Psixi problemləri olan adamların yaşadığı ev
Psixi xəstəxana yerinə kollektiv ev
Ermənistanda hələ də psixi problemli insanların hüquqları ilə bağlı məsələ acınacaqlı vəziyyətdədir. Digər postsovet ölkəlırində olduğu kimi burada psixiatrik xəstəxana onlar üçün son sığınacaq yeri olur.
Amma inkişaf etmiş ölkələrdə artıq çoxdan qapalı müəssisələri əvəz edən və insanların hüquqlarını və azadlıqlarını məhdudlaşdırmayan modellər fəaliyyətə başlayıb. Bu cür kollektiv evlər bu modellərdən biridir.
Ermənistanda kollektiv evlər 2000-ci ilin sonlarında yaranıb. İndi artıq yetkinlər üçün dörd belə müəssisə yaradılıb, onlardan biri Spitakda yerləşir. Spitak kollektiv evinin mahiyyətinin nədən ibarət olduğu və orada kimlərin yaşadığı haqda hekayə.
- “Xərçəng hökm deyil. Mən onun öhdəsindən gəlmişəm və normal həyatıma davam edirəm. Yerevandan video-hekayə
- Həyat əvəzinə həyat: müharibədə həlak olan erməni əsgərlərinin valideynləri üçün övlad sahibi olmaq imkanı
Spitak Evi
“Bizlərdən heç də çoxu böyük işlər görə bilmir, amma biz kiçik bir şeyi böyük sevgi ilə edə bilərik”, – Evin qapısı üstündə asılmış kağızda belə yazılıb. Birinci açıq qapıdan kompüter otağına keçmək mümkündür. Haradansa Vısotskinin mahnılarının sədaları gəlir.
Foyenin divarlarını müəllifləri Ev sakinləri olan qobelen və rəsmlər bəzəyir. Bir az irəlidə televizor və kitab rəflərinin olduğu istirahət otağı var. Kitabların və jurnalların nimdaşlığından görünür ki, burada çox oxuyurlar.
Evdə 18 nəfər yaşayır. Çoxu ali təhsillidir, burada tətbiqi riyaziyyat, beynəlxalq münasibətlər, xarici dillər üzrə mütəxəssislər, şərqşünas, mühəndislər var. Onların hamısını bir dam altında eyni xəstəlik toplayıb, hamısının diaqnozu – şizofreniyadır.
İlk 9 sakin 2016-cı ildə bura psixiatrik klinikadan gətirilib. Buna görə də onları burada xilas edilmişlər hesab edirlər. qalanlar heç vaxt xəstəxanada olmayıb, bura gələnə qədər evlərində, ailələri ilə birlikdə yaşayıblar.
“Sakinlərimizlə hətta saatlarla söhbət etdiyiniz zaman onların hər hansı probleminin olduğunu təsəvvür etmək çətindir. Onlar təhsilli, mehriban insanlardır. Bizim qapılarımız onların üzünə heç vaxt bağlanmır. Hər biri istədiyi vaxt çıxa bilir. Kiminsə qayıtmaması halı heç vaxt olmayıb. Sadəcə xahiş edirəm, çıxanda mənə desinlər ki, biz də narahat olmayaq – ailələrdə də olduğu kimi.
Sakinlərimizlə hörmətsiz davrandıqları üçün dörd əməkdaşı işdən azad etmişəm. Zaman-zaman anonim dəyərləndirmə aparırıq – himayəmizdə olanlar əməkdaşlar haqda fikirlərini paylaşırlar. Evin hər bir sakininin layiqli həyat sürmək haqqı var. Onlar bura gələnə qədər çoxları onları aldadıb. Amma indi onlar bilirlər ki, burada onlar müdafiə olunublar”, – Spitak Evinin direktoru Bavakan Petrosyan deyir.
300-500 xəstənin saxlanıldığı psixiatrik klinikalardan fərqli olaraq kollektiv evlərdə adətən 15-20 nəfər yaşayır. Onlar məişət qayğılarına – təmizlik, mətbəx və həyət işlərinə cəlb olunur.
Onlar hətta haradasa işləyə və əməkhaqlarını özləri idarə edə bilərlər. Hər birinin öz otağı və şəxsi əşyaları var. Ermənistanın dörd kollektiv evində hazırda ümumilikdə 48 nəfər yaşayır. Bütün üstünlüklərinə baxmayaraq, mütəxəssislər xatırladırlar ki, kollektiv evlər ailəyə yox, xəstəxanalara alternativdir.
Ev sakinləri şəhər tədbirlərinin heç birini buraxmırlar, idmanla məşğul olurlar, kilsəyə və ya yaxınlıqdakı gölə gəzməyə gedirlər. evdə onlar üçün art-terapiya və rəqs saatları təşkil edilir. Onların azadlıqları pandemiyaya görə lokdaun günlərində qismən məhdudlaşdırılmışdı, amma o zaman da onlar üçün məşğuliyyət tapılırdı.
Evin maliyyələşdirilməsini 40% dövlət təmin edir, bu, ancaq 14 əməkdaşa minimal əməkhaqqı ödəməyə yetir. Vəsaitlərin qalan hissəsi xeyriyyəçilərdən gəlir. Ev sakinlərinin əlillik müavinətləri də – hər birindən 30 min dram (təxminən 62 dollar) ümumi “xəzinəyə” gedir.
Bu məbləğin 80 faizi Evin ehtiyaclarına, bir hissəsi dərmanlara xərclənir, hər biri 2-3 min dram (4-6 dollar) özünə saxlayır – şəxsi xərcləri üçün.
“Xeyriyyəçilər olmasaydı, biz mövcud ola bilməzdik. Ötən illərdə ianələr daha çox olurdu, amma müharibə hər şeyi dəyişdi. İndi köməyə ehtiyacı olan insanlar çoxdur. Bundan başqa, bizim böyük torpaq sahəmiz var, biz sakinlərlə birlikdə oranı becəririk. Demək olar ki, həmişə yaxşı məhsul alırdıq – kartof, kələm, kök, paxla. Bizim heç olmasa yeməyə ehtiyacımız olmurdu. Hətta qışa konservlər də hazırlaya bilirdik.
Amma bu ilin yazında güclü dolu bütün məhsulu məhv elədi. Bu il bizim çox ağır günlərimiz oldu – çarəsizliyə qədər, amma şükür tanrıya, hər dəfə kritik məqamda xeyirxah insan olurdu, çətinliklərin öhdəsindən gəlməyə kömək edirdi”, – Bavakan Petrosyan deyir.
İndi müəssisə qarşısında daha ciddi problem durur. Ola bilər ki, ilin sonuna doğru binadan məhrum olsun. Məkanla təmin olunması haqda razılaşma ilin sonuna qədər bağlanıb, müqavilənin uzadılması haqda danışıqlar hələlik nəticə verməyib.
Ev sakinləri
Amaliya bura r4 il əvvəl psixiatrik xəstəxanadan köçüb. Səliqəli, gülərüz və çox nəzakətli qadın faciəvi hadisələrdə sonra xüsusi müəssisəyə düşüb. Anasının ölümündən sonra atası ailəsini və evini tərk edib, Amaliya evin tək sahibi olaraq qalıb.
Təsadüfi tanışları – ana və qızı yaxşı şərtlərlə evi onlara satmağı təklif ediblər. amaliya razılaşıb. Amma alqı-satqı müqaviləsini imzalayandan sonra alıcılar ona pul ödəməkdən imtina ediblər. Növbəti mübahisə bıçaqlı dava ilə sona çatıb. Amaliyanı aldadan qadınlardan biri xəstəxanalıq olub, o özü isə psixiatrik klinikaya yerləşdirilib:
“Bilmirəm necə oldu, sadəcə oldu. Mən universitetdə oxuyurdum, şərqşünaslıq universitetinin üçüncü kursunda. Beləcə təhsilimi başa vura bilmədim. İndi fars dilində danışıram və oxuyuram, amma yəqin ki tərcümələr edə bilmərəm. Çox şeyi unutmuşam. Burada çox oxuyuram və qobelenlər hörürəm. Hələ sərgilənməyən çox işlərim var – çərçivə üçün pul yoxdur”, – Amaliya deyir.
Ötən il bələdiyyə seçkiləri zamanı o, seçki qərargahında işləyib. 150 min dram maaşını dişlərinin müalicəsinə və paltara xərcləyib. Bu il ona yenə də iş təklif ediblər.
Bir neçə ay əvvəl Amaliya internetdə iranlı ilə tanış olub, onlar sıx ünsiyyət saxlayıblar, sevgi olduğunu sanıb.
“O, mənimlə görüşmək üçün Ermənistana gələcəyinə söz verdi. Söz verdi, amma gəlmədi”, – Amaliya deyir.
“Məyus oldun?” – soruşuram.
“Keçib artıq”, – indiyə qədər hətta ailəsindən də heç kimin ziyarət etmədiyi Amaliya deyir.
Çıxarkən soruşuram ki, növbəti dəfə gələndə sənə nə gətirim.
“Kitab gətir. Burdakıların hamısını oxumuşam. Alınsa, Bayronun əsərlərini gətir, çox xoşuma gəlir”, – o cavab verir.
Qayane Amaliya ilə bir otaqda yaşayır. Onun 27 yaşı var, bunun dörd ilini Evdə keçirib. Uğursuz evlilik, ailədə zorakılıq – fiziki və psixoloji, daha sonra psixi xəstəxanada müalicə.
Evdə özünə gələ bilib, fiziki və mənəvi tükənmişliyin öhdəsindən gəlib, müəssisə direktoru isə ailəsini gənc qadını valideynlik hüququndan məhrum etməməyə razı sala bilib. İndi o, burada ayda bir dəfə ziyarətçisi olan yeganə adamdır – iki övladı onun yanına gəlir. O, övladlarını daha tez-tez görmək istəyərdi, xərclərə qənaət etməli olur, amma bir görüş üçün yolpulunu ancaq ödəyə bilir.
“Uşaqlar gələnə qədər müavinətimdən pul yığıram, onlar üçün konfet alıram. Amaliya mənə toxumağı öyrədib, qızım üçün güllər və çələnglər toxuyuram. Əgər daha çox pul yığa bilsəydim, onlar ayda iki dəfə gələ bilərdilər, amma alınmır”, – Qayane deyir.
Evin qaydaları
Bütün sakinlər 7:30-da oyanır. Əvvəlcə otaqlarını yığışdırırlar, sonra digər işlərə başlayırlar. Burada hər kəsin öz vəzifəsi var: kimsə bütün günü növbətçidir, kimsə mətbəxdə yardım edir, başqaları bağda işləyir və dovşanlara qulluq edir.
Hər kəsə gün ərzində 10 siqaret və başqa müəssisələrin heç birində olmayan kofe verilir. Bir də burada hamının mobil telefonu var – xeyriyyəçilər hədiyyə edib.
Evdə nadir baş verən mübahisələrin səbəbi həmişə eyni olur – televizor pultuna görə.
Boranı şorbası, makaron, axşam isə balıq konservası ilə qarabaşaq yarması. Hər gün sobada 8 çörək bişir. Bugünkü menü, deyəsən, hamının ürəyincədir. Axşam isə onları sürpriz gözləyir – onların hər şeydən çox sevdikləri kartof piroqu.
Amma yenə də son zamanlar Evdə hamı bir az gərgindir – ilin sonunu və məkan məsələsilə bağlı qərarı gözləyirlər. Spitak Evinə düşmək üçün növbə gözləyənlərin sayı isə yüz nəfərdən çoxdur. Amma bu müəssisələrdə yer ancaq bir halda boşalır – sakinin ölümü halında.
Vısotskinin mahnılarını Baxın əsəri əvəz edib. Böyük sevgiylə kiçik işlər haqda yazı da ən azı ilin sonuna qədər burada asılı qalacaq. Daha sonra nə olacağını heç kim bilmir. Amma məkan məsələsi həll olunmasa, Evin 18 sakini ya küçədə qalacaq, ya da xəstəxanaya gedəcəklər. Buradakı sakinlərin heç birini evində və ailəsində gözləyən yoxdur.
Bavakan Petrosyan ümid edir ki, məsələ həllini tapacaq, əks halda Ev sakinlərinin üzünə necə baxacağını bilmir.