Belaruslu siyasətçi: "Gürcüstan bu gün Belarusun 2020-ci ildə olduğu mərhələdədir"
Belarus müxalifətçisinin Gürcüstanla bağlı fikirləri
Belarus müxalifətinin liderlərindən biri olan Pavel Latuşko “Azadlıq Radiosu”na verdiyi müsahibədə bildirib ki, Gürcüstan bu gün Belarusun 2020-ci ildə olduğu mərhələyə çatıb.
Latuşko Belarusla bugünkü Gürcüstan arasında paralellər aparır, bir insanın azadlığını yalnız bir “like”la itirə biləcəyi bir ölkədə yaşamağın necə olduğunu təsvir edir və gürcüstanlılara xəbərdarlıq edir: “Əgər dayansalar, ölkə Belarusun taleyini yaşayacaq”.
Pavel Latuşko – Belarus müxalifətinin tanınmış simalarından biridir, Lukaşenko rejiminin keçmiş mədəniyyət naziri və Belarusun Fransadakı keçmiş səfiri olub. Hazırda isə o, Svetlana Tixanovskaya ilə birlikdə “hakimiyyəti ələ keçirməyə cəhd” ittihamı ilə Belarus hakimiyyəti tərəfindən axtarılır.
Əgər Latuşko vətənə qayıtsa, onu 18 il həbs cəzası gözləyir. Hazırda o, mühacirətdə olan Belarus demokratik qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsidir.
Pavel Latuşko Gürcüstan haqqında nə deyib?
“Düşünürəm ki, Gürcüstanda baş verənlər çox asanlıqla Belarusda 2020-ci ildə şahidi olduğumuz ssenariyə çevrilə bilər. Artıq bu meyllər görünür.
Bu gün bu ssenari belə görünür: son dörd il yarım ərzində Belarusdan zorla köçürülənlərin sayı 600 mindən çox olub. Bunun yeganə səbəbi — xüsusilə 2020-ci ildən etibarən Lukaşenko rejimi tərəfindən yaradılmış qorxu, terror və repressiya atmosferidir. İnsanlar Lukaşenkodan qaçırlar, lakin rejim onları xaricdə də təqib edir.
Əgər bu vəziyyətə geosiyasi aspektdən baxsaq, Rusiyanın məqsədi – heç olmasa formal olaraq Sovet İttifaqını bərpa etməkdir. Kreml bu məqsədə çatmaq üçün müxtəlif metodlardan istifadə edir, amma strateji hədəf aydındır. Ukraynadakı müharibə də bunu göstərir, bu ölkə Moskvaya tabe olmaqdan imtina etdi və bunun bədəlini hələ də ödəyir.
Belarus bu strategiyada əsas rol oynayır. Lukaşenko Rusiyapərəst liderdir, həmişə Kreml üçün önəmli fiqur olmaq istəyib və bu məqsədə çatmaq üçün əlindən gələni edib. Amma nəticədə o, hesablamalarında səhv etdi, böyük şəxsiyyət olmaq əvəzinə özü Krem qulluqçusuna, Belarus isə Rusiyanın girovuna çevrildi.
Formal olaraq ölkəmiz hələ mövcuddur, xəritədə yeri var və BMT üzvüdür. Amma daxili suverenliyi məhduddur, xarici suverenliyi tam itirilib, ordusu isə faktiki olaraq ləğv olunub. Bu, bugünkü Belarusun reallığıdır.
Biz Gürcüstanda da rusiyapərəst qüvvələrin təsirinin artdığını görürük. Moldovada daim müdaxilə təhlükəsi mövcuddur. Ermənistan da Kremlin hədəflərindən biridir. Mən əminəm ki, Qazaxıstan da risk zonasındadır.
Əgər bu ölkələr effektiv strategiya hazırlaya bilməsə, onların gələcəyi Belarus və Gürcüstanınkı kimi, hətta daha pis ola bilər. Bu, mənim bir diplomat kimi proqnozumdur, təəssüf ki, pessimist bir proqnozdur.
Bu gün biz hamımız öz ölkəmizdə fərdi şəkildə müqavimət göstəririk. Amma ümumi strategiya lazımdır. Hesab edirəm ki, Avropa İttifaqı vəziyyətə daha geniş baxmalıdır, yalnız Rusiya ilə qonşuluq prizmasından yox, azadlıq və demokratiya uğrunda vahid mübarizə məkanı kimi.
Rusiya ekspansiyası və təzyiqlərinə qarşı bütün mövcud resurslardan birlikdə istifadə etməliyik.
Əgər gürcüstanlılar gələcəklərini görmək istəyirlərsə, Belarusun vəziyyətinə baxmalıdırlar.
Dediyim kimi, bizim daxili suverenliyimiz qismən, xarici suverenliyimiz isə tam itirilib, ordumuz satılıb, girov qoyulub və təhvil verilməyə hazırlanıb. Lukaşenko Ukraynaya qarşı müharibəni dəstəkləyir, bu, Belarusun yox, Kremlin maraqları üçündür.
Nə etmək olar? Müxtəlif alətlər mövcuddur. Belarus üçün sərt, sarsıdıcı sanksiyalar tətbiq olunmalıdır. Elə sanksiyalar ki, rejimin davranışını dəyişsin. Sadəcə “təzyiq” deyil, dağıdıcı zərbə olmalıdır.
Beynəlxalq hüquqi mexanizmlər də tələb olunur. Artıq beş ildir ki, Beynəlxalq Cinayət Məhkəməsində Lukaşenkonun məsuliyyətə cəlb olunması üçün proses başlatmağa çalışırıq. Çünki günahkar şəxs hakimiyyətdə qalırsa, cəzasız qalmaq bir yana, heç günahkar kimi də tanınmırsa, bunu görən belaruslular ruhdan düşür və demokratiyaya olan inamlarını itirirlər.
Məncə, Gürcüstan bu gün Belarusun 2020-ci ildə olduğu mərhələdədir. Səhvlərimizi təkrarlamamağınız çox vacibdir, yoxsa sonradan çox peşman olacaqsınız.
Əgər dayansanız, repressiyalar, qorxu və insanların apatiyası vasitəsilə rejim hər gün daha da güclənəcək.
Sizdə hələ söz azadlığı, müxalifət partiyaları, müstəqil media mövcuddur. Bizdə bunların heç biri qalmayıb. Bütün müxalifət strukturları ləğv olunub, medianın hamısı mühacirətdədir və ekstremist təşkilat kimi tanınıb.
Hətta onları oxumaq belə cinayət sayılır, Facebook-da hansısa paylaşımı “like” etmək insanı həbsə aparır.
Bu gün ölkəmizdə tammiqyaslı totalitarizm hökm sürür. Əgər vəziyyət dəyişməzsə, Gürcüstan da eyni aqibəti yaşayacaq.
Bizim məqsədimiz cəmiyyəti müstəqillik uğrunda mübarizəyə ruhlandırmaqdır. Amma bu gün Belarusda küçəyə çıxmaq mümkünsüzdür. Deyildiyi kimi, bəzən sadəcə bir “like” insanı həbsə aparmağa kifayət edir.
Ölkədə qorxu, ruh düşkünlüyü, apatiya və qəzəb hökm sürür. Cəmiyyət daimi gözləmə vəziyyətindədir, amma bir çox insan siyasət haqda düşünmək istəmir artıq.
Belarus müxalifətçisinin Gürcüstanla bağlı fikirləri
Gürcüstandakı xəbərlər və hadisələr