Pomidorlar Parisə getmək istəmir
Fermer Musa, eksperimentator
Fermer Musa Abbasov Alqeti kəndində yaşayır, kənd Marneuli rayon mərkəzindən maşınla cəmi on dəqiqəlik məsafədə yerləşir. Son üç il ərzində onun həyatı köklü şəkildə dəyişib, işi artıb. Əvvəllər o bütün qonşuları kimi pomidorları öz bağında yetişdirir və Marneulidəki bazarda satırdı. Ötən il isə o əsl bizneslə məşğul olmaq qərarına gəldi.
Musa Gürcüstanda aqrokredit götürən və yeni Kənd təsərrüfatının güzəştli kreditləşdirilməsi üzrə Dövlət Proqramına qoşulan ilk fermerlərdən biri oldu. Demək olar ki, Musa könüllü şəkildə dövlətin kəndlilərə ucuz kreditlər verərək, kənd təsərrüfatını gəlirli və perspektivli sahəyə çevirmək eksperimentində “təcrübəlik dovşan rolunu üzərinə götürdü.
Bir çox fermerlər öz təsərrüfatlarını artırmaq, Gürcüstanın ərazisində və onun hüdudlarından kənarda alver etmək istəsələr də, deyirlər ki, bu çox əziyyətlidir, başqa biliklər, çoxlu əmək və maliyyə yatırımı lazımdır.
Kənd təsərrüfatı nazirinin müavini İlya Kvitaşvili bu yaxınlarda açıq etiraf etdi ki, Gürcüstanda kənd təsərrüfatı aşağı əmək məhsuldarlığı… texnologiya və maliyyələşməyə məhdud çıxışla xarakterizə olunur. Nəticədə də kənddə yüksək yoxsulluq səviyyəsi müşahidə olunur.
Bu yükü yerindən tərpətmək və kənd təsərrüfatını sivil səviyyəyə çatdırmaq üçün də fermerlərin güzəştli kreditləşdirilməsi proqramı həyata keçirilir.
Musa Abbasovun timsalında bu proqram işlədi. O pul götürəndən sonra min hektarlıq ərazidə üç böyük istixana tikərək, orada pomidordan əlavə xiyar və badımcan da yetişdirməyə başlayıb. Özünün səkkiz həmkəndlisinə iş də verib, məhsulun yığımı başlayanda isə əlavə işçi də götürür.
“Bu istixanalar açılana qədər kəndimizdə ümumiyyətlə iş yerləri yoxuydu. İndi isə daimi iş var, maaşı da vaxtlı-vaxtında verirlər, – Musanın istixanasının işçilərindən biri olan Seymur Rəhimli deyir.
Musanın məhsulunun satış coğrafiyası kifayət qədər genişlənib. Düzdür, o hələ ki Parisə və Londona qədər gedib çıxmayıb, amma artıq tək Marneulidə deyil, həm də Tbilisidə əməlli-başlı alver edir. “Bu dövlət proqramı olmasaydı, məndə heç nə alınmazdı, – Musa deyir.
Amma burada Gürcüstanın kənd təsərrüfatının uğurla Avropa bazarına inteqrasiyasından bəhs ediləcəyini düşünənlər səhv edirlər. Bu üç il ərzində güzəştli aqrokreditlərdən çox az adam istifadə edib. Müxtəlif səbəblərdən. Misal üçün, ucqar kəndlərdə belə bir imkanın olması haqda ümumiyyətlə xəbərsizdirlər.
Adi bir misal. Musanın öz təsərrüfatını qurduğu Alqeti kəndində 5 minə yaxın adam yaşayır, onlar da əsasən azərbaycanlılardı. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur: üzüm, yemiş, tütün, pomidor, xiyar, badımcan, bibər, kələm, taxıl bitkiləri yetişdirirlər. Burada az qala hər həyətdə istixana var və sahibləri meyvə-tərəvəzi əsasən Marneulinin bazarlarında, ya da yol qırağında maşının yük yerində satırlar.
Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, Musa Abbasov kənddə aqrokredit götürən yeganə adamdır. Bəziləri bunu həddən artıq riskli sayır, digərlərinin isə ümumiyyətlə proqramdan xəbəri yoxdur.
Güzəştli aqrokredit proqramı nədir?
Səkkiz özəl bank tərəfindən maliyyələşdirilən bu proqram 2013-cü ildə başlayıb. Ümumilikdə üç təklif var:
1. Yarım il müddətinə faizsiz 5 min lariyə qədər.
2. İki ilə qədər müddət ərzində 8 faizlə beş mindən yüz min lariyə qədər.
3. Yeddi ilə qədər müddət ərzində 3 faizlə 60 min laridən bir milyona qədər.
Musa Abbasov məhz üçüncü təklifi seçdi və beş il müddətinə 250 min lari götürdü. Bu pula o meyvə-tərəvəzin daşınması üçün mini-treyler, bir neçə istixana aldı və müasir avadanlıq quraşdırdı. Deyir ki, faizi ödəmək çətin deyil, çünki texnologiyalar və öz əməyi sayəsində ildə azı üç dəfə məhsul yığır.
Proqram niyə işləmir?
Demək lazımdır ki, Musa Abbasovun işləri həm də başqa, bizneslə əlaqəli olmayan səbəbdən yaxşı gedir: o gürcü dilini başa düşür. Məhz buna görə də o güzəştli kredit almağın mümkünlüyündən xəbər tutub.
Kvemo Kartlidə təxminən 500,000 adam yaşayır. Onların yarısından çoxu azərbaycanlılardır. “Vətəndaş inteqrasiyası fondu qeyri-hökumət təşkilatının sədri Zaur Xəlilovun sözlərinə görə, Kvemo Kartli regionunda demək olar ki, heç kim kredit götürməyib və kəndlər ümumilikdə inkişaf etmir – bu, aşağı təhsil səviyyəsi və gürcü dilini bilməməklə bağlıdır.
“Yerli sakinlər informasiya vakuumunda yaşayırlar, onlar nə haqlarını, nə də imkanlarını bilmirlər. İnsanlar gürcü dilini öyrənmir, buna görə də Azərbaycan, türk və rus telekanallarına baxırlar, nəticədə də ölkədə baş verən hadisələr barədə ya ümumiyyətlə məlumat almırlar, ya da təhrif olunmuş xəbərlər eşidirlər. Buna görə də onlar güzəştli aqrokreditlərin olmasından xəbərsizdirlər.
Daha bir fermer-eksperimentator, Marneulinin qırağında yaşayan Hacı Bayramov öz ilk istixanasını güzəştli aqrokreditlə aldı. İndi pomidor yetişdirir və onu topdan və ya pərakəndə Marneuli bazarında maşınının yük yerində satır. Niyə başqaları belə etmir – sualına Hacı cavab verir ki, insanlar aqrokredit haqqında heç nə bilmirlər, ya da az bilirlər.
Amma dil problemi Kvemo Kartli və yəqin ki Samsxe-Cavaxeti üçün kifayət qədər ciddi olsa da, ölkə üzrə ümumi mənzərə onun heç də əsas problem olmadığından xəbər verir.
“Kvemo Kartli və Kaxeti məhz güzəştli kreditləşmə proqramına az-çox tələbat olan iki regiondur. Qərbi Gürcüstanda bu layihə ümumiyyətlə populyar deyil. Baxmayaraq ki, orada da əsasən kənd təsərrüfatı ilə dolanırlar, mal-qara saxlayır və qoz-fındıq yetişdirirlər. Əsas problem ondadır ki, insanlar bizneslərini genişləndirmək üçün borc götürməkdən qorxurlar. Onlar proqrama həm də ona görə etibar etmirlər ki, onun haqqında məlumatları azdır, – iqtisadçı İrakli Uruşadze deyir.
Tsurtavi kəndindən olan və kartof yetişdirən fermer Camal Nəbiyev də eyni fikirdədir. O da biznesin inkişafı üçün az məbləğdə aqrokredit götürüb və onun köməyilə öz işlərini sahmana salmağı bacaranlardan biridir. O əmindir ki, insanlar pulun qaytarılmasının güzəştli şərtlərindən xəbərsiz olduqları üçün dövlətin pulundan istifadə etmək istəmirlər.
Gürcüstan kənd təsərrüfatının strateji inkişaf proqramında deyilir ki, toxum və şitillərin yetişdirilməsi, həm də fermer kooperativlərininassosiasiyalarının inkişafına xüsusi diqqət veriləcək. Bütün bunlar dövlət büdcəsindən maliyyələşdiriləcək. Bundan başqa bir neçə donor dövlət və beynəlxalq təşkilat da artıq qrant və dəstək kreditləri vəd edib.
Amma kənd təsərrüfatının güzəştli kreditləşdirilməsi proqramı artıq faktiki olaraq iflasa uğrayıb. O, fermerlərə 29,6 milyon lari məbləğində kredit verməyə hazırıydı. 2015-ci ilin axırında, proqramın işə başlamasından üç il sonra ümumilikdə təxminən bir milyon lari məbləğində kredit verilib.
Fermer Camal Nəbiyevin dediyi kimi, “insanlar xəbərsiz olduqları üçün qorxurlar. Ölkənin Avropa bazarlarına çıxışı ilə bağlı strateji planlar quranlar isə görünür insanların xəbərsizliyindən xəbərsizdirlər.
- Gürcüstanda üç milyon hektardan çox torpaq sahəsi – ümumi ərazinin 43,4 faizi kənd təsərrüfatı üçün yararlıdır. Bununla belə ölkədə kənd təsərrüfatının məhsuldarlığı çox aşağıdır: məşğul əhalinin 50 faizindən çoxunu əhatə etməklə, o ÜDM-in ancaq 9.2 faizini təmin edir.
11.03.2016