Poroşenkonun işi. Ukraynanın keçmiş prezidenti niyə məhkəmə qarşısına çıxarılıb?
Ukraynada Poroşenkonun mühakiməsi
Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Petro Poroşenko haqda qət-imkan tədbirinin müəyyən olunması haqda qərarı yanvarın 19-a qədər təxirə salıb. Xarici səfərdən qayıdan keçmiş prezident və deputat aeroportdan birbaşa məhkəməyə yollanıb. Poroşenko ölkənin şərqində Rusiya yönlü “xalq respublikalarından” kömür aldığı üçün dövlətə xəyanətdə və “terror təşkilatla” əməkdaşlıqda ittiham olunur. O, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Yanvarın 17-də səhər tezdən Kiyevin Sikorski adına beynəlxalq aeroportunda insanlar adətən olduğundan daha çox idi. Saat 9-da Petro Poroşenko Wizzair loukosterinin reysi ilə Varşavadan qayıtmalı idi – Ukraynanın Hromadske telekanalı məlumat yayıb.
Saat 7-də artıq terminal ətrafında müxalifətçinin tərəfdarları toplaşmağa başlayıb, hüquq-mühafizə orqanları isə aerodrom perimetrini mühasirəyə alıb.
Poroşenko ilə əlaqədar olan “Pryamoy” telekanalı “Prezidentin Qayıdışı” başlığı altında telemarafon başladıb. Jurnalistlər Polşa aeroportundan, sonra isə təyyarədən canlı yayına çıxıb. Təyyarədə Poroşenko ilə birlikdə digər media jurnalistləri, o cümlədən də Poroşenkonun Avropa Həmrəyliyi Partiyasından olan deputatlar da olub.
Pasport nəzarətindən keçdiyi zaman Poroşenkoya qət-imkan tədbirinin seçilməsi üçün saat 11-də Kiyev şəhərinin Peçyorski məhkəməsinə dəvət olunduğu bildirilib. Bu zaman onun pasportunu da uzun müddət özünə qaytarmayıblar, buna görə də bir müddət gərgin vəziyyət yaranıb.
Çoxları Poroşenkonun həbsini gözləyirdi, amma bu baş verməyib – eks-prezident terminal binasından çıxıb və tərəfdarları qarşısında çıxış edib.
“Mən sizin üçün çox darıxmışam. Mən çox istəyərdim ki, əvvəlki kimi görüşək”, – Poroşenko improvizasiya olunmuş tribunadan bildirib.
Poroşenko məhkəməyə həyat yoldaşının, deputatların və mühafizəçilərin müşayiəti ilə gəlib. Burada onu tərəfdarları qarşılayıb. Məhkəmənin qarşısındakı çıxışında Poroşenko siyasi qüvvələri birləşməyə çağırıb.
“Yalnız birləşmiş Ukrayna Rusiyaya qalib gəlməyə və Kremlin qocası Putinə qarşılıq verməyə qadirdir. Biz bütün müxalifət qüvvələrinin birləşməsi prosesini başladırıq”, – Poroşenko bildirib.
O əlavə edib ki, birləşmə məhkəmə qarşısında toplaşanların ətrafında baş verməlidir. Düzdür, məhkəmə qarşısında Poroşenkonun Avropa Həmrəyliyi Partiyasından başqa digər müxalifət qüvvələrindən olan siyasətçilər olmayıb. Digər siyasi qüvvələrdən ancaq kiçik “Səs” parlament fraksiyasından olan deputatlar gəliblər.
Məhkəmə iclası bir neçə saat davam edib. Prokurorluq Poroşenkonun 1 milyarb qriven (35,5 milyon dollar) girov ödəmək imkanı ilə həbsini tələb edib.
Hakim məşvərət otağına gedib, 5 saatdan sonra isə məhkəmə iclasının yanvarın 19-a qədər təxirə salındığını elan edib.
Poroşenko nədə ittiham olunur?
2021-ci il dekabrın 20-də Petro Poroşenkoya qarşı cinayət məcəlləsinin üç maddəsi ilə – terrorizmin maliyyələşdirilməsi, dövlətə xəyanət və terrorçu təşkilatın fəaliyyətinə dəstək vermək – ittiham irəli sürülüb.
Söhbət müvəqqəti işğal edilmiş ərazilərdən 1,5 milyard qriven (53 milyon dollara yaxın) dəyərdə kömürün gətirilməsi sxemindən və “terrorçu təşkilatların” – Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi Luqansk və Donetsk “xalq respublikaları” ilə əməkdaşlıqdan gedir.
Bu işdə Poroşenkodan başqa tanınmış Rusiya ypnlü siyasətçi, Radanın deputatı və Rusiya prezidenti Vladimir Putinin kirvəsi Viktor Medvedçuk, o cümlədən də keçmiş energetika və kömür sənayesi naziri Vladimir Demçişin və ekologiya nazirinin keçmiş müşaviri Sergey Kuzyaranın da adı hallanır.
Viktor Medvedçuk və Sergey Kuzyara hazırda ev dustaqlığındadırlar. Digər təqsirləndirilən şəxs – Vladimir Demçişin haqqında beynəlxalq axtarış elan olunub.
Poroşenkoya qarşı ittihamlara Medvedçukun telefon danışıqları əsas verib. Həmin danışıqlarda Medvedçuk Vladimir Putinin o zamankı köməkçisi Vladislav Surkovla və separatçıların nümayəndələri ilə Kiyevin nəzarəti altında olmayan ərazilərdə hasil olunan kömürün alqı-satqısını müzakirə edib. O, bütün danışıq boyu “başçının” sxemdən xəbərdar olduğunu və rüallaşdırılmasına dəstək verəcəyini təkrar-təkrar vurğulayır. Danışıqların kontekstindən belə çıxır ki, söhbət məhz o zamankı Ukrayna prezidentindən gedir.
Poroşenkonun müdafiəçiləri bildirirlər ki, Ukrayna ərazisindəki, o cümlədən də Donetsk və Luqansk vilayətlərindəki müəssisələrdən kömür almaqda qeyri-qanuni heç nə yoxdur. Bununla belə, prezident şəxsən bunda iştirak etməyib, çünki enerji məsələləri hökumətin səlahiyyətindədir.
Cinayıət işinin açıldığı məlum olandan sonra Poroşenko ittiham aktının açıqlanmasını gözləmədən Ukraynanı tərk edib.
Opponentin təqibi? Hazırkı prezident üçün Poroşenkonun təhlükəsi nədir?
BBC-nin Rusiya xidməti sosioloji sorğunun nəticələrini təqdim edir və buna əsasən, 2019-cu il seçkilərində misilsiz 73%-lik nəticə ilə Poroşenkoya qalib gələn hazırkı prezident Vladimir Zelenskinin reytinqinin enməsi fonunda keçmiş prezidentin mövqeyi möhkəmlənir.
2021-ci il dekabrın sonunda Razomkov Mərkəzi və Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sosioloji tədqiqatlar göstərib ki, prezident seçkiləri keçirilərsə, Vladimir Zelenski ukraynalı seçicilərin 24 faizinin səsini toplaya bilərdi, Petro Poroşenkoya isə 16 faiz seçici səs verərdi. İkinci tur olarsa, sosioloqlar Poroşünkonun minimal fərqlə də olsa da (50,1 49,9-a), qalib gəlmək ehtimalını üzə çıxarıblar.
Eks-prezidentin komandası Porppşenkoya qarşı cinayət işlərinin bu cür aktivləşməsini məhz bu tendensiyalarla əlaqələndirirlər. Amma onlar hesab edirlər ki, hakimiyyət cinayət işləri vasitəsilə Poroşenkonun reytinqini zədələyə bilməyəcək.
Hazırkı hakimiyyət dövründə keçmiş prezident Poroşenkonun adının keçdiyi 20-ə yaxın cinayıt işi qaldırılıb, amma onlardan heç biri məhkəməyə gedib çıxmayıb.