“Paşinyan Kişinyov görüşünə ümid edir”. Bakıdan şərh
Moskvadakı Putin-Əliyev-Paşinyan danışıqları
Mayın 25-də Moskvada Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən danışıqlar gözlənilən nəticəni verməyib. Daha əvvəl görüşün yekununda iki sənədin imzalanması anons edilsə də, heç bir sənəd imzalanmayıb. Üçtərəfli görüşdən əvvəl Avrasiya İqtisadi İttifaqının (AAİİ) toplantısında iki dövlət başçısı arasında kəskin diskussiya yaşanıb.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, İlham Əliyevin “dəhliz” ifadəsi ətrafında Nikol Paşinyanın sərt polemika açması, Ermənistan müxalifətinin ittihamlarından yayınmaq məqsədi daşıyır. Ekspert həmçinin hesab edir ki, Ermənistan lideri Moskvaya etibar etmədiyi üçün ümidlərini Mişel, Makron və Şoltsun da iştirak edəcəyi Kişinyov görüşünə bağlayıb. “Ancaq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”, – o bildirib.
- Kuir aktivistlər polis bölməsində zorakılığa məruz qaldıqlarını bildiriblər
- Azərbaycanda ölmüş şəxsin ipoteka kreditini vərəsələri ödəməli olacaq?
- Azərbaycandan viski ixracı cəmi bir ilə 20 dəfə artıb. Səbəb nədir?
“Atlas” Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edir ki, AAİİ toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlikdən artıq bəlli idi ki, üçtərəfli görüş mənfi nəticələnəcək.
“Liderlərin Moskva görüşündən nəticə çıxmadı. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin tərəfindən Avrasiya İqtisadi İttifaqının Moskva toplantısına dəvətli idi. Ümumi toplantıdan sonra Vladimir Putin, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılmışdı.
Ancaq Avrasiya İqtisadi İttifaqının toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir etdi. Nikol Paşinyan İlham Əliyevin çıxında səsləndirdiyi dəhliz ifadəsinə kəskin reaksiya verdi”.
“Paşinyan radikal müxalifətin tənqidinə tuş gəlməmək üçün etiraz edib”
Elxan Şahinoğlu bildirir ki, Paşinyanın məntiqinə görə “Zəngəruz dəhlizi” ifadəsi Azərbaycanın Ermənistanın ərazisinə iddiasını əks etdirir, “Laçın dəhlizi” isə nəzarətdə olmamalıdır.
“İlham Əliyev də cavabında dedi ki, “Zəngəzur dəhlizi” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.
Nikol Paşinyan Moskvaya gəlmədən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Önəmli olan budursa, Paşinyan nədən Moskvada İlham Əliyevin “dəhliz” sözünə sərt reaksiya verib?
Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsin. Çünki radikallar Paşinyanı onda ittiham edəcəkdilər ki, “Sən nədən İlham Əliyevin çıxışındakı tezislərə reaksiya vermədin?”.
Ancaq Paşinyanın İlham Əliyevlə polemikası birincinin xeyrinə olmadı. Çünki Avrasiya İqtisadi İttifaqı liderlərini “dəhliz” ifadəsi narahat etmirdi, onlar üçün önəmli olan Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmasıdır”, – politoloq hesab edir.
“Liderlər sənəd imzalamağa hazır olmadıqları üçün üçtərəfli görüş qısa sürdü”
Elxan Şahinoğlunun fikrincə, Putin-Əliyev-Paşinyan üçtərəfli görüşünün cəmi 20 dəqiqə çəkməsinin səbəbi liderlərin hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamağa hazır olmadıqları ilə əlaqədar olub.
“Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər, bir müddət sonra 3 ölkənin baş nazirlərinin müavinləri detalları müzakirə edəcəklər.
Əlbəttə, bu məsələdə razılıq var, ancaq Ermənistan öz ərazisində dəmiryolunu bərpa etməyə tələsmir, Azərbaycan isə çalışmaları yekunlaşdırmaq üzrədir. Bütün hallarda Kreml Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılmasıyla bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir.
Halbuki, bu məsələdə İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçilyi ilə əldə etmişdilər. Şifahi razılaşmada Beynəlxalq Gömrük Təşkilatının da işin içində olacağı bildirilmişdi. Kremlin buna etirazının olub-olmaması barədə məlumat yoxdur”, – ekspert deyir.
“Paşinyan Kişinyov görüşünə ümid edir”
Onun sözlərinə görə, Nikol Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid edir.
“Avropa Siyasi Şurasının Moldova paytaxtında keçiriləcək toplantısında İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel görüşündə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər. Paşinyanın Rusiyaya inamı yoxdur. O Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”.