BLOG: Problemləri öz gücümüzə həll etdik
Bir dəfə yaxın dostum bacısıqızını uşaq bağçasına düzəltmək üçün məndən kömək istədi. O zaman mən ilk dəfə bu problemlə qarşılaşdım və anladım ki, bu, o qədər də asan məsələ deyil. Stepanakertdə uşaq bağçaları var, amma uşağı bağçaya qoymaq üçün bir il əvvəldən düşünüb-daşınmaq lazımdı. İldən ilə ömrümüzün sevinci olan uşaqların sayı artır və onların inkişafı üçün uşaq bağçalarına ehtiyac var. Bağçalar həm də onların valideynlərinin öz işləri ilə məşğul olmaları üçün zamanı olsun deyə lazımdır…
Artıq bir neçə aydır ki, Lena ilə internet vasitəsilə ünsiyyətdəyəm. Onun əri irlandiyalı Pol ilə şəxsən tanışam, ofisimizə dəfələrlə gəlib. Həmişə də onun ermənicə mükəmməl danışması məni təəccübləndirib. Onların hekayəsini öyrəndim: hər ikisi Yerevanda ictimai təşkilatlardan birində könüllü olaraq çalışıb, təbii olaraq Pol gözəllər gözəli Lenaya aşiq olub, başqa cür ola da bilməzdi. Evləniblər, övladları dünyaya gəlib…
Bilirdim ki, Stepanakertdə Lenanın kiçik uşaq qrupu var. Bu qrupu öz gözlərimlə görmək istədim, odur ki, bu “uşaq bağçasını” ziyarət etmək üçün ondan izn istədim. Lena razılıq verdi və üç gün əvvəl o Yerevandan Stepanakertə gələndə onunla görüşdük.
Təyin olunmuş saatda Stepanakertin kənarında Lenanın uşaq qrupu üçün məkan icarələdiyi şəxsi evi qarşısına gəldim. Ətrafa göz gəzdirdim. Buranın təbiəti gözəldir, dağlarla əhatələnib. On dəqiqəlik yerimə məsafəsində isə meşəlikdir. Lena balaca oğlu Daniellə gəldi…
Biz otağa girib, uşaqların gəlməsini gözlədik. Ətrafa boylandım, divarlarda şən rəsmlər asılmış, rəflərə uşaqların oyuncaqları düzülmüşdü…
Təxminən iyirmi dəqiqəmiz vardı və mən özü, uşaq qrupu haqda danışmasını istədim. Mənim üçün hər şey maraqlı idi…
“Əslən Bakıdanam, orada Montin qəsəbəsində yaşayırdıq. O vaxt balaca olsam da, uşaq bağçamız yaxşı yadımdadır. Bir dəfə bizi gəzməyə aparmışdılar, mən də beşinci mərtəbədəki mənzilimizi uşaqlara fəxrlə göstərmişdim. Bağçada bayram vaxtı “Maşa və ayı” tamaşası qoyulanda isə mən Maşa rolunu oynamışdım.
Ailə qurandan sonra ərimlə birlikdə Qarabağa getdik, orada dörd il yaşadıq, sonra yenə Ermənistana qayıtdıq. Stepanakertə 2013-cü ildə köçdük və dərhal uşağı bağçaya qoymağa qərar verdik. Həm də Qarabağda səmərəli nə ilə məşğul olacağımızı düşünmək niyyətindəydik. Biz bütün uşaq bağçalarını gəzdik, amma heç birində yer yox idi, üstəlik biz şəhər sakini deyildik, qeydiyyatımız yox idi.
Bununla da uşağımla özüm məşğul olmaq qərarına gəldi, çünki övladımın öz yaşıdlarından geri qalmağını istəmirdim. Məlum oldu ki, bu problemi tək mən yaşamıram, çünki uşaq bağçaları dolu idi. İki-üç uşaq da gətirdilər yanıma ki, onlarla da məşğul olum. Daha sonra kiçik qrupumuz haqqında qulaqdan qulağa xəbər yayıldı, valideynlər öz uşaqlarını gətirməyə başladılar. Artıq beş ildir ki, buradakıların dili ilə desək, uşaq bağçamız fəaliyyət göstərir. Amma bura uşaq bağçası deyil, bu, bizim məşğul olduğumuz uşaqlardan ibarət qrupdur. Onların sayı ondan çox deyil, yaşları isə 2 yaş yarımdan 5 yaşa qədərdir. Hər bir uşaqla fərdi məşğul oluruq, onun xarakterinə, ailəsinə bələdik. Uşaqlarla erməni dilində ünsiyyət qururuq ki, birinci sinfə gedəndə onlarla işləmək pedaqoqlar üçün asan olsun. Amma erməni ilə yanaşı onlara rus və ingilis dili dərsləri də keçirilir ki, bununla da könüllülər məşğul olur”, – mənə Lena danışıb.
Bu zaman içəri yanında uşaqla gənc qadın girdi. Lena bizi tanış elədi. Sən demə, bu, tərbiyəçi Arev Apresovadır. Valideynlər də uşaqlarını gətirməyə başladılar. Pəncərədən havanın dumanlı olduğu görünür, yağış şüşəni döyəcləyirdi. Lena dedi ki, belə havada valideynlərin heç də hamısı uşağını gətirmir. Həqiqətən də belə oldu. Uşaqlardan üçü gəlmədi…
Valideynlər balacaların ayaqqabılarını çıxardıqları müddətdə Lena söhbətə davam etdi: “Biz uşaqları ətraf mühitlə də tanış edirik, birlikdə kilsəyə, kitabxanaya, çörəkxanaya gedirik, uşaqlar orada çörəyin necə “doğulduğunu” görür. Yaşadığımız dünyanı onlara əyani şəkildə göstəririk. Kəndlərə gedirik, uşaqlar ev heyvanlarını görür, onların necə saxlandığını, necə yemləndiyini, inəklərin necə sağıldığını öyrənirlər. Məsələnin məğzi nədir? – Qrup kiçik olanda bütün bunları təşkil eləmək olur, amma qrupda 50-60 uşaq olanda bu mümkün deyil. Payızda meşəyə gedirik, yarpaqları toplayırıq, fəsillər haqda danışırıq. Bəzən valideynlərə deyirik ki, uşaqlar rezin çəkmədə gəlsinlər, qoy həyətdə və ya meşədə gölməçələrdə qaçsınlar. Uşaqlarımızın valideynləri övladlarında gedən inkişafı öz gözləri ilə görürlər və bizim işimizdən çox razıdırlar…”
Uşaqlar gələn kimi sevimli oyuncaqlarına doğru qaçıb, onlarla oynamağa başladılar.
Amma gündəlik nizam-intizam vacibdir, hətta uşaqlar olan yerdə də…
Uşaqlar Lena və Arev ilə birlikdə musiqinin müşayiətilə məmnuniyyətlə səhər idmanlarını etdilər, bunun onların xoşuna gəldiyi hallarından bəlli idi. Arev qrafik üzrə uşaqlarla işləməyə davam etdiyi müddətdə biz Lena ilə ləzzətli çay içir, söhbətləşirdik. Onun münaqişəyə münasibəti və münaqişənin onların uşaqlarla işinə neçə təsir etdiyi mənim üçün maraqlı idi.
“Münaqişə ilə bağlı fikrim birmənalıdır – hər iki tərəfdə sadə insanlar dinc yaşayır, onlar əziyyət çəkirlər, amma belə olmamalıdır. Bizim qrupda tapança, avtomat, qılınc, ümumiyyətlə silah oyuncaqlar yoxdur, çünki biz belə oyuncaqları doğru saymırıq. Ötən ilin aprelində, cəbhə xəttində hərbi əməliyyatlar gedəndə uşaqların valideynlərinin razılığı ilə biz qrupumuzu müvəqqəti bağlamadıq, işimizə davam etdik. Biz uşaqlara həmin vaxt şəhərdə mövcud olan gərginlikdən qopmağa kömək elədik. Bundan başqa, aprel müharibəsinin getdiyi ilk gündən Martakertdən olan bir ailəyə sığınacaq verdik, onlar bir ay burda qaldılar. Onların iki balaca uşağı qrupumuza qoşuldu, bu da onlara sarsıntı halından tez çıxmağa imkan verdi. Aprel müharibəsi bitəndən sonra uşaqlarımızın valideynləri onların övladlarına bu ağır günləri sarsıntıdan uzaq keçirdikləri üçün bizə minnətdarlıq etdilər. Mən özüm çox şey yaşasam da, bütün bunların nə vaxtsa kabus kimi keçib gedəcəyinə ümid edirəm”, – Lena deyir.
Lena çayımı təzələyib, nimçəyə “Napoleon” tortundan bir dilim qoyur, sonra da Arevə yaxınlaşıb birinci günorta yeməyi haqda danışır. Bundan sonra isə qarşımdakı stula əyləşir, söhbətimizə qaldığımız yerdən davam edirik.
“Biz uşaqlara başqa yerlərdə olduğu kimi müharibə, düşmənlər haqda danışmırıq, uşaqlara sülh və dostluğa söykənən bir gələcəyə ümid aşılamağa çalışırıq. Uşaqlar eşitdikləri hər şeyi beyinlərinə həkk edirlər və böyüklərin buna necə reaksiya verdiyi çox vacibdir. Uşaqların çoxu nəçi olmaq istədiyini soruşanda belə cavab verirlər: “Hərbçi olub, düşməni öldürmək istəyirik”. Biz uşaqlara göstərməyə çalışırıq ki, hərbçi qatil yox, dost və müdafiəçidir və sülh içində yaşamaq daha yaxşıdır”, – Lena deyir.
Qrupda uşaqlar çox olmasa da, Arev üçün onlarla təkbaşına işləmək çətin olardı. Lenadan soruşdum, o da belə cavab verdi: “Bizim çoxlu könüllülərimiz var. Baxırsan ki, gənc tələbə qız gəlir, deyir ki, bu gün iki-üç saat boş vaxtı var, bizə kömək etmək istəyir, bizə öz xidmətlərini təklif edir. Arev ixtisasca filoloqdur. Ötən il onun oğlu da bizim qrupumuza gəlirdi. İndi onun digər uşağı burda böyüyür. Arev deyir ki, burda uşaqlara necə baxıldığı, onlarla necə məşğul olunduğu onun xoşuna gəlir və bizə öz köməyini təklif etdi.
Qrupumuza uşaq yığanda fiziki problemləri olan və ya autizmli uşaqlardan imtina etmirik. Mən autizmdən əziyyət çəkən uşaqlara qulluqla bağlı kurs keçmişəm, müxtəlif metodlar öyrənmişəm.
Onlara daha çox diqqət ayırırıq, belə uşaqların valideynləri də rahat olur. Yeri gəlmişkən, belə uşaqların valideynləri özləri də çox vaxt könüllü kimi çıxış edir, öz köməklərini təklif edirlər.
Qrafik səhərdən saat 9-dan gündüz 1-ə qədərdir. Ödəniş ayda 7000 dramdır (1 dollar 478 dramdır). Bir qayda olaraq, bu pul uşaqların naharına və əl işi üçün ləvazimat (qələm, quaş, rəngli kağız, plastilin və sairə) almağa gedir. Burada gördüklərinizin çoxu (şkaf, masa və sair) uşaqların valideynlərinin hədiyyəsidir. Hər bir uşağa ayrıca diqqət ayırmağımız, onların hər “şıltaqlığına” əml etməyimiz onların xoşuna gəlir. Uşaqlarımızdan biri rəsm çəkməyi sevir, biz də bütün qrupla rəsm qalereyasına getdik. O uşaın üzünü görmək lazımdı. Başqa bir uşaq yanğınsöndürən maşınları çox sevir, deyir ki, böyüyəndə yanğınsöndürən olacaq. Biz Fövqəladə Hallar İdarəsinin rəhbərliyi ilə danışdıq və bütün qrupla onları ziyarətə getdik. Yanğınsöndürənlər uşaqlara xüsusi maşınları, həyəcan siqnalı gələndə necə davrandıqlarını, yola necə hazırlaşdıqlarını, damdan necə düşdüklərini… göstərdilər. Balacalar heyran qalmışdılar, həm də təkcə balacalar yox…”
Yazının əvvəlində Lenanın həyat yoldaşı Polu tanıdığımı yazmışdım və mənə maraqlı idi ki, xanımının bu fəaliyyətinə onun münasibəti necədir. Nəzərə alsaq ki, onlar indi Yerevanda yaşayırlar və Lena ayda azı bir dəfə Stepanakertə gəlməli olur.
Lena gülümsəyərək izah edir: “Ərim məni dəstəkləyir, o olmasaydı, mən bu işlə məşğul ola bilməzdim. Hazırda o, evdə oturub, uşağa qulluq edir”.
Lena ilə söhbət zamanı onu da öyrəndim ki, erməni və rus dillərində nağıllardan başqa qrupda uşaqlara balacalar üçün nəzərdə tutulmuş Bibliyanı da oxuyurlar. Lena belə deyir: “Biz xristian dövlətiyik və istəyirik ki, uşaqlar inanclı böyüsünlər, xristian dəyərləri onlara yaxın olsun…”
Budur, uşaqların baxımı problemini öz güclərinə həll etmiş, könüllülük əsasında kiçik qrupda uşaqların saxlanmasına, tərbiyəsinə kömək edən bu heyrətamiz insanlar haqda yazım sona çatdı. Və mən çox şadam ki, uşaqlar etibarlı əllərə düşüb. Böyüklər uşaqların qəlbində öz vətəninə sevgi ilə yanaşı xeyirxahlıq, alicənablıq toxumu cücərdir. Onlar hörmətə layiqdirlər…