdur, çünki cəmi 5 ay ərzində 500 lari dörd dəfə artıb, – Georgi danışır.
Terrorçu kollektorlar
Məhz müştərinin ödəmə qabiliyyətli olmadığı aşkar olunduğu andan da ən maraqlısı başlayır. Borclunun sakit həyatının sonu gəlir, çünki iş başına kollektorlar keçirlər. Bu isə o deməkdir ki, təşkilata borclu qalan müştəriyə psixoloji təzyiq göstərilməyə başlayır. Təhdid xarakterli telefon zəngləri, şantaj, təhdid, məktublar, dostlara və qohumlara, qonşulara və tanışlara edilən zənglər. Müştəridən borcunu ödəməyi tələb edən təşkilat əməkdaşlarının özbaşınalığının həddi-hüdudu yoxdur.
Sosial şəbəkədə isə “Onlayn kreditlərə yox adlı böyük bir hərəkat yaranıb. Çətin vəziyyətə düşən insanlar təcrübələrini bölüşür, məsləhət verir və hüquqi kömək alırlar. “Facebook şəbəkəsindəki səhifənin moderatorları kollektorların qanunazidd əməllərinin sübutu kimi mütəmadi olaraq kollektorların borcluları təhqir etdiyi, əmlakın, məişət texnikasının müsadirə edəcəkləri və ya fiziki zorakılıq təhdidlər səsləndirdiyi telefon danışıqlarının yazılarını yerləşdirirlər.
İşləri onların hüquq müstəvisində baxılması üçün məhkəməyə vermək daha doğru olardı. Amma bu, kreditorlara əl vermir, axı belə olan halda iş müttəhimin xeyrinə həll olunacaq. Məhkəmə borclunun aylıq maaşının həcmini nəzərə almaqla, məbləği bölərək, borcun ödənilməsi tələbini qoyacaq. Buna görə də təşkilat borcluya zəng edib, onu təhdid etməyi daha üstün tutur. Bu hücuma heç də hamı tab gətirmir.
Aprelin 23-də Badiauri kəndinin 24 yaşlı sakini özünü öldürdü. İstintaq çox tez bir zamanda həyatına qəsd edənin vivus.ge təşkilatına böyük borcunun olduğunu üzə çıxardı. O, vaxtında məbləği ödəyə bilməyib, bir müddət sonra isə ondan bu məbləğin üç qat artığını tələb ediblər. Mərhumun dostları danışır ki, kollektorlar gündə bir neçə dəfə zəng edib, təhdid və təhqirlər yağdırırdılar. Çox acınacaqlı vəziyyətə düşən adam öz dostlarına bu problemi danışarkən, bütün bunlardan cana doyduğunu və artıq həyatına qəsd etməyə hazır olduğunu deyib.
Nəzarətsiz biznes
Onlayn kredit təşkilatlarının Gürcüstan bazarında olduğu təxminən iki il ərzində onların pul tələsinə böyük sayda insan düşüb. Onlayn kredit təşkilatlarının sayının artması və borcun misilsiz yüksən faizləri sonda əhalinin kütləvi şəkildə yoxsullaşmasına və iqtisadi cəhətdən zəifləməyə gətirib çıxara bilər. Bank ekspertləri bildirir ki, onlayn kreditləşdirmə bazarı tamamilə nəzarətsizdir, istənilən nəzarətsiz biznes isə həm iqtisadiyyata, həm də əhaliyə ziyan vurur. “Bu təşkilatların fəaliyyəti açıq olmalıdır və hesabat verilməlidir, – Liya Eliava deyir. – Bu gün heç kim bilmir ki, onlar vergi ödəyirlər, ya yox. Hər bir belə təşkilata onun qanunu pozduğunu və buna görə məsuliyyət daşıyacağını deyən tənzimləyici orqan olmalıdır. Onların fəaliyyəti mütləq lisenziyalaşdırılmış olmalıdır, – deyə o qeyd edir.
Gürcüstan hökuməti artıq onlayn kreditləşdirmə sahəsinin tənzimlənməsi üzrə qanunverici təşəbbüsünün üzərində işləyir. Məlumdur ki, onlayn kreditləşdirmə bazarının tənzimləyici orqanı Gürcüstanın Milli bankı olacaq. Amma hakimiyyətə bu biznesin üzərində nəzarətin qurulması üçün (və yeni qurbanların pul tələsinə düşməməsi üçün) nə qədər vaxtın lazım olduğunu hələ heç kim bilmir.
Dərc edilib: 14.06.2016