“Pegasus” proqramı – Azərbaycanda müstəqil jurnalistlərə və fəallara qarşı gizli silah
Korrupsiyanın və mütəşəkkil cinayətkarlığın tədqiqi üzrə mərkəzin (OCCRP) yeni araşdırması Azərbaycanda 1000-dən çox müstəqil jurnalistin və fəalın ölkə hakimiyyəti tərəfindən dinlənilməsi faktını üzə çıxarıb. Hələlik 73 nəfərdən ibarət siyahı açıqlanıb, nömrələrin sahiblərinin dəqiqləşdirilməsi davam edir.
- Bakıda məhkumların yaxınları yolu kəsdi – VİDEO
- Qarabağda atəşkəs niyə pozulur? Bakıdan şərh
- Polis bu dəfə də “Toplan”a etiraz edən gənclərin aksiyasını zorakılıqla dağıtdı – VİDEO
Nə baş verib?
Araşdırmanın nəticələrinə əsasən, Azərbaycan hakimiyyəti müstəqil jurnalistlərin və fəalların dionlənilməsi məqsədilə İsrailin kiber-izlənilmə üçün qurğuların hazırlanması ilə məşhur olan “NSO Group” şirkətinin istehsalı olan casus proqramından istifadə edib.
2021-ci ilin may ayında OCCRP ilə əməkdaşlıq edən üç baş redaktor Türkiyənin paytaxtı Ankaraya yollanıblar. Səfərdən az öncə ölkə hüdudlarını tərk etmək hüququ əldə etmiş azərbaycanlı jurnalist Xədicə İsmayılova da ora gedib.
OCCRP redaktorları Xədicəyə bildiriblər ki, görüşdə əsas məqsəd ona vacib məlumatın ötürülməsidir. Məlum olub ki, X.İsmayılovanın mobil telefonu “Pegasus” proqramı tərəfindən ələ keçiirilib. Unikal və qorxulu xüsusiyyətlərinə görə bu proqram telefonun sahibini izləməyə və ondan gizli şəkildə müxtəlif əməliyyatlar həyata keçirməyə imkan verir. Belə ki, “Pegasus” bütün danışıqları yaza, sms-məlumatları oxuya, teıefondan bütün fotoşəkilləri və videoyazıları götürə, eyni zamanda sahibindən xəbərsiz fotoşəkillər çəkə və video qeydə ala bilir. Bununla birlikdə, telefon aparılan əməliyyatlar barədə öz sahibinə kiçicik siqnal belə ötürmür.
Xədicə İsmayılova bu cür izlənilən heç də yeganə şəxs deyil. OCCRP sahibləri dünyanın ən müxtəlif ölkələrində yaşayan50 minə yaxın bu cür izlənilən telefon nömrəsi aşkar ediblər. Bu siyahı “Forbidden Stories” və “Amnesty International” təşkilatları tərəfindən yayımlanıb.
Layihə barədə
“Pegasus” proqramı üzrə araşdırmanın nəticələri 10 ölkənin 17 kütləvi informasiya vasitəsində çalışan 80 jurnalist tərəfindən dərc edilib.
Layihə “Forbidden Stories” və “Amnesty International” tərəfindən “Amnesty International”ın təhlükəsizlik laboratoriyasının texniki dəstəyi ilə həyata keçirilib.
“Pegasus” nələri bacarır?
Xədicə İsmayılovaya ötürülmüş telefon nömrələrinin siyahısını analiz edərkən, o, siyahıda bacısı qızının, yaxın dostunun və hətta xidmətlərindən tez-tez istifadə etdiyi taksi sürücüsünün nömrələrinə rast gəlib.
Beləliklə, casus proqramı yalnız konkret jurnalistin, yaxud fəalın telefonuna daxil olmur, eyni zamanda həmin insanın əlaqədə olduğu adamların telefonuna da funksiyalarını şaxələndirir.
Hələlik jurnalistlər casus proqramı yeridilmiş telefonların nömrələrinin yalnız dörddə birinin sahiblərini müəyyən edə biliblər. Bu əziyyətli iş artıq bir neçə aydır ki, davam edir.
Maraqlıdır ki, “NSO Group” özünü dövlətlərə hazırlanan terror hücumlarının və ya cinayətlərin üstünün vaxtında açılmasında kömək edən şirkət kimi xarakterizə edir.
Lakin hələlik birmənalı şəkildə iddia etmək olmaz ki, Azərbaycan hökuməti bu İsrail şirkətinin müştərisi olub. Bununla bağlı birbaşa faktlar yoxdur, lakin siyahıda Azərbaycandan olan 1000-dən çox jurnalistin, fəalın və vəkilin adlarının olması buna işarə edir.
“NSO Group” hələlik Azərbaycanla əlaqələrinə dair spesifik sualları cavablandırmayıb. Lakin şirkətdən bildirilib ki, onlar proqramlarından sui-istifadə etməyə icazə vermirlər və bu proqramlar yalnız terrorçulara və cinayətkarlara qarşı istifadə edilir.
Siyahıda kimlərin adları var?
İyulun 19-da sosial şəbəkələrin Azərbaycan seqmentində telefon nömrələri artıq müəyyən edilmiş, izlənən 73 nəfərin siyahısı dərc edilib. Onların bütün hərəkətləri son illər ərzində Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olub.
Maraqlıdır ki, siyahıda çoxdan bəri “hökumətyönlü” hesab olunan və heç cür müstəqil jurnalist olaraq adlandırıla bilməyəcək jurnalistlərin də adları var. Məsələn, siyahıda adları yer alanların arasında məşhur haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Gündəlik Teleqraf” media-holdinqinin rəhbəri Aynur Camal da var.
Eyni zamanda, dərc edilmiş siyahıda 2021-ci ilin may ayında İstanbulda şübhəli şəraitdə həlak olmuş “heykəl məhbusu” bayram Məmmədovun da adına rast gəlmək mümkündür.
Lakin nömrələrin əksəriyyəti Azərbaycanda tanınan müstəqil jurnalistlərə məxsusdur.
Dərc olunan siyahı telefonlarına “Pegasus” casus proqramı yeridilmiş nömrə sahiblərinin kiçik bir hissəsini əhatə edir. yüzlərlə digər nömrələrin sahiblərinin adlarının müəyyənləşdirilməsi üzərində iş davam edir.