Praqa bəyanatı Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaqmı? Bakı və Yerevandan xəbərlər və təhlil
Praqa bəyanatı. Bakı və Yerevandan təhlil
Praqa görüşündə Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində bir-birinin ərazi bütövlüyünü tanıyıblar – sammitdən sonra açıqlanan bəyanatda belə deyilir. Bu açıqlamadan sonra Bakı və Yerevanda nələr danışılır? Azərbaycan və Ermənistan paytaxtlarından son xəbərlər və ekspertlərin dəyərləndirməsi.
- Ermənistan və Azərbaycan XİN rəhbərlərinin danışıqları: vasitəçilər kadr arxasında qalıblar
- “Xəyanət daha necə olur?” Azərbaycanda əsirlərin güllələnməsi videosu müzakirə edilir
- Azərbaycan vətəndaşların azad toplaşmaq hüququnun pozulması səbəbilə cərimələnib
Ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması haqda əldə edilən razılıq sülh müqaviləsinin hazırlanması və dövlətlərarası sərhədlərin delimitasiyası prosesində iki ölkənin mövqelərini yaxınlaşdıra bilər. Ancaq hər şey bu qədər birmənalıdırmı?
Biz burada Bakı və Yerevandan son xəbərləri, o cümlədən də hər iki ölkədən olan siyasi icmalçıların dəyərləndirmələrini toplamışıq.
Bakıdan informasiya
Əliyev Praqada nə haqda danışıb?
Avropa Şurasının sədri Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla birinci və ikinci görüşləri arasında Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibə verib.
Əliyev bildirib ki, Azərbaycan və Ermənistan tədricən sülhə yaxınlaşır. “Sülh prosesinə impuls verilib”, – deyə o qeyd edib.
“Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar”, – Azərbaycan prezidenti əlavə edib.
Əliyev həmçinin Qarabağ və burada yaşayan erməni əhalinin gələcək taleyi mövzusuna da toxunub:
“Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, – mən bunu dünən Ağdamda demişəm, – bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
“Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”, – deyə o əlavə edib.
Bakıdan şərh
Praqa görüşündən sonra qəbul edilən bəyanatda ən vacib məqam Azərbaycan və Ermənistanın BMT-nin Nizamnaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etmələridir – siyasi icmalçı Aqşin Kərimov vurğulayıb.
Onun fikrincə bu teziz delimitasiya üzrə komissiyaların işi üçün təməl amil olacaq:
“İkinci istiqamət budur ki, bu sənəd də Ermənistanın əlinə Qarabağ mövzusuna vurğu edən kontekst vermir və Azərbaycan öz ərazisindəki ermənilərin hüquqlarını daxili qanunvericilik funksiyaları ilə tənzimləmək hüququnu möhkəmləndirir.
Üçüncü, bəyanat sadəcə Ermənistanın sülhdən boyun qaçırmaması üçün vacib sənəd hesab oluna bilər, lakin mümkündür ki, sonrakı gedişatlarda Ermənistan Azərbaycanın delimitasiyaya dair tələblərinin həcmi ilə razılaşmasın. Həmin an isə növbəti hərbi əməliyyatlara zəmin yaradan yeni başlanğıc nöqtəsi ola bilər. Görüşdə açıqlanmasa da, hesab etmək olar ki, sentyabrdakı sərhəd toqquşmalarının ərazi üzrə dəyişiklik yaradan nəticələri müzakirə masasında yer alıb və Ermənistandan bufer zonaya dair zəmanətlər tələb edilib”.
Kərimov qeyd edib ki, Ermənistanın Avropa İttifaqı missiyasını öz sərhədlərinə buraxmasını, Rusiya özünə atılan kəllə kimi dəyərləndirə bilər. “Bu mənada, “Moskva Yerevanı cəzalandırmaq üçün yeni mexanizmləri dövriyyəyə salacaq”, – deyə siyasi icmalçı bildirib.
O həmçinin xatırladıb ki, Azərbaycan öz ərazisində belə missiyaya razılıq verməyib, “çünki bu, dünyanın qapaqları atan qazanları fonunda regiona təhdid gətirə bilər”.
Kərimov həmçinin Praqada əldə olunan razılaşmalar fonunda hadisələrin gələcək inkişafına dair proqnozlarını da bölüşüb:
“1. Sülh müqaviləsinə yaxınlaşma onu göstərir ki, sənədin qaralama mətni hazırdır. Buna baxmayaraq, Azərbaycan Yerevandan zəmanətlər almaq üçün şərtlər seriyasını davamlı hala salacaq.
2. Yerevan sülh gündəliyini qara rənglə boyamağa cəhdlər göstərəcək və Azərbaycanın güc tətbiqi ilə üzləşmək riski ilə qarşılaşa bilər.
3. Rusiya hələlik Praqa danışıqlarının nəticələrini qısqanclıqla qarşılamayacaq, lakin ABŞ həmin yekunu öz xeyrinə çevirmək məqsədləri güdərsə, Moskvanın cavabı olacaq.
4. İnandırıcı gəlmir ki, Rusiya onun çətiri altından çıxıb Qərbə sığınmağa çalışan Ermənistana dəstək dursun, buna görə də, Kreml Azərbaycana sərmayə yatıraraq Yerevana başqa təzyiqləri işə salacaq”.
Yerevandan informasiya
Praqada keçirilən iki raund danışıqlardan sonra Ermənistanda indiyədək tərəflərin qəbul etdiyi bəyanatın yalnız mətni dərc olunub. Bu, sadəcə Nikol Paşinyan tərəfindən Twitter-də qısa yazı ilə tamamlanıb:
“Praqada mən bütün regional kommunikasiyalarınaçılması təklifimizi təsdiqlədim. Azərbaycan yenə də müsbət cavab vermədi. Mən təsdiq edirəm ki, Ermənistan suverenliyimizə və qanunvericiliyimizə tam hörmətlə yanaşaraq bütün regional kommunikasiyaların açılmasına hazırdır”.
Əslində, Ermənistanın baş naziri deyir ki, Azərbaycan Ermənistandan ölkənin cənubundan, Sünik bölgəsindən “dəhliz”, yəni Ermənistan tərəfinin nəzarət etməyəcəyi yol verməsini tələb etməkdə davam edir. Paşinyanın mətnindən aydın olur ki, Ermənistan da öz mövqeyində israrlıdır: yollar təmin olunacaq, lakin bu ərazilərdə suveren nəzarət saxlanılmaqla.
Danışıqlardan dərhal sonra Ermənistanın baş naziri Praqadan MDB-nin qeyri-rəsmi sammitinin keçiriləcəyi Sankt-Peterburqa yola düşüb, ona görə də ondan hələlik başqa açıqlama və izahat gözlənilmir.
Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın Facebook-dakı paylaşımını Ermənistan hakimiyyətinin bəyanatının mətninə şərh hesab etmək olar. O, Ermənistan tərəfi üçün iki vacib məqamı qeyd edib:
1. “Azərbaycan sərhəd boyu yerləşəcək Aİ-nin mülki missiyası ilə əməkdaşlığa razılıq verib”.
Marukyanın fikrincə, bu o deməkdir ki, “Azərbaycanın sonrakı təcavüzü yerindəcə izləniləcək, üstəlik, Ermənistanın suveren ərazisinin artıq işğal olunmuş hissəsi qeydə alınacaq”.
O, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin 5 oktyabr 2022-ci il tarixli bəyanatını dərhal xatırladır. Orada deyilir ki, “Avropa İttifaqı təmas zonasına müşahidə missiyası göndərmək istəyirdi, lakin Azərbaycanın etirazı ucbatından missiya göndərmək mümkün olmayıb”.
2. “Azərbaycan BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistanı tanımağa razılıq verib, bundan sonra Azərbaycan artıq delimitasiya prosesində Ermənistanın suveren ərazisinə heç bir ərazi iddiası irəli sürə bilməz. Bu həm də o deməkdir ki, Azərbaycan silahlı qüvvələri əvvəllər işğal etdiyi ərazilərdən çıxmalıdır”.
Yerevandan şərh
Siyasi icmalçı Akop Badalyanın fikrincə, Ermənistan və Azərbaycan “sərhədlərin toxunulmazlığı ilə bağlı müəyyən razılığa” nail olmağa çalışırlar. Onun sözlərinə görə, buna hər iki ölkənin ərazi bütövlüyü haqqında protokol imzaladığı Alma-Ata Bəyannaməsinə istinad sübut edir.
Badalyan vurğulayır ki, indi bu razılığın sülh sazişində necə təsbit olunacağını anlamaq lazımdır.
“Məlumdur ki, Yerevan Dağlıq Qarabağın təhlükəsizliyi və hüquqları məsələsini də qaldırır. Bu hal hansısa yolla müqavilədə öz əksini tapmalıdır, əks halda bu razılaşma tələyə çevriləcək, orada Artsax Bakıda necə deyərlər, “Azərbaycanın daxili probleminə” çevriləcək”, – deyə o JAMnews-a bildirib.
Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının yerləşdirilməsindən danışan ekspert qeyd edir ki, söhbət hərbçilərdən yox, müşahidəçilərdən gedir. Buna görə də, bu, daha aşağı missiya statusunu, daha aşağı məsuliyyət dərəcəsini nəzərdə tutur:
“Mən təsəvvür edə bilmirəm ki, vətəndaş missiyası hansı nəticəni verəcək, Azərbaycanı nə qədər cilovda saxlayacaq. Xüsusən də nəzərə alsaq ki, regionumuzda sabitliyin pozulmasının motivləri daha dərin hərbi və siyasi köklərə malikdir”.
İcmalçının fikrincə, müşahidəçilərin yerləşdirilməsi ilə bağlı razılaşma yalnız Praqadakı görüşün müəyyən nəticələr verdiyini göstərmək üçün müəyyən edilib.
Digər tərəfdən, o qeyd edir ki, hərbi müşahidə missiyasının yerləşdirilməsi koordinasiya baxımından mürəkkəb və çoxsəviyyəli məsələdir:
“Sual yaranır ki, Fransa və ya hər hansı digər ölkə Ermənistan-Azərbaycan sərhədində hərbi müşahidəçilərin iştirakı ilə vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdırmı? Azərbaycan, Türkiyə və Rusiya Aİ-nin hərbi müşahidə missiyasını cəlb etməyə razılaşacaqmı?”
Vətəndaş missiyası ilə bağlı çoxlu suallar var. Məsələn, Azərbaycan niyə missiya ilə “məhz ona aid olduğu dərəcədə” əməkdaşlıq etsin? Badalyanın sözlərinə görə, Praqada keçirilən dördtərəfli görüşün nəticələrini və mövcud vəziyyəti yalnız bu və bir çox digər suallara cavab aldıqdan sonra qiymətləndirmək mümkün olacaq.
“Bir şey aydındır: Ermənistan sərhədlərin tezliklə tənzimlənməsində maraqlıdır ki, Azərbaycan hərbi üstünlüyünü siyasi üstünlüyə çevirmək imkanından məhrum olsun. Azərbaycan elə bir vəziyyətə düşsün ki, istənilən sabitliyi pozan hərəkətin siyasi məsuliyyətə səbəb olacağı aydın olsun. Buna nə qədər yaxın olduğumuzu söyləmək çətindir. Aydın mexanizmlər hələ görünmür”, – ekspert vurğulayıb.
Akop Badalyan hesab edir ki, demarkasiya və delimitasiya prosesini sürətlə həyata keçirmək mümkün deyil. O, vurğulayır ki, hətta Ermənistan-Gürcüstan sərhədində münaqişənin olmadığı halda belə, uzun illərdir ki, proses gedir.
Təhlilçi deyir ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün iki format var: Moskva və Brüssel. Dördbucaqlının yeni formata çevriləcəyini söyləmək çətindir. Xatırladaq ki, Makronun təşəbbüsü ilə bu ilin martında eyni tərkibdə videokonfrans keçirilib. Lakin bundan sonra aylarla dördtərəfli formatda heç nə baş verməyib.
“Biz artıq formalaşmış formatla məşğuluq, yoxsa Fransa sadəcə olaraq “oyundan kənarda qalmamaq”, öz yerini və rolunu göstərmək üçün öz imkanlarından istifadə etməyə çalışırmı, demək çətindir”, – deyə müşahidəçi yekunlaşdırıb.