Azərbaycanın poçt markası Ermənistanda müzakirə obyektinə çevrilib
Qarabağda hərbi əməliyyatlar dayandırıldıqdan sonra ölkənin hərbi qələbəsinə həsr olunmuş marka dövriyyəyə buraxılıb. Markanın üzərində xüsusi geyimdə olan adamın Qarabağ ərazisini dezinfeksiya etdiyi əks olunub. Ermənistanda bunda faşizm ifadəsi seziblər, Azərbaycanda isə fərqli düşünürlər.
Nə baş verib?
2020-ci ilin dekabrında Azərbaycanda “Azərbaycan 2020” seriyasından poçt markaları buraxılıb. Markalar Belarusda yerləşən mətbəədə çap olunub.
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiyasına əsasən, həmin seriyadan olan markalarda 2020-ci ildə Azərbaycanda baş verən iki ən mühüm hadisə əks olunub – koronavirus pandemiyası ilə mübarizə və Qarabağda müharibə.
“Markaların buraxılmasında məqsəd bu yolla pandemiya ilə mübarizə və ikinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsidir”, – nazirlikdən qeyd ediblər.
Hər səhifədə iki formada səkkiz marka var. Hər növ markanın tirajı 50 min ədəddir.
Ermənistanda qəzəbə nə səbəb olub?
“Azərbaycan 2020” seriyalı markaların kataloqunda xüsusi geyimli adam əks olunub. Azərbaycanda bu xüsusi geyimləri məkanların və küçələrin dezinfeksiyası ilə məşğul olan şəxslər geyinir.
Rəsmdə Azərbaycan xəritəsində Qarabağa müvafiq hissə dezinfeksiya olunur.
Azərbaycanda markaları bilavasitə çap edən və yayan “Azərmarka” dövlət şirkətində rəsmdə əksini tapmış ideyanı şərh etmək istəməyiblər.
Ermənistandan reaksiya
“Poçt markasında tibbi formada olan adam Qarabağı ermənilərdən dezinfeksiya edir, açıq şəkildə onları “çirkab” kimi göstərirlər”, – Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan poçt markası ilə bağlı vəziyyəti belə şərh edib. Ombudsmen əmindir ki, bu dəfə Azərbaycan hakimiyyəti bu markanı buraxmaqla ermənifobiyanı dərinləşdirir və “açıq şəkildə Qarabağda ermənilərin qırılmasını dövlət səviyyəsində təbliğ edir”.
“Müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin hərbçilərinin etnik ermənilərə qarşı törətdiyi qəddarlıq və işgəncələr məhz bu düşmənçiliyin təbliğatının və mütəşəkkil erməni nifrətli siyasətin nəticəsidir.
Bütün bunlar Azərbaycanın sosial şəbəkələrində bu markalarla bağlı yazılan ermənifobiyaya çağırışla dolu şərhlərlə də əsaslanır.
Ermənistanın sərhədləri müəyyən edilərkən məhz bütün bunlar nəzərə alınmalıdır ki, ermənilərin yaşamaq hüququ, fiziki və psixoloji toxunulmazlığı təmin edilsin”, – Arman Tatoyan bildirib.
Azərbaycanda “ermənifobiyanı təbliğ edən” markanın buuraxılmasını baş nazir Nikol Paşinyan da yolverilməz hesab edir. Ermənistanın baş nazirinin fikrincə, Azərbaycan hakimiyyəti “faşizm siyasəti yürüdür”.
“Belə markalar ancaq faşist Almaniyasında olub. Bu, çox dərin mənalı faktdır. Düşünürəm ki, Ermənistan parlamenti və parlament diplomasiyası da bu probemi öz beynəlxalq tərəfdaşlarına çatdırmalıdır”.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentinin istifadəçilərivəziyyətə kifayət qədər kəskin reaksiya veriblər. Üstəlik tənqid yalnız Azərbaycan hakimiyyətinin yox, həm də Ermənistanın ünvanına səslənib.
Bəzi şərhlər:
“Hə də, düzdür. Qoy onlar bərbad markalar buraxsınlar və ermənifobiyanı təbliğ etsinlər, biz isə hansısa dəmiryolu xəttinin açılmasına sevinək. Biabırçılıq!”
“Ermənilər heç vaxt türklərlə və azərbaycanlılarla sülh içində yaşaya bilməyəcək. Azərbaycan hakimiyyətinin yürütdüyü bugünkü siyasət də növbəti dəfə bunu sübut edir”.
“Bu poçt markası ilə Nikol Paşinyana məktub göndərin. Bəlkə heç olmasa bununla anlayar xalqı necə uçuruma apardığını”.
“Azərbaycanın faşist təbliğatı bütün beynəlxalq təşkilatların diqqət predmeti olmalıdır. Biz 30 il bu istiqamətdə işləməmişik. Biz qonşularımıza informasiya müharibəsini uduzduq”.