Poti Gürcüstanın kasıb varlı şəhəri
Poti Gürcüstanın ən böyük liman şəhəridir. Öz gəlirləri sayəsində ölkənin mərkəzi büdcəsini də doldura, özü də yaxşı yaşaya bilər.
Amma Gürcüstanda özünüidarə elə qurulub ki, bu gün şəhərin gəlirləri demək olar ki, bütünlükdə mərkəzi büdcəyə gedir.
Poti sakinləri isə yoxsulluqdan və işsizlikdən şikayətlənirlər. Ölkənin əsas liman şəhərində kanalizasiya xətti, yollar bərbad vəziyyətdədir, axıntı drenajları olmadığı üçün hər yağışdan sonra şəhəri su basır. Poti balıq qoxusundan boğulur, sakinlər ağcaqanadlardan və ağır metallarla çirklənmiş havadan əziyyət çəkirlər.
Bataqlıq üzərində şəhər
Gürcüstan üçün əsas alışıq olmayan şey şəhərin planıdır – simmetrik məhəllələri, eyni həcmli evləri və yaşıl həyətləri olan sərt perpendikulyar və paralel küçələr – yuxarıdan, məsələn dronla çəkiliş zamanı mənzərə daha yaxşı açılır.
Əhalisi 40 min nəfərdən bir qədər çox olan Poti yəqin ki, Gürcüstanın yeganə şəhəridir ki, burada şəhərsalma xaosu hiss olunmur.
“Bu, Paris planıdır”, – bu simmetriya haqda suallara cavab verən Poti sakinləri qürurla deyirlər.
Potinin mərkəzində limanın yaxınlığında tağlı piyada körpüləri olan kiçik yaşıl bağ var.
Kölgədə taxta oturacaqda iki yaşlı adam oturub – saçları tamam ağarmış dama-dama şalvarlı kişi və klassik qara şalvarlı və krassovkalı qadın eyni zamanda rus və gürcü dilində danışırlar.
“Yura Şilovitski”, – kişi özünü təqdim edir. O deyir ki, uşaqlığından başlayaraq bütün həyatı Poti limanı ilə bağlı olub.
“Potinin hekayəsi limandan başlayır. Burada gördükləriniz, bu binalar limanın yaşayış evləridir. Bu şəhər limanla birlikdə və liman üçün tikilib… Potinin futbol komandası “Kolxeti” də limana məxsus idi”, – o danışır.
Poti şəhəri Qara dəniz sahilində, Gürcüstanın qərbində Kolxidi düzənliyində, Sameqrelo-Zemo Svaneti regionunda yerləşir.
Dənizdən başqa şəhərdə Rioni çayı da axır, bundan başqa şəhər iki böyük göllə – Paliastomi və Okros Tba (“Qızıl göl”) ilə əhatələnib.
Potinin tarixi hələ eramızdan əvvəl, VII-VI əsrə aid əfsanəvi Fazis şəhərindən başlayır. Fazisin əsası yunan koloniyaları tərəfindən qoyulub. Qədim Yunan tarixçisi Strabonun yazdığına görə, o zaman burada müxtəlif dillərdə danışan 60 qəbilə yaşayıb.
Poti öz müasir anlamını 1858-ci ildə qazanıb – həmin il Poti liman şəhəri elan olunub.
Mərasimdə fransız yazıçı Aleksandr Düma da iştirak edib və daha sonra bu hadisəni “Qafqaz” kitabında təsvir edib.
Dümanıən təsvirində Poti bataqlıqlar üzərində ağac bəndlər üzərində tikilmiş, çirkab və ağcaqanadlarla əhatələnmiş bir neçə evdən ibarətdir. Burada malyariya yayılıb və Dümanın yazdığına görə, bura “donuzlar üçün cənnətdir”.
Dörd onillik sonra, 1894-cü ildə Gürcüstanın tanınmış ictimai xadimi Niko Niikoladze şəhər rəhbəri təyin edilib. Potinin şəhər kimi – simmetrik planlaması, daş döşənmiş küçələri, körpüləri, səliqəli evləri ilə – bərqərar olması Nikoladzenin ad ilə bağlıdır.
Nikoladze Potiyə alman memar Edmunda Frikanı gətirib və şəhərin layihələndirilməsini ona tapşırıb. Potidə indiyə qədər onun yaratdığı binalar qalır. Bunlar hazırda mədəni irs abidəsi statusu qazanmış 70-ə yaxın tikilidir.
Poti limanının əhəmiyyətli dərəcədə genişləndirilməsi və 1867-1874- cü illərdə Zaqafqaziyada ilk Tbilisi-Poti dəmiryolunun inşası Niko Nikoladzenin adı ilə bağlıdır.
Bu gün Poti dəniz limanı Gürcüstanın ən böyük limanıdır, uzunluğu 29 kilometr olan 15 iskelesi var. Bu ərazidə 20-dən çox liman kranı işləyir, limandan 17 kilometrlik dərmiryolu xətti keçir.
XXI əsrin Potisi və ötürülmüş mmənfəət
Poti sakinləri deyirlər ki, şəhərin inkişafı artıq illərdir ki, dayanıb və bunun səbəbi də Gürcüstanda real özünüiadrə sisteminin olmamasıdır. Mərkəz şəhərə inkişafı üçün vəsait saxlamır.
Burada yenidən keçmiş zamanları xatırlayırlar – vaxtilə Potinin yaranışı “pud vergisi” adlanan şeydən başlayıb və bu da Niko Nikoladzenin təşəbbüsü olub.
“Pud vergisi” Poti limanından daşınan hər malın puduna görə yerli büdcəyə o vaxtkı bir qəpiyin yarısı qədər verginin ödənməsi demək idi. Niko Nikoladzenin bu konsepsiyası sayəsində 1894-cü ildə Poti büdcəsi 75 min rubldan 723 min rubla yüksəlib. Bataqlıq üzərindəki qəsəbə isə 10 il ərzində Avropa tipli şəhərə çevrilib.
Bu gün ölkədə mövcud olan vergi-büdcə siyasətinə əsasən, 2007-ci ildən bələdiyyə qurumlarının büdcələrində ancaq torpaq vergisi və əmlak vergisi, bir də müxtəlif cərimələrdən toplanan məbləğlər qalır. Gəlir vergisi və mənfəət vergisi mərkəzi büdcəyə gedir və regiona transfer formasında qayıdır.
“Potinin gəlirlərinin faktiki 90 faizi mərkəzi büdcəyə gedir”, – Potinin keçmiş meri Vaxtanq Alaniya deyir.
2021-ci ildə Potinin büdcəsi 20 milyon 792 min lari [6,6 milyon dollar yaxın] təşkil edib. Bunun 14 532 milyonu vergilərdən əldə edilən vəsaitdir. Hədəf transferi qismində Poti bu il mərkəzi büdcədən təxminən 5,9 milyon lari [1,8 milyon dollara yaxın] alacaq.
Bu vəsaitə ötən ilin qalığı da əlavə olur və ümumilikdə şəhər büdcəsi 32 milyon lari [10 milyon dollar] təşkiı edir – şəhər meriyasının mətbuat xidmətində bizə izah edilib.
“Mən gəlir xidmətindən Potidən mərkəzi büdcəyə daxil olan vəsaitlər haqda informasiya istədim və məlum ooldu ki, 2020-ci ildə bu, 48 milyon lari [15,2 milyon dollara yaxın] olub”, – jurnalist və ictimai fəal Eliso Canaşiya deyir.
Avropanın özünüidarə standartlarına əsasən, bu 48 milyonun ən azı 15 faizi yerdə qalmalıdır – özünüidarə sistemi qzrə ekspert İrakli Melaşvili bildirir:
“Buna tam toplanmamış əmlak vergisini də əlavə etmək lazımdır ki, Gürcüstan üçün bu da problem olaraq qalır, çünki əmlak ya dəyərləndirilməyib, ya da indiyə qədər bələdiyyəyə məxsusdur”.
2001-ci ildə o zamankı Poti şurası limana 380 hektar ərazi verib və bununla da yerli büdcəyə yüz milyonlarla lari ziyan vurub – Vaxtanq Alaniya xatırladır:
“Bu qorpaqda azad industriya zonası yaradılıb, amma birincisi, bura gərəkli inkişafı görməyib, ikincisi isə, limandan olduğu kimi, bu rayondakı sənayedən də gələn gəlir eyni prinsiplə idarə olunur – böyük hissəsi mərkəzi büdcəyə dgedir”.
Melaşvili daha sonra 155 milyon dollara satılan 380 hektarı misal gətirir, Poti bu məbləğin üçdə birini itirib (hökumət bələdiyyənin mülkiyyətini satdığı zaman yerli hakimiyyətin bu məbləğin 30 faizini tələb etmək hüququ var) ki, bu da təxminən Potinin səkkiz illik büdcəsinə ekvivalentdir.
“İndi yenidən sayın – ancaq bir əməliyyatdan şəhər bir neçə illik büdcəsini itirib, gəlir və mənfəət vergisi onda qalmır, əmlak vergisi az ödənir. Buna hər il təqdim olunmamış əmlaka görə itirilən məbləği də əlavə edib. Bunlar şəhərin hər il on milyonlarla vəsait itirdiyinə dair ən sadə misallardır”.
“Poti regionun qapısıdır, Ermənistan və Azərbaycan Poti limanı vasitəsilə ticarət aparır və bu şəhəri dotasiyalı, onun büdcəsini isə cəmi 6,5 milyon dollar etmək üçün çox çalışmaq lazım idi”, – Melaşvili istehza ilə deyir.
Digər ölkələrdə limal şəhərləri iqtisadi cəhətdən ən inkişaf etmiş olur, məsələn, Hamburq və ya Amsterdam – özünüidarə üzrə digər ekspert, Vətəndaş Mədəniyyəti Beynəlxalq Mərkəzininsədri Kote Kandelaki deyir. Poti isə dünyanın liman şəhərləri arasında kasıblığı ilə fərqlənir:
“Bu şəhər vaxtilə liman kimi inkişaf edib və ən varlı şəhərlərdən biri olmalı idi. Amma təəssüf ki, bu problem hələ sovet zamanından mövcuddur – mərkəzdən asılılıq və cüzi transferlər şəhəri heç nəsiz qoyur. Hazırda biz bilirik ki, Potidə çox problem var, ekolojidən tutmuş infrastruktur problemlərinə qədər”.
“Bu, çox ədalətsiz siyasətdir”, – Eliso Canaşiya deyir. – “Poti sakinləri öz şəhərlərində var-dövlər yaradırlar, onu daha yaxşı etmək istəyirlər, pullar isə mərkəzi büdcəyə gedir. İndi liman ayrıca, şəhər isə ayrıca mövcuddur. İqtisadi fəallıq ölür”.
Kote Kandelaki də büdcənin bu cür bölüşdürülməsini ədalətsiz hesab edir və deyir ki, bu cür siyasət aşağıdakı problemlər silsiləsinə və regionlardan insan axınına səbəb olur:
“Bu cür münasibət şəhərin iqtisadi inkişafa pul yatırmaq motivasiyasını məhv edir. Birincisi, onun resursları (əmlakı), ikincisi isə stimulu yoxdur. Buna görə də indi əgər istənilən işsiz sadə Poti sakinindən nə istədiyini soruşsanız, deyər ki, bu müəssisələri bağlayıb, təmiz şəhərdə yaşamaq istəyir”.
Bəzi şəhər sakinləri də eyni sözü deyir.
“Mən 30 ildir ki, Potidə yaşayıram, amma heç cürə limanda işə düzələ biilmədim. “Yuxarıda” qohumun, əmioğlun olmalıdır ki, səni heç olmasa bellə işləyən fəhlə götürsünlər”, – hazırda Potidə zavodlardan birində işləyən və ayda 400 lari [130 dollara yaxın] maaş alan Qoça Tsatsua deyir.
Niyə Poti turrizmlə yaşaya bilmir?
Biz Potiyə iyunun ikinci yarısında səfər etdik, amma şəhərin turizm mövsümünə hazırlaşdırğını demək olmazdı. Turizm infrastrukturu praktiki olaraq yoxdur – yay kafeləri və barları, digər dənizkənarı şəhərlərdə olduğu kimi çimərlik mallarının satıldığı uzun sıralar, heç biri yoxdur.
İstirahət edənlər də gözə dəymir.
Amma turizm üzrə mütəxəssislərin fikrincə, liman şəhərinin böyük turizm potensialı var – burada rütubətli və ilıq dəniz iqlimi, maqnitli qum, göllər, çaylar, Kolxidi düzənliyinin unikal təbiəti, mədəni irs var.
Sakinlər deyirlər ki, şəhərin istirahət zonası praktiki olaraq mənimsənilməyib. Məsələn, Maltakva – Poti ətrafında maqnit qumlu və iynəyarpaqlı ağaclardan ibarət meşəlik ərazidir.
“Potinin yerləşməsi, dəniz, göllər, çaylar, Kolxeti Milli Parkı çox şey eləməyə imkan verir. Burada su, piyada və mədəni-maarifləndirici turizmin yaradılması üçün Potinin potensialı böyükdür”, – tarixçi və tədqiqatçı Silovan Qvasaliya deyir.
Amma sadəcə təbii şərtlər müasir turizmin inkişafı üçün yetərli deyil.
“Şəhərə infrastruktur, barlar, restoranlar, əyləncə lazımdır. Turist gələndə onu sadəcə dəniz və çaylar maraqlandırmır. Təəssüf ki, mən bu istiqamətdə nəsə edildiyini görmürəm”, – keçmiş mer Vaxtanq Alaniya deyir.
Turizm üzrə ekspertlərin fikrincə, bu gün Potidə turistlərin gecələyə biləcəyi bircə dənə də normal otel yoxdur. Maltakva istirahət zonasında artıq uzun illərdir ki, qeyri-mütəşəkkil və çirkənmiş sahil problemi var.
Büdcə vəsaitlərinin xərclənməsini tədqiq edən “Talan detektoru” qeyri-hökumət təşkilatı Poti bələdiyyəsinin Maltakva sahilinin abadlaşdırılmasına 18,5 milyon lari [5,8 milyon dollara yaxın] ayrıldığını aşkarlayıb. Bu vəsaitin yarısından çoxu – 10 milyonu artıq xərclənib, baxmayaraq ki, sahil xəttindən hələ də istifadə olunumur.
Təşkilatın məlumatına əsasən, Maltakvanın abadlaşdırılması üzrə tender dörd dəfə elan edilib. İlk iki tenderdə qalib olan iki müxtəlif şirkət keyfiyyətsiz və gecikmə ilə görülmüş işə görə ümumilikdə altı milyon laridən [1,9 milyon dollara yaxın] çox vəsait alıb.
“Bundan sonra Poti daha iki tender elan edib, onlardan birində iqtidar partiyasının donor şirkəti “New Road”, digərində isə işləri dörd ay tez bitirməli oolan “ZM Group Ltd.” qazanıb”, – “Detektor” yazır.
Poti meriyasından JAMnews-a bildirilib ki, hökumət turizm layihələri üzərində fəal çalışır.
Məsələn, Potidə Mədəniyyət və İstirahət Parkı bərpa olunub. Bundan başqa, Martotskala gölündə balıqtutma infrastrukturu, o cümlədən də ziyarətçilərə və balıqçılara xidmət göstərmək üçün mərkəzllər yaradılıb.
Meriyanın entuziazmını yerli sakinlər bölüşmür. Silovan Qvasaliya deyir ki, Poti turizm zonası kimi ancaq deklarasiya səviyyəsində mövcuddur, mahiyyət etibarilə isə bu istiqamətdə heç nə edilmir. İnvestorların cəlb edilməsi üçün də iş görülmür.
“Potidə böyük otellərin inşası üçün heç nə edilməyib, məsələn, qonşu Anakliya kurortunda olduğu kimi. Bu otellər sonra sektoru inkişaf etdirəcək, xırda və orta müəssisələr, xidmət sahəsi inkişaf edəcək. Amma belə görünür ki, hökumətin belə yanaşması yoxdur”, – Silovan Qvasaliya deyir.
Həll edilməyən problemlər
Potinin öz inkişafı üçün pulu olmadığı üçün bütünlüklə Tbilisinin regionlarda hansı layihələri planlaşdırmasından ibarətdir. Probblem çoxdur və demək olar ki, onlardan heç biri həll edilmir.
İstənilən yerli sakindən şəhərin probleminin nədən ibarət olduğunu soruşun, ilk cavab balıq qooxusu olacaq.
İlin böyük hissəsində, xüsusən də noyabrdan fevrala qədər, hamsi balığının tutulma mövsümündə sakinlər qoxudan əziyyət çəkirlər.
Qoxu o qədər kəskin olur ki, gözləri yandırır, başağrısına, zəhərlənməyə və tənəffüs problemlərinə səbəb olur.
“Biz faktiki olaraq pəncərələri aça bilmirik, qışda balıq qoxusu gəlir, yayda toz olur”, – yerli sakin Lyuba Çalaya deyir.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, Potidə dörd balıq emalı müəssisəsi fəaliyyət göstərir.
Yerli sakinlərin sözlərinə görə, bu dözülməz qoxunun səbəbi müəssisələrdə sanitar qaydalara əməl olunmaması, xüsusi hava təmizləyici filtrlərin olmaması, tullantıların dənizə atılması, balığın çürüməsi və sınıq-salxaq yük maşınlarında daşınma ilə bağlıdır.
Poti sakinləri illərlə mübarizə aparırlar – aksiyalar təşkil edir, jurnalistlərlə danışırlar. Facebook-da xüsusi qrup yaradılıb, bu problemlərdən narahat olan insanlar burada öz fikirlərini bildirirlər. amma hələlik heç nəyin xeyri yoxdur.
Transparency International Georgia 2018-ci ildə Potidə balıq emalı müəssisələrinin fəaliyyətini tədqiq edib.
Tədqiqatda deyilir kİ, bu dörd şirkətdən üçünün aksionerləri hazırkı və keçmiş iqtidar partiyaları ilə əlaqəli donorlar və şəxslərdir. Bu müəssisələr ətraf mühiti çirkləndirdikləri üçün dəfələrlə Ekoloji Nəzarət Departamenti tərəfindən cərimələnib.
Poti sakinlərinin həyatı və sağlamlığı üçün təhlükə kəsb edən təkcə balıq qoxusu deyil.
Son bir neçə ildir ki, Potidə yerləşən məcburi köçkünlər qəsəbəsində insanlar yük maşınlarının yaratdığı səs-küydən, işlənmiş qazlar və ağır metalların elamından əziyyət çəkirlər.
Qəsəbənin iki küçəsi, Cavaxişvili və Çavçavadze Potinin sənaye zonası ilə sərhəddə yerləşir. Terminal ərazisindəki çoxmərtəbəli binaların yuxarı mərtəbələrindən yığılmış yükü görmək mümkündür.
Terminaldan gələn sarı toz balkonlara və pəncərələrə dolur.
“Bizdə burada elə yüklər yüklənir və vəziyyət elədir ki, yaşamaq dözülməzdir. Döşəmələri səhər və axşam yuyuruq, əskini sıxanda isə qara su axır. Səhər hər tərəf dəhşətli tox olur, silirəm, axşam isə yenə eyni şey olur. Uşaqlar hər yana əl vurur, körpə hər şeyi ağzına qoyur, bizim uşaqlarımızı yoxlamayıblar, yəqin ki, onların da qanında qurğuşun çoxdur”, – yerli sakin Anna Şukvani deyir.
Bu qəsəbədə 70-ə yaxın uşaq yaşayır və onların çoxunun qanında yüksək miqdarda qurğuşun aşkarlanıb.
Məcburi köçkünlər meriyadan xahiş edirlər ki, onları başqa rayona köçürsünlər. Poti meriyası aydınlıq gətirib ki, bu məsələ ilə bağlı komissiya yaradılıb.
“Maraqlanacağı təqdirdə yerli sakinləri başqa rayonda yaşayış yeri ilə təmin edəcək investorların axtarışı gedir”, – meriyadan bizə bildirilib.
Şəhərin əsas problemləri sırasında kanalizasiyaların, drenaj kanallarının və nasos stansiyalarının nasaz olması da mühüm yer tutur – jurnalist Eliso Canaşiya deyir:
“Şəhərdə nasos stansiyalarının qurulması və təmiri üçün ən azı 13-14 milyon lari [4,3 milyon dollara yaxın] vəsait tələb olunur. Bu, şəhərin demək olar ki, bir illik büdcəsidir. Elə buna görə də heç bir hakimiyyət maliyyə müstəqilliyi olmadan Potinin pproblemlərini həll edə bilməyib”.
Daima ağcaqanadların qəsəbəni basması da bu problemlərlə bağlıdır – şəhəri çox vaxt su basır, kanallarda su yığılıb qalır və həşəratlar çoxalır.
“Potidə baş verənlər şəhərin bilavasitə qarət edilməsidir”, – İrakli Melaşvili deyir. Onun sözlərinə görə, mərkəz bələdiyyənin öz gəlirlərinin olmamasına və daima mərkəzin əlinə baxmasına, buna görə də hökuməti dəstəkləməsinə nail olmağa çalışır – “sistem belə işləyr”.
Eliso Canaşiyanın sözlərinə görə, mərkəzin prioritetləri çox vaxt yerli sakinlərin prioritetləri ilə üst-üstə düşmür:
“Hər dəfə yağış yağdığı zaman Potini su basır, hər yan iflic olur, maşınlar üzür, şəhər ölür, hərəkət etmək mümkün olmur. Əvəzində, məsələn, Bələdiyyə İnkişafı Fondu Potidə 16 milyon lariyə [5 milyon dollara yaxın] hovuz inşa edib. Bu hovuz hələ istismara verilməyib”, – Canaşiya deyir.
JAMnews şəhərdə planlaşdırılan infrastruktur layihələri ilə bağlı informasiya təqdim edilməsi xahişi ilə Poti meriyasına müraciət edib. Siyahı həqiqətən də genişdir.
Meriya bizi məlumatlandırıb ki, 2020-2021-ci illərdə Potidə 135 obyektdə infrastruktur işləri aparılıb. Bu obyektlərə Potidə daxili yolların təmiri, binaların damlarının bərpa olunması, uşaq bağçalarnın təmiri, idman meydançalarnın və müəssisələrin bərpası daxildir.
“Biz 2023-cü ildə futbol üzrə gənclər arasında Avropa Çempionatına hazırlaşırıq və biz bu mühüm idman hadisəsini iki yeni stadionla və müvafiq infrastrukturla keçirəcəyik. Bu, Potinin mərkəzi stadionu və Futbil Federasiyasının Poti futbol məktəbinin texniki mərkəzidir. Yaxın zamanda hovusu olan idamn kompleksi istismara təhvil veriləcək”, – Poti meri Qoça Kurdqeliya yazılı cavabında qeyd edib.
Potiyə nə kömək edə bilər – çıxış yolu varmı?
“İctimai fəallıq” – şəhəri nəyin xilas edə biləcəyini soruşduğum zaman Eliso Canaşiya heç düşünmədən cavab verir.
Eliso deyir ki, vətəndaş cəmiyyəti Potidə fəallıq göstərmir, amma son zamanlar bunun bəzi işartıları özünü göstərməyə başlayıb. Məsələn, “Poti öz hüquqları uğrunda” təşəbbüs qrupu.
Bu qrup cəmi bir neçə aydər ki, yaranıb, amma artıq uğurlu vəkillik kampaniyaları keçirməyə nail olub.
Məsələn, bu qrupun təşəbbüsü ilə yerli büdcə hesabna limanın yaxınlığnda yaşayan uşaqlardan qan analizi götürülüb. 2021-ci il büdcəsindən bu məqsədlə 50 min lari [16 min dollar yaxın] vəsait ayrılıb.
Bu məbləğə təxminən 150 uşağın qanının tərkibində mis, qurğuşun, kadmiyum, alüminium və misin səviyyəsi yoxlanılacaq.
Növbəti addım bu uşaqların müalicə olunması üçün lazımi vəsaitin ayrılması olacaq.
“Potinin əsas bəlası həqiqi olmayan özünüidarə sistemidir. Büdcəni idarə edən insanlar əslində heç bir qərar qəbul etmirlər”, – Eliso Canaşiya deyir.
O hesab edir ki, şəhərə söz sahibi mer lazımdır ki, mərkəzə qarşı üzüyola olmasın, yerli sakinlərin maraqlarını nəzərə alaraq cəsarətli qətrarlar verməyə qadir olsun:
“Elə həmin nasos stansiyaları. Mütəxəssislərlə məsləhətləşəndən və silsilə tədqiqatlar aparandan sonra belə nəticəyə gəldik ki, şəhərə 20 nasos stansiyası lazımdır. Hər biri 1 milyon lariyə [ 317 min dollara yaxın] başa gələcək. Hovuza xərclənən pula 16 nasos stansiyası tikmək olardı. Hamısı bir ilsə olmasa da, yaxşı hakimiyyət heç olmasa dörd illik proqram hazırlaya bilərdi ki, ildə dörd-beş stansiya açmaq mümkün olsun. Amma bizim belə hakimiyyətimiz yoxdur”.
Kote Kandelaki deyir ki, desentralizasiya üçün siyasi iradə yoxdur, çünki mərkəzdən asılılır yaxşı nəzarət mexanizmidir:
“İndi bizə deyiblər ki, regionların inkişafına mərkəzi büdcədənn 500 milyon lari [160 milyon dollara yaxın] sərf olunacaq. Əgər bu məbləğ büdcədə varsa, onu elə ən başından bələdiyyələrə vermək lazım idi ki, onlar da öz şəhərlərində nəyi necə edəcəklərinə özləri qərar verə bilsinlər. Amma bu cür (yəni mərkəzləşdirilmiş) yanaşmadan heç bir hökumət imtina edə bilmir, elita bütün ölkəni idarə etməkdə istifadə etdikləri təsir rıçaqlarını itirmək istəmir”.
İrakli Melaşvilinin sözlərinə görə, üzüyola merlər və bələdiyyələr üzərində nəzarət mərkəzə hər şeydən əvvəl seçkilərə görə lazımdır:
“Əgər əmlak vergisinin toplanılması problemli olmasaydı, əgər digər vergilər də bələdiyyədə qalsaydı, o zaman şəhərin öz şəxsi gəlirləri olardı və mərkəzdən artıq asılı olmazdı. Müvafiq olaraq, mərkəz artıq bütün bələdiyyələrin merlərini loyal oolsunlar deyə, daha sonra isə istər seçkilər oolsun, istər başqa siyasi məqsədlər zamanı lazım olanda onların inzibati resurslarından istifadə etmək üçün nəzarətdə saxlamazdı”.
Kote Kandelaki deyir ki, böyük rüsurslar xərcləyən bələdiyyələr daha çox gəlir əldə etsəydi, bu, rəqabəti artırar və digər bələdiyyələri də iqtisadiyyatın inkişafında daha fəla iştiraka sövq edərdi.
Poti meriyasından JAMnews-a bildirilib ki, onların planı var və bu planın reallaşdırılmasından sonra “Poti geosiyasi mövqeyi ilə əlaqədar olan xüsusi funksiyasını bərpa edəcək”.
Şəhər meriyasında o da qeyd olunub ki, Maltakva rayonunun turizm potensialından istifadə etmək məqsədilə inkişaf planı təsdiqlənib ki, həmin plan çoxmərtəbəli (16 mərtəbəyə qədər) otellərin, idman komplekslərinin, ekoloji koteclərin, yaşayış binalarının və istirahət evlərinin inşasını əhatə edir.
“Onu da qeyd edək ki, Potidə iki yeni liman inşa olunur. İnvestisoyaların ümumi həcmi yarım milyarddan çoxdur. Nəticədə minə qədər iş yeri açılmış olacaq”, – Poti meriyasının məlumatında deyilir.
İllərlə balıq qoxusunun aradan qaldırılmasını və kalnalizasiyaların təmir edilməsini tələb edən Poti sakinləri bu möhtəşəm planlara inana bilmirlər.
“Bu qədər ildə şəhərdə bircə dənə də otel tikməyiblər”, – Silovan Qvasaliya xatərladıb.
İnsanlar bilmirlər ki, onların şəhəri on ildən sonra necə olacaq. Onların fikrincə, heç hakimiyyət də bunu bilmir.
Eliso Canaşiya eyni hissləri yaşayır.
“Poti dayandırılmış kadr kimidir: dinamika hiss olunmur. Mərkkəzi hökumətin şəhərin inkişafına dair aydın təsəvvürü yoxdur. Amma əgər ölkədə real özünüidarə sistemi mövcud olsaydı, biz, şəhər sakinləri yerdəcə bu təsəvvür üzərində birlikdə işləyərdik. Biz özümüz daha yaxşı bilirik ki, bizə nə lazımdır”.
“Mediaşəbəkənin” dəstəyilə