Ermənistanın baş naziri: məhz Azərbaycan Ermənistana hücum edib
Ermənistan-Azərbaycan sərhədində iyul eskalasiyasını Ermənistanın baş naziri “məhz Azərbaycan Ermənistana hücum edib” sözlərilə şərh edib. Bu haqda Nikol Paşinyan BBC-ə müsahibəsində bildirib.
O, həmçinin Ermənistanın Rusiya və Qərblə münasibətləri, son iki ildə baş nazir kürsüsündə öz işinin yekunları, hökumətin koronavirusla mübarizəsinin effektivliyi haqda da fikirlərini bölüşüb.
• Ermənistan Azərbaycanla münaqişəyə Rusiyanın cəlb olunmasına ümid etmir
• Şərh: Ermənistan və Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu, Rusiya ola bilərmi?
Müsahibənin əsas tezisləri
“HARDtalk” verilişinin aparıcısı Stiven Sakurun suallarına cavab verən Ermənistanın baş naziri
Ermənistan-Azərbaycan sərhədində iyulda yaşanan hərbi gərginlik haqda danışıb. Nikol Paşinyan Ermənistanın hərbi əməliyyatlara başlayan tərəf olduğu haqda rəsmi Bakının bəyanatını təkzib edib. Hər eskalasiyadan sonra beynəlxalq ictimaiyyətin hadisələrlə bağlı iki ziddiyyətli versiya dinləməməsi üçün o, bir daha “təmas xəttində monitorinq sisteminin qurulmasının” vacibliyini vurğulayıb.
Qarabağ münaqişəsinin nizamlanması haqda. Ermənistanın baş naziri hesab edir ki, sülh Ermənistanın birtərəfli addımları ilə əldə edilə bilməz. O, Azərbaycan prezidenti İlham Əliyevi müharibə ritorikası və münaqişəni güc hesabına həll etmək cəhdində günahlandırıb.
“Artsax Ermənistandır və nöqtə!” bəyanatı haqda:
“Niyə mən Dağlıq Qarabağın, Artsaxın [ermənilər ərazini belə adlandırırlar] Ermənistan olduğunu dedim? Birincisi, Dağlıq Qarabağda min illiklərdir ki, köklü erməni xalqı məskunlaşıb və yeri gəlmişkən, Artsax adının da neçə min il yaşı var”.
Ermənistanın geosiyasi oriyentasiyası haqda:
“Rusiya Ermənistanın bütün sahələrdə strateji müttəfiqidir, xüsusən də iqtisadiyyat və təhlükəsizlik sahəsində. Avropa İttifaqı ilə isə Ermənistan hərtərəfli və geniş tərəfdaşlıq haqda Saziş imzalayıb. Yerevan daxili siyasi islahatların aparılmasında əsas dəstəyi Aİ-dən alır. Biz NATO-nun Əfqanıstanda, Livanda, Kosovo və Malidəkı sülhməramlı missiyalarında iştirak edirik. Bundan başqa, biz hərbi sahədə ABŞ-la effektiv əməkdaşlıq edirik”.
Ermənistanın ABŞ və İranla münasibətləri haqda:
“Bizim ABŞ və İranla münasibətlərimizdə problemimiz yoxdur. Və biz gücümüz çatan hər şeyi edirik ki, həm ABŞ-la, həm də İranla hazırkı yaxşı münasibətlərimizi qoruyaq”.
2018-ci il “məxməri” inqilabından sonra baş nazir kürsüsündə keçirdiyi iki ilin yekunları haqda. Hökumət başçısı qeyd edib ki, ötən il Ermənistan Avropada rekord iqtisadi yüksəlişə nail olub – ÜDM 7,6 faiz artıb:
“Pandemiya vəziyyəti bizim uçuşumuzu dayandırdı, amma biz davam edəcəyik”.
Müxalifətçilərin onun ünvanına tənqidləri haqda:
“Ermənistan demokratik ölkədir və müxalifət azad şəkildə öz fikrini bildirir. Mən xoşbəxtəm ki, Ermənistanda müxalifət indi inqilabdan əvvəlkindən daha azad fəaliyyət göstərə bilir”.
Hökumətin koronavirus pandemiyası ilə mübarizəsinin qeyri-effektivliyi ilə bağlı ittihamlar haqda:
“Təəssüf ki, epidemiya bütün dünyada inkişaf edir. Bizim ölkədə epidemiya əleyhinə strategiya qəbul olunub. Və bu strategiya ölkəmizin şərtlərinə müvafiqdir. Gəlin, tələsməyək və epidemiyanın öhdəsindən gələndən sonra nəticə çıxaraq”.
Epidemiyanın qızğın vaxtında Dağlıq Qarabağda keçirilən banketdə maskasız iştirakı haqda:
“Həmin gün biz Dağlıq Qarabağda mövcud olan qaydalara uyğun hərəkət edirdik”.
Sosial şəbəkələrdə nə yazırlar?
Nikol Paşinyanın BBC-ə müsahibəsi ermənistanlı sosial şəbəkə istifadəçilərinin əsas müzakirə mövzusu olub.
Bəzi şərhlər:
“Çox zəif müsahibədir: zəif ingilis dilindən tutmuş çox da güclü olmayan qarşıdurmaya qədər. Görünür, Paşinyan düşünürmüş ki, son zamanlar “Azadlıq” radiosunun jurnalistlərinin soruşduqları kimi xoş suallar olacaq. Amma yanılıb”.
“Paşinyanın fikrincə, koronavirusla mübarizədə o və onun hökuməti hər şeyi doğru edib. Və bunu ölüm və yoluxma hallarının sayına görə böyük fərqlə regionda liderlik edən ölkənin rəhbəri deyir”.
“Hökumətin koronavirusla mübarizənin öhdəsindən gəlməməsini lağa qoymaq cəhdi həyasızlıq kimi göründü”.
“Sanki birtərəfli müsahibə idi. Belə təəssürat yaranır ki, aparıcı Paşinyanı dinləmək əvəzinə qarşısına Ermənistanı bütün maddələr üzrə günahkar çıxarmağı məqsəd qoyub”.