“Peyvənd mifologiyası” – Azərbaycan sakinləri niyə COVID-19-a qarşı vaksinasiyadan keçmək istəmirlər?
Azərbaycanda vaksinasiya artıq tam sürətlə gedir – mayın 10-dan 18 yaşı tamam olmuş bütün ölkə vətəndaşları, o cümlədən də ölkədə yaşamaq hüququ olan əcnəbilər COVID-19-a qarşı peyvənd vurdura bilər. İyunun 5-ə olan rəsmi məlumata əsasən, vaksinasiyadan tam keçənlərin (hər iki dozanı alanların) ümimi sayı 900 min nəfərdən çoxdur (ölkə əhalisinin 10 faizinə yaxın), 600 mindən çox insana isə peyvəndin birinci dozası vurulub. Rəqəmlər çox nikbin görünür. Amma əslində Azərbaycan sakinlərinin çoxu ya həvəssizcə peyvənd vurdurur, ya da tamam “divara dirənmədən” ümumiyyətlə vurdurmaq niyyətində deyil. İnsanlara nəyin mane olduğunu və Azərbaycan cəmiyyətində vaksinasiya ilə bağlı hansı miflərin dolaşdığını aydınlaşdırmağa çalışaq.
Azərbaycanda hansı vaksindən istifadə olunur?
Azərbaycanda koronavirusa qarşı vaksinasiya yanvarda başlayıb və ən başından bunun üçün Çin istehsalı CoronaVac peyvəndindən istifadə olunub. Daha sonra ölkəyə AstraZeneca (bu peyvənd 60 yaşdan yuxarı insanlara vurulur) və Rusiyanın SputnikV vaksini gətirilib. İyunun 10-dan Almaniya-Amerika istehsalı olan Pfizer/BioNTech peyvəndindən də istifadə olunacaq.
Azərbyacnda niyə çoxları peyvənd vurdurmağa tələsmir?
Ondan başlayaq ki, peyvənd vurdurmağa tələsməyənlərin çoxu sadəcə yeni vaksinə etibar etmir və gözləyir ki, ətrafdakılar vurdursun, ölüm-itim olmasa, o da sınaqdan keçirsin. Bunda son illərdə yayılmış peyvənd əleyhinə təbliğat da az rol oynamayıb – əgər insanlar onilliklər boyu istifadə olunan qızılca peyvəndindən də qorxmağa başlayıblarsa, hansısa naməlum xəstəliyə qarşı naməlum peyvəndə onların etibar etməsi haqda danışmağa dəyməz.
Miflərə gəlincə, onları iki kateqoriyaya bölmək olar:
- bütün dünyada yayılmış “idxal” miflər – internetdə vaksinasiya əleyhinə hər dildə saysız-hesabsız qrup, birlik, video var;
- lokal özəlliklər nəzərə alınaraq ölkə daxilində uydurulmiş “yerli istehsal” miflər.
İdxal miflər
- Vaksinasiya əslində çipləşdirmədir. Vaksin adı altında insanlara gizli çip yerləşdirilir ki, onların düşüncələrini oxusunlar, hərəkətlərinə nəzarət etsinlər və sairə elmi fantastika. Bu kimə lazımdır? Dünya hakimiyyətinə. Ümid edirik ki, bu konspirologiya nəzəriyyəsini ciddi nəzərdən keçirməyə və təkzib etməyə ehtiyac yoxdur.
- Vaksin yerinə insanlara zəhər yeridilir ki, hamısı ölsün. Bu, ürkütmədə yenə də kasıbları qıran və bununla da yer sakinlərinin sayını azaldan dünya hakimiyyətindən və abstrakt varlılardan söhbət gedir. Amma aydın deyil ki, ucuz işçi qüvvəsini qırmaq varlıların nəyinə lazımdır. Bununla da hər şey aydındır.
- Koronavirus yoxdur. Bəli, hətta bir il keçəndən sonra da bəziləri kovidin mövcud olması faktına inanmır. Odu ki, mövcud olmayan virusa qarşı vaksinasiyadan keçmək istəmir. Azərbaycanda bu düşüncə əsasən əyalətlərdə yayılıb.
- Vaksin qadınlarda sonsuzluq yaradır. Bu mif bəzi peyvənd əleyhdarlarının vaksindən sonra insan orqanizmində yaranan antitelərin plasentanın formalaşması üçün lazım olan sinsitin-1 zülalını öldürməsinə və bunun da öz növbəsində sonsuzluğa gətirib çıxarmasına əsaslanan təbliğatından doğub. Amma həkimlər (məsələn, fertil məsələləri üzrə Britaniya cəmiyyəti) deyirlər ki, bu versiya daha çox uydurmadır, heç bir elmi əsası yoxdur və “kovidə qarşı hər hansı vaksinin qadınların və ya kişilərin fertil qabiliyyətinə təsir etdiyini iddia etmək üçün heç bir sübut və nəzəri əsas yoxdur”.
- Vaksin yerinə insanlara vitamin C və ya sadəcə su vururlar. Çoxlarının ilk dozadan sonra heç bir şey hiss etməməsi bu versiyanın yaranmasına səbəb olub. Hərçənd əgər vaksin yerinə başqa bir şey vurulsaydı, əksinə, hissiyyat olmalı idi. Məsələn, vitamin C iynəsi çox ağrılıdır. Bir də ki, hakimiyyətdəkilərə qarşı ən skeptik münasibətdə belə heç kimə sərf etməyən pandemiyanı uzatmaq üçün bu boyda tamaşa oynayacaqlarını düşünmək ağılasığmaz görünür.
“Beynəlxalq” miflər Azərbaycana rusdilli və ingilisdilli internet mənbələrindən daxil olur, daha sonra isə dildən-dilə və ya sosial şəbəkələr vasitəsilə yayılır.
Yerli istehsal miflər
- Bizə ucuz və keyfiyyətsiz Çin vaksinini soxuşdurublar. Çin məhsullarının keyfiyyətinin aşağı olması haqda stereotip “Made in China” ucuz mallarının bolluğu sayəsində yaranıb. Azərbaycan sakinləri üçün isə hökumətə qarşı etimadsızlıq və hökumətin vətəndaşlar sayəsində qənaət etmək imkanını əldən verməyəcəyinə dair əminlik xarakterikdir. Amma CoronaVac məsələsində hər şey heç də birmənalı deyil. Bəli, onun effektivliyi ilə bağlı ən başda şübhələr vardı – Braziliyada bu peyvənd 50 faizlik effektivlik göstərib. Amma daha sonrakı tədqiqatlar bu şübhələri aradan qaldırıb, Ümumdünya Səhiyyə Təşkilatı vaksini təsdiqləyib. Üstəlik bu peyvənd heç də ucuz deyil, əksinə. CoronaVac peyvəndinin bir dozasının qiyməti 30 dollara yaxındır. Müqayisə üçün bir doza Pfizer 20 dollara, SputnikV 10 dollara, AstraZeneca ümumiyyətlə 4 dollaradır. CoronaVac-dan baha sadəcə Amerikanın Moderna (bir dozası 37 dollara yaxın) vaksinidir.
Bu mifin əkiz-antipodu var: “hələki “pis vaksinlər” gətirməyiblər tez SinoVac vurdurmaq lazımdır”.
Lokal miflərdən çoxu ya “of-layn”, ya da sosial şəbəklərin yerli seqmenti vasitəsilə yayılır. Daha bir populyar forma da var – “anonim insayder” tərəfindən göndərilən səsli WhatsApp xəbərdarlığını insanlar bi-birinə ötürürlər.
- Dövlət klinikalarında insanlara dozanın yarısı vurulur. Bu mifin konkret mənbəyi var. Martın sonunda bu haqda yerli media saytlarından birinin redaktoru Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, anonim mənbələrdən ona məlum olub ki, bu yolla bir ampulanı iki adama vururlar, qənaət edilmiş vaksini isə özəl klinikalara satırlar. Bu şayiə geniş rezonans doğurub, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hətta bununla bağlı şərh də verib və bildirib ki, bu haqda onlara heç bir şikayət daxil olmayıb, ölkədə vaksin də kifayət qədərdir.
Azərbaycanın səhiyyə sistemində maxinasiyalar baş versə də, bu qədər mənasız olması inandırıcı deyil. Bu status paylaşıldığı zaman ancaq 40 yaşdan yuxarı insanlar vaksinasiyadan keçə bilirdi və rəsmi məlumata görə, ölkədə vaksin sayı peyvənd vurdurmaq istəyənlərin sayından xeyli çox idi. Yəni qənaət etmək üçün heç bir səbəb yoxdu. Üstəlik dövlət klinikasında pulsuz peyvənd vurdurmaq mümkün olduğu halda kiminsə bunu özəl klinikada pulla edəcəyinə (özəl klinikalar vaksinasiya ilə məşğul olmur) inanmaq da çətindir. Amma istənilən halda “anonim həkimlərin xəbərdarlığında” bir ağıllı məsləhət vardı – vaksin ampulasının gözünüzün önündə açılmasına nəzarət edin. Hər ehtimala qarşı.
- Rəfiqəmin qayınanasının qonşusu peyvənddən dərhal sonra xəstələndi. Bundan başqa: iş yoldaşımın qızdırması qalxdı və bütün bədəni ağrıyırdı; vaksindən sonra insanlar virusa daha həssas olur, buna görə də birinci və ikinci doza arasında evdən çıxmaq olmaz və sairə. Bu, tibbi faktların və səbəb-nəticə əlaqəsinin yanlış interpretasiyasından yaranan miflərin ayrıca bir kateqoriyasıdır. Bunlar sırf “simsiz teleqraf” vasitəsilə dildən-dilə yayılır.
Bəli, iş yoldaşının peyvənddən sonra qızdırması qalxa bilərdi, amma bu, vaksinin işlədiyini (xəstəliyi “imitasiya edir” ki, orqanizmdə immunitetin yaranmasını təhrik etsin) göstərən normal reaksiyadır. Bir-iki gündən sonra bu simptomlar keçir. Peyvənddən sonra xəstələnmək də mümkündür, amma bu o demək deyil ki, yoluxma vaksinasiyaya görə olub və ya peyvənd vurdurmaq mənasızdır.
Ən başından Azərbaycanda vaksinasiya ləng gedirdi və Pfizer gətirildiyi zaman hakimiyyət prosesi sürətləndirmək qərarına gəldi. Bunun üçün vaksinasiya və xəstələnib-sağalanlar üçün immunitet haqda elektron sertifikatlar tətbiq edildi, hansı ki, idman zallarına getmək üçün buraxılış rolunu oynayacaq. Sertifikatlardan daha sonra digər obyektlərə giriş üçün də istifadə olunacağı bildirilib.
Vaksinasiya könüllü olaraq qalıb, amma Nazirlə Kabineti xəbərdarlıq edib ki, iyulun 1-dən əmək və xidmət sahəsində çalışan işçilərin ən azı 80 faizi bu sertifikatlardan birinə sahib olmalıdır. Bundan sonra proses sürətlənib.