“Prosesin başlaması ümidvericidir”. Bakıdan şərh
Bakı və Xankəndinin rəsmi təmasları
Bakı ilə Xankəndi arasında rəsmi təmaslar başlayıb. Xocalıda Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan hakimiyyəti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında ilk danışıqlar aparılıb. Bakı təmas qrupunun rəhbəri Ramin Məmmədovun sözlərinə görə, müzakirələr əsasən humanitar məsələlər ətrafında olub. “Uzaq gedən proqnozlar vermək hələ tezdir, lakin prosesin başlanması ümidvericidir”, – deyə siyasi şərhçi Hacı Namazov bildirib.
- Bir insan həyatında iki müharibə
- Tarixi seçkilər ərəfəsində fəlakət: Türkiyədə nə danışırlar? İstanbuldan icmal
- “Ədalət bərqərar olmalıdır”. Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd olunur
Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında Azərbaycan hakimiyyətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında ilk rəsmi danışıqlar baş tutub.
Danışıqlardan sonra yerli mətbuata müsahibə verən Bakı təmas qrupunun rəhbəri, Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, danışıqlarda əsasən humanitar məsələlərə toxunulub. Jurnalistlərin bu formatda növbəti görüşün nə vaxt planlaşdırıldığı ilə bağlı sualına Məmmədov konkret cavab verməyib: “Növbəti görüşlər barədə jurnalistlərə məlumat veriləcək”.
“Rusiya danışıqlar prosesində inhisarçı olmağa çalışır”
Rusiya Azərbaycan-Ermənistan müstəvisində ipin ucunu əlindən qaçıraraq Avropa Birliyi missiyasının bölgəyə yerləşməsi kimi bir geopolitik şokla üzləşdiyi üçün Bakı-Xankəndi müstəvisindəki vasitəçiliyi özü təşkil edərək bu prosesdə inhisarçı rolunu təmin etməyə çalışır. Siyasi şərhçi Şahin Cəfərli belə hesab edir.
“Danışıqların nəticəsində Qarabağda qanunsuz istismar edilən yataqlarda Azərbaycanın monitorinqlər həyata keçirməsi, eləcə də Laçın yolunda yüklərin yoxlanılması üçün skaner quraşdırılması (Azərbaycan sərhədçilərinin iştirakı olmadan) razılaşdırıla bilər.
Amma dialoq doğru üsul olsa da, ümumilikdə prosesin Rusiyanın nəzarətində qalması uzunmüddətli həll baxımından məqsədəuyğun deyil. Dialoqun ikitərəfli əsasda təşkili Azərbaycanın maraqlarına daha uyğun fotrmatdır.
Yeri gəlmişkən, bu təmaslar Ruben Vardanyanı səhnə arxasına çəkən gücün Rusiya olduğu rəyini də gücləndirir”, – Cəfərli qeyd edib.
“Uzaq gedən proqnozlar üçün hələ tezdir”
“Gəlin ondan başlayaq ki, rəsmi Bakı Xankəndi ilə danışıqlar prosesinin başlanmasına ehtiyatla yanaşdı. Bu görüş heç yerdə elan olunmayıb və biz bu barədə yalnız Ermənistan mətbuatında Rusiya sülhməramlılarına istinadən məlumat çıxandan sonra öyrəndik. Yalnız bundan sonra Azərbaycan mətbuatı görüşlə bağlı xəbər yaymağa, eləcə də təmas qrupunun rəhbərini ictimaiyyətə təqdim etməyə tələsdi”, – deyə siyasi icmalçı Hacı Namazov vurğulayıb.
“Tez-tez olduğu kimi, Qarabağ erməniləri ilə növbəti görüşlərin yeri barədə naməlum “diplomatik mənbələrdən” dərhal inandırıcı səslənməyən xəbərlər gəldi. Ağdam, Bərdə, hətta Gəncə kimi şəhərlərin adını çəkirlər. Görüşlərin Rusiya sülhməramlılarının iştirakı olmadan ikitərəfli əsasda baş tutacağına işarə edirlər.
Amma danışıqlardan sonra Ramin Məmmədovun müsahibəsini oxuyanda görmək olar ki, hələlik uzaq gedən proqnozlar vermək tezdir.
Aydındır ki, Xankəndidəki tanınmamış rejim tamamilə Rusiyadan, xüsusən də Rusiya sülhməramlı kontingentindən asılıdır. Çətin ki, ruslar Qarabağ ermənilərinin nəzarət etdikləri ərazidən kənarda Azərbaycan hakimiyyəti ilə görüşə icazə versinlər. Burada məntiq sadədir – Rusiya ofsayd mövqeyində qalmaq istəmir.
Danışıqların mümkün nəticələrinə gəlincə, bu, Sergey Lavrovun Bakıya səfəri zamanı əvvəlcədən müəyyən edilib. Kreml Laçın yoluna Azərbaycan sərhədçiləri və gömrükçülərinin yerləşdirilməsinə icazə verməyəcəyinə eyham vurub, əksinə, Azərbaycana bu yolda məsafədən rentgen skanerlərinin yerləşdirilməsini təklif edib. Bu, Bakıya dəhlizlə daşınan yükləri real vaxt rejimində yoxlamağa imkan verəcək. Bəs orada birdən arzuolunmaz məhsul aşkar edilərsə nə olacaq? Bakının prosesə operativ müdaxilə mexanizmi varmı – bunu hələlik bilmirik.
Azərbaycanlı mütəxəssislər tərəfindən Qarabağdakı yataqların monitorinqi daha da çətinləşir. Bununla da təkcə yoxlama deyil, həm də inventarlaşdırma nəzərdə tutulur. Azərbaycan tərəfi artıq bu mədənlərin işlənməsi üçün Britaniya operatoru ilə müqavilə imzalayıb. Yəni monitorinqdən sonra bu şirkət orada fəaliyyətə başlamalıdır. Baxaq görək əslində necə olacaq və sonda nələrə gətirib çıxaracaq”, – o əlavə edib.