Prodüser Harvi Vaynşteyn seksual zəmində cinayətlərdə təqsirli elan olunub
Paylaşmaq
Paylaşmaq
Nyu Yorkda beş gün davam edən iclasdan sonra andlılar belə qərara gəliblər ki, prodüser Harvi Vaynşteyn seksual zəmində cinayətlərdə günahkardır – CNN xəbər verib.
Ümumilikdə məhkəmə Vaynşteyni seksual zəmində cinayətlərdə günahlandıran 80 qadının şahidliyini dinləyib. O, iki epizod üzrə təqsirli bilinib – seksə məcbur etmə və təcavüz.
İndi Vaynşteyn ən azı 5 ilini həbsxanada keçirəcək. Cəzanın maksimum həddi 20 ildən çox ola bilər. Vaxtilə Hollivudun ən varlı və nüfuzlu şəxslərindən biri olan Vaynşteyni məhkəmə zalından əli qandallı çıxarıblar.
67 yaşlı Vaynşteyn Oskar layiq görülmüş və Böyük Britaniya Kino Akademiyasının mükafatını almış bir çox filmlərin prodüserliyini edib. Onlardan ən məşhuru “Aşiq Şekspir” filmidir. Onun ilk işlərindən biri olan “Rok-şou” filmində Pol Makkartni çəkilib.
Vaynşteynin çöküşü 2017-ci ildə, bir neçə Hollivud aktrisasının “The Newyorker” və “The New York Times” nəşrlərinə prodüserin onları peşəkar karyera ilə şantaj edərək seksə məcbur etdiyini və ya onlara təcavüz etdiyini danışandan sonra başlayıb. Bu aktrisalar arasında Ancelina Coli və Qvinet Peltrou kimi ulduzlar da olub.
Bu materialların dərcindən sonra Vaynşteynə qarşı cinayət işi qaldırılıb, o, özünə məxsus “Marimax” şirkətində tutduğu bütün vəzifələrdən getməli olub, həyat yoldaşı ondan boşanıb.
Harvi Vaynşteynin çöküş hekayəsi həm də “Metoo” hərəkatının bərqərar olması hekayəsidir. Bu hərəkat 2006-cı ildə ictimai fəal və yazıçı Turina Berk tərəfindən seksual zorakılıqdan ziyan görmüş qadınları dəstəkləmək üçün yaradılıb.
Qlobal məşhurluğu isə hərəkat 2017-ci ildə, Alissa Milano Twitter hesabında qadınları onlara qarşı törədilən seksual zorakılıq haqda yazmağa və bunu #metoo heşteqi ilə paylaşmağa çağırandan sonra qazanıb.
Harvey Weinstein məhkəmə salonunda. REUTERS/Jane Rosenberg