Polis feministlərin yürüşünü dağıdıb
Polis “Qadınlara qarşı zorakılığa yox!” yürüşünü dağıdıb və bunu şəhər hakimiyyətinin aksiyaya icazə verməməsi ilə əsaslandırıb. Üç gənc fəal və iki jurnalist saxlanılıb. Onların hara aparıldığı hələ bəlli deyil.
Aksiya 8 mart münasibətilə sosial şəbəkələrdə bir qrup feminist tərəfindən təşkil olunub. Təşkilatçılar qadınların yürüşünü keçirmək üçün kişi məmurlardan icazə almağı qəribə hesab ediblər.
• Azərbaycanda zorakılıq qurbanı olmaq ayıbdırmı?
• Azərbaycanda qadınlar hansı restoranlara və niyə getmir?
Yürüş iştirakçıları gündüz saat 2-də Azad Qadın heykəlinin önündə toplanmalı və şəhərin mərkəzi ilə Natavan heykəlinə doğru addımlamalı idi. Amma nəzərdə tutulan tədbir haqda məlumatlı olan polis əvvəlcədən heykən ətrafındakı ərazini nəzarət altına götürüb.
Yürüş iştirakçıları toplaşanda polis onların əllərindən plakatlarını alıb və dağılışmalarını tələb edib. Buna cavab olaraq iştirakçılar bildiriblər ki, konstitusiyada azad toplaşma hüququ nəzərdə tutulub və dinc bayram yürüşünü qadağan etmək üçün heç bir əsas yoxdur.
Polisin müdaxiləsindən dərhal sonra aqressiv yaşlı qadınlardan ibarət qrup gələrək aksiya iştirakçılarına və jurnalistlərə hücum ediblər, onları təhqir edərək qovmağa çalışıblar. Polis onlara mane olmayıb.
Polislə aksiya iştirakçıları arasında qarşıdurma yarım saata qədər davam edib. Nəticədə yürüşçülərin bir qismi sıxışdırılaraq zorla yaxınlıqda yerləşən metroya salınıb. Onlar isə metro stansiyasında da “Qadınlara qarşı şiddətə yox” şüarını səsləndiriblər. Sonra onları vaqonlara itələyiblər.
Daha sonra baş verənlər haqda isə yürüş təşkilatçılarından biri Nisə Hacıyeva danışır:
“Bizi vaqonlara doldurub, oradan getməyə məcbur edəndən sonra Sahil stansiyasına gəldik, oradan isə yenə də Natəvan heykəlinin qarşısına gedib çıxa bildik. Düşünürəm ki, polis bizə mane olmağa çalışmasaydı, bu aksiya daha sakit keçəcəkdi. Əlbəttə, biz belə reaksiyanı gözləyirdik, amma şüurlu şəkildə aksiyanı hakimiyyətlə razılaşdırmadıq, çünki bu, 8 mart – qadınların öz haqları uğrunda mübarizəsi gününün ideyasına ziddir”.