“Uzaq boz ada” - Pirallahıdan reportaj
Pirallahı – Artyom adası bu gün
Küçədə 35 dərəcə isti var. Bürküdən adamın nəfəsi kəsilir. Küçələr demək olar ki, boşdur…
Bura Pirallahı adasıdır. Bakının mərkəzindən təxminən 63 km məsafədə yerləşir. Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan ən böyük adadır.
Kondisionersiz avtobusda 3 saatlıq yol
Adaya birbaşa marşrut xətti yoxdur. Ən əlverişli vasitə avtobusla əvvəlcə Qala qəsəbəsinin dairəsinə, oradan yenə başqa avtobusla Pirallahıya yola düşməkdir. Buna görə də adaya ən yaxın metrolardan (“Ulduz” və “Koroğlu” m/s) ictimai nəqliyyatla yol getmək təxminən 3 saata başa gəlir. Bu hesablamaya nəqliyyatdan istifadənin pik olduğu saatlar və intervalda gecikmə ehtimalı daxil deyil.
Qəsəbənin daxilinə işləyən yeganə ictimai nəqliyyat olan 150 saylı marşrut xəttində işləyən avtobuslar isə kondisioneri, isidicisi olmayan, köhnə, sınıq-salxaq avtobuslardır.
Pirallahı sakinləri deyir ki, əvvəllər bir nəfərə 3 manat ödəməklə taksi tutub, adadan ən yaxın metrolara getmək olurdu. Amma ölkədə taksi fəaliyyətini tənzimləyən yeni qərarlar bu üsulu az qala əlçatmaz edib. Taksilərin sayının kəskin azalmasına görə, indi “3 manatlıq” taksi tapmaq da xeyli çətinləşib.
17.56 kv.km əraziyə 17 min sakin
Pirallahı ada-qəsəbəsi Bakı şəhərinin Pirallahı rayonunun inzibati ərazisi vahidinə daxildir. Cilov, Neft Daşları və Gürgən qəsəbələri də Pirallahı rayonunda yerləşir. Pirallahı rayon İcra Hakimiyyətinin rəsmi saytındakı məlumata görə, ada-qəsəbənin ərazisi 17.56 kv.km, əhalisinin sayı isə 17 min nəfərdən bir qədər çoxdur. Amma adada artıq iş yerləri olmadığı üçün hazırda sakinlərin çoxu qazanc dalınca şəhərə üz tutub.
Adada kütləvi məskunlaşma ötən əsrin 20-30-cu illərinə, burada ilk neft yataqlarının istismara başlandığı dövrə təsadüf edir. 1936-cı ildə ada inqilabçı “Artyom” ləqəbilə məşhur olan Fyodor Sergeyevin şərəfinə “Artyom adası” adlandırılıb. Müstəqillikdən sonra isə köhnə adı bərpa edilib.
Sovetlər dağılana qədər qəsəbədə əsasən neftçi ailələri yaşayıb və sakinlərin etnik tərkibi çox müxtəlif olub.
Bir müddət qəsəbəyə birbaşa quru yolu olmadığından ada ilə yarımada arasında nəqliyyat vasitəsi kimi qayıq, bərə və katerlərdən istifadə olunurdu. Dənizdə fırtına olduğu zaman ada ilə əlaqə tamam kəsilirdi. Buna görə də 1939-cu ildə Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən “damba” – körpü-bənd salınıb.
Damba o qədər dar idi ki, maşınlar onun üstündən bir cərgə ilə belə çətinliklə keçə bilirdi. Dənizdə fırtına olanda isə tamamən suyun altında qalırdı, yol keçilməz olurdu. Bu vəziyyət yaxın vaxtlara qədər davam edib. Amma təxminən on il əvvəl damba təmir olunub, yenilənib və yol xeyli genişlənib.
Cilov adasına və Neft Daşlarına helikopterlə
Ada əhalisinin əsas gəlir yeri balıqçılıq və neft mədənləridir. Balıqçıların qayıqları qəsəbənin girişindəcə sahil boyu düzülüb, növbəti “ov vaxtı”nı gözləyirlər.
“İndi günortadır, ona görə heç kim yoxdur. Balıqçılar ya axşam qaranlıqda, ya da səhər sübh tezdən gəlirlər”, – sahildəki balıq bazarının işçilərindən biri deyir. Axşam adadan geri qayıdarkən bura yenə baş çəkməyi yadda saxlayıb, yola davam edirəm.
Bir az qarşıda adanın helikopter meydançası görünür. Yarımadaya birbaşa quru yolu olmayan Cilov ada-qəsəbəsi və Neft Daşlarına dəniz yolundan başqa, hava yolu ilə də gedib-gəlmək mümkündür. Helikopterlərdən əsasən neftçilərin daşınması üçün istifadə olunur.
30 il neftçi həyatı və 520 manat pensiya
“Nefti biz çıxarırıq, amma pulu bizə çatmır. İki ildir təqaüdə çıxmışam, 520 manat pul verirlər. Onunla da ancaq kommunalımı, dərman pulumu ödəyə bilirəm. Amma mənim neft mədənlərində o qədər zəhmətim olub ki, indi də əlimə baxanda neftin qarasını görürəm”, – keçmiş neftçi Əli dayı qabarlı ovuclarını göstərərək danışır.
Əli dayının 67 yaşı var. Deyir ki, Neft Daşlarında 30 ildən çox fəhlə işləyib. Əvvəllər Bakıda yaşayırmış. Yolu nə qədər uzaq olsa da, heç vaxt nə Pirallahıya, nə də Neft Daşlarına köçüb, burada yaşamaq istəyi olmayıb. Amma adaya işə getdiyi günlərin birində gördüyü qadın onun fikrini dəyişib. Həmin qadın – həyat yoldaşı Aidə 7 il öncə vəfat edib.
“Aidəni görəndən sonra bilirdim ki, bundan sonra istəsəm də, buradan kənarda yaşaya bilmərəm”, – Əli dayı gülə-gülə danışır. – “Evləndik, burada indi qaldığım evi rəhmətlik atam bizim üçün aldı. Elə həmin evdə yaşamağa başladıq. İndi qismətdir, elə oldu ki, övladımız olmadı. Mən də evin tək uşağı idim. Ata-anam rəhmətə gedəndən sonra Aidədən başqa heç kimim qalmadı. Sonra o da getdi”.
Əli dayı indi tamam tək qalmamaq üçün gününü yaşadığı beşmərtəbəli binanın qarşısındakı köhnə çayxanada dostlarıyla keçirir.
“Uzaq və boz” ada
Pirallahı qəsəbəsində gündüz vaxtı küçələr az qala bomboşdur. Yolboyu nadirən rastlaşdığım ada sakinləri də əsasən uşaqlar və yaşlılardır.
Adanın mərkəzindəki bir neçə restoran və əsasən təqaüdçülərin baş qatmaq üçün getdiyi çayxanalardan başqa sosiallaşmaq üçün qeydə dəyər nə isə bir məkan tapmaq çətindir.
Səliqəli və bir-birinin ardınca sıralanan beşmərtəbəli binaların yan-yörəsi mütləq bir sükuta bürünüb. Elə bil burada çoxdandır heç kim yaşamır. İsti hava, boş küçələr və səssizlik – bütün bunlar bir araya gəldikdə ortaya çox boz və yeknəsəq mənzərə çıxır.
Sakinlərdən biri deyir ki, adada elə çox iş imkanı olmadığından adamların çoxu iş üçün Bakının mərkəzinə üz tutur. Hər gün bu yolu gedib-gəlməkdən yorulanlar isə birdəfəlik Bakıya köçür. Universitetə getmək istəyən gənclər də Pirallahını tərk etməli olurlar.
“Düz edirlər. Burada qalıb nə edəcəklər? Mən yaşlı qadınam, gedib neyləyəcəm? Amma cavanlar getsin, oxusun, iş-güc tapsın Bakıda. Burada heç allahın suyunu da vaxtlı-vaxtında vermirlər. Çox vaxt Zirədən maşınla su gətirdirik”, – parkdakı skamyaların birində əyləşən ada sakini yaşlı qadın deyir.
Yalnız hava qaralmağa başlayandan sonra bütün günü boş olan küçələr yavaş-yavaş canlanmağa başlayır. Pirallahının mərkəzindəki “Gənclik” və “Mirvari” parklarında uşaqları ilə gəzməyə çıxan ailələr görünür. Hərçənd uşaqların əyləncəsi üçün xüsusi meydançalar yoxdur. Ancaq parklardan birində balaca maşınlar gözə dəyir, vəssalam.
Balıqçılıq – əvvəllər hobbi, indi qazanc mənbəyi
Axşam sərini ada sahillərində tilovla balıq tutmağa gələnlər üçün ideal vaxt sayılır. Artıq onlardan bəziləri sahildə ənənəvi yerlərini tutmaqdadırlar.
“Mən 25 ildir ki, bu işlə məşğulam. Əvvəllər bu mənim üçün hobbi idi. Amma vaxt keçdikcə balıqçılığa aludə olduğumu hiss elədim. Artıq əlim başqa işə yovuşmadı. Ona görə balıqçılıq mövsümündə hər gün bu sahildəyəm”, – deyə balıqçı Rəşid danışır.
Deyir ki, o, sahilə hələ balıqçıların sayının az vaxtı gəlir ki, kimsə onu qabaqlayıb, ənənəvi yerində “lövbər” salmasın. Gəlib həmişə körpünün sağ tərəfində, kiçik qayalıqların üstündə balıq tutur.
“Aha, deyəsən, tutdum. Hə, dəqiq tutdum”, – dedikdən cəmi bir saniyə sonra tilovunun qarmağına yaxalanan sazan balığını çəkib sudan çıxarır.
“Bu da balaca sazandır. Bayaqdan iki beləsini tutmuşam. Amma əvvəllər böyük balıqlar olurdu burada. Dənizin suyu azaldıqca, ancaq çəlimsiz balıqlar yığışır sahilə. İriləri o dey, dərindədir”.
Balıqçı Rəşid tutduğu balıqları evə qayıdarkən, elə sahilin üstündəki “Nərəkənd” balıq bazarında satır.
“Amma tutduğumun azı iki-üçünü mütləq ev üçün ayırıram”.
Çox keçməmiş başqa bir balıq da Rəşidin tilovuna ilişir. Bu yerdən sonra onu sahillə baş-başa buraxıb, üzü Bakıya tərəf yola düşürəm. Uzaqdan əlində torla qayığına tərəf gələn iki balıqçı görürəm. Bir azdan sahil adanın mərkəzindən daha canlı olacaq.