Paşinyan hökumətinin prioritetləri: “Sülhün bərqərar olması gündəmi qorunub saxlanılır”
Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda jurnalistlərin və ictimai təşkilatların nümayəndələrinin, yəni vətəndaş cəmiyyətinin üzvlərinin suallarını cavablandırıb və ölkə üçün bütün ağrılı məsələlərdən danışıb. O, hazırkı hökumətin prioritetlərini qeyd edib, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, sülh müqaviləsinin imzalanması məsələsi üzrə Azərbaycanla dialoq, Türkiyə ilə münasibətlərin normallaşdırılması və daxili siyasi böhranın aradan qaldırılması barədə fikirlərini bölüşüb.
- ABŞ konqresmenlərinin Azərbaycana səfərlərini kim maliyyələşdirib? FBI-ın təhqiqatı və Bakıdan şərh
- Rusiya XİN Azərbaycan və Fransa arasında diplomatik qalmaqala qarışıb
- Ermənistan prezidenti istefaya gedir: “Bu, qətiyyən emosional qərar deyil”
Mətbuat konfransının əsas mesajı regionda sülh və sabitliyin bərqərar olması kursunun təsdiqi idi ki, bu da hökumətin yaxın illər üçün proqramında təsbit olunub.
Cəmiyyətdə daha çox müzakirə olunan məsələlər üzrə Paşinyanın cavablarının əsas tezisləri.
“Növbəti prezident həmfikir olacaq”
Mətbuat konfransı ölkə prezidentinin istefası ilə başlayıb. Belə ki, Sarqsyanın qərarı bütün ölkə və belə məlum olur ki, Paşinyanın özü üçün də gözlənilməz olub. Baş nazir Armen Sarqsyanın niyyəti barədə onun bəyanatının yayılmasından 3,5 saat əvvəl xəbər tutub.
Paşinyan bildirib ki, o, istefanın mümkün niyyət, yaxud qərar olduğunu dəqiqləşdirib. Lakin bu, qəti qərar olduğundan, müzakirə də edilməyib.
Baş nazir prezidentin tələsik istefası ilə bağlı gümanları şərh etməyib və gələcəkdən danışmağa üstünlük verib. Hakim partiyanın parlamentə təqdim edəcəyi növbəti prezidentliyə namizədin kimliyi hələlik müzakirə olunmayıb. Lakin Nikol Paşinyan hesab edir ki, bu adam hazırkı hakimiyyətin həmfikri olmalıdır. Bu da Armen Sarqsyanın dövründə olan fikir ayrılıqlarının olmamasına şərait yaradacaq, hərçənd hakim partiyada bu fikir ayrılıqlarına böyük əhəmiyyət verilməyib.
“Konstitusiyada dəyişikliklər olmaya da bilər”
Prezident istefa qərarını ölkə üçün vacib qərarların verilməsinə lazım olan alətləri təqdim etməyən konstitusiyanın təkmil olmaması ilə əsaslandırıb. Ümumilikdə, ölkədə çoxdandır ki, parlament üsul-idarəsinin dəyişdirilərək, yarıprezident üsul-idarəsinə qayıdışın mümkünlüyü müzakirə edilir. Hökumət bu məsələni öyrənən komissiya da yaradıb.
Lakin Paşinyan bildirib ki, konstitusiyaya dəyişikliklər edilməyə də bilər, onların məqsədəuyğunluğu komissiyanın işinin yekunlarına görə məlum olacaq.
“Azərbaycana yalnız Ermənistanın nöqteyi-nəzəri təklif olunmur”
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı təkliflər zərfinə yalnız Ermənistanın nöqteyi-nəzəri daxil edilməyib. Paşinyan bildirib ki, Rusiyaya və Azərbaycan tərəfinə verilən sənəddə digər tərəflərin də təkliflərinin müsbət tərəfləri əksini tapıb.
Ermənistanın Baş naziri hesab edir ki, demarkasiya prosesi mümkün qədər tez başlamalıdır. Bununla belə, o, təfərrüatları açıqlamaqdan imtina edib, belə ki, sənəd hələ müzakirə olunmaqdadır.
“Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə sənəd imzalanmalıdırmı?”
Paşinyanın sözlərinə görə, hələ 1992-ci ildə hər iki ölkə MDB hüdudlarında tanınmış sərhədlər üzrə bir-birinin ərazi bütövlüyünü tanıyıb.
Hazırda proses yalnız Ermənistandan asılı deyil, lakin baş nazir iddia edir ki, regionda sülhün və sabitlik dövrünün bərqərar olunması üzrə işini davam etdirəcək. O ki qaldı Qarabağ münaqişəsinin tənzimlənməsinə, bu məsələ gündəlikdədir. Sülh müqaviləsi imzalanmalı, lakin imzalanmadan öncə bütün məsələlər hələ müzakirə ediləcək, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün hansı sərhədlər daxilində tanınması.
“Sərhədlərin açılması Ermənistana problemdən çox fayda gətirəcək”
Hökumətin gündəmində olan Yerasx (Arazdəyən) – Culfa – Mehri – Horadiz dəmiryolunun bərpasından danışan Paşinyan bildirib ki, yolun Ermənistan hissəsinin tikintisi 200 milyon dollara başa gələcək. Bu, ölkə üçün həddən böyük yük deyil, eyni zamanda beynəlxalq tərəfdaşlar da məsələyə maraq göstərirlər və ola bilsin ki, büdcədən heç bir vəasait xərclənməyəcək.
Bu dəmiryolu Ermənistanı İran və Rusiya ilə birləşdirəcək. Baş nazirin sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan üçün bu böyük tranzit axını və böyük gəlir əldə etmək imkanıdır. Paşinyan izah edib ki, dəmiryolu yalnız region ölkələri üçün deyil, bütün dünya üçün açılır.
“Türkiyə ilə dialoq başlayıb, onu dayandırmaq qəribə olardı”
Diplomatik münasibətlərin bu il ərzində qurulmasının mümkünlüyü sualına Paşinyan cavab verə bilməyib, çünki bu, birtərəfli proses deyil. Lakin, onun sözlərinə görə, bu baş verə bilər. O hesab edir ki, danışıqlar uzun müddət nəticə verməsə, həm tərəflər, həm də beynəlxalq tərəfdaşlar dialoqa maraqlarını itirəcəklər.
Lakin baş nazir bu prosesdə “Ermənistan hökumətinin səmimiliyi”ni təsdiqləyir. Bundan əlavə, o iddia edir ki, bu, orijinal yanaşma deyil, çünki Ermənistanın əvvəlki hakimiyyətləri də bu dialoqa səmimiyyətlə gediblər.
Paşinyan bildirib ki, hələ eks-prezident Robert Koçaryan Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının olmamasını qeyd edirdi, həmin yanaşma Serj Sarkisyanın hakimiyyəti illərində də qorunub saxlanıb. Hazırkı hökumət də bu fikirdədir.
O ki qaldı iki ölkənin xüsusi nümayəndələrinin müzakirə etdiyi münasibətlərin normallaşması prosesinə, Paşinyanın sözlərinə görə, bu dinamika qorunub saxlanarsa, ciddi irəliləyişlər mümkündür.
Sərhədlər açıldıqdan sonra Türkiyə mallarının axını qarşısında yerli məhsulların rəqabət qabiliyyətinin itiriləcəyi ilə bağlı narahatlığa gəlincə, baş nazir bildirib ki, hazırkı hökumət ixracat yönümlü istehsalın inkişafı siyasətini yürüdür. Onun fikrincə, yerli bazar kiçikdir və yerli istehsalı varlandıra bilməz.
Paşinyan deyir ki, sərhədlər açılandan sonra ola bilsin, bəzi yerli mallar Türkiyə malları ilə rəqabətdə uduzsun. Lakin bunun əvəzində yerli məhsulların ixracatı üçün yollar açılacaq ki, bu da yerli istehsalçıya daha çox fayda gətirəcək. Hökumət zavodlar, o cümlədən misəritmə zavodları açmaq niyyətindədir ki, onlar üçün ixracat vacibdir və bu, Ermənistan üçün çox gəlirli sahə ola bilər.
“KTMT Ermənistanda etirazları yatırmayacaq”
Ermənistanda KTMT hərbi blokunun sülhməramlılarının göndərildiyi Qazaxıstandakı hadisələrin təkrarlanmasının mümkünlüyü barədə suala cavab verən Paşinyan bildirib ki, hökumət daxili siyasi problemlərin tənzimlənməsinə öz yanaşmasını artıq nümayiş etdirib.
Baş nazir Qarabağdakı müharibədə məğlubiyyətin elan edilməsindən, yəni 9 noyabr 2020-ci ildən sonra Ermənistanda başlayan və hökumətin istefasını tələb edən uzunmüddətli etiraz aksiyalarını xatırladıb. Siyasi böhranın tənzimlənməsi xatirinə hakim partiya növbədənkənar parlament seçkilərinə gedib.
Paşinyanın sözlərinə görə, Ermənistan KTMT-nin Qazaxıstandakı missiyasında ona görə iştirak edib ki, “Ermənistan üçün KTMT-nin mövcudluğu və təşkilatda reaksiya mexanizmlərinin işlək olması sərfəlidir”. O qeyd edib ki, erməni sülhməramlıları yalnız strateji obyektləri, ələlxüsus çörək zavodunu mühafizə ediblər.
“Ermənistan ordusu peşəkar olacaq”
Baş nazir qeyd edib ki, bir daha öz səhvini təkrarlamayacaq və ordu haqqında heç nə danışmayacaq, çünki bu informasiya gizlidir. O yalnız bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatları iki istiqamətdə aparılır.
Birincisi, gündəlik rejimdə peşəkar ordunun yaradılmasına yönəldilmiş iş aparılır. Silahlı qüvvələrin ikinci məqsədi isə öz ərazilərinin təhlükəsizliyinin qorunmasıdır, başqalarının ərazilərinin işğalı deyil. Paşinyan onu da bildirib ki, əlbəttə, ordu ən yeni hərbi texnika ilə təchiz edilməlidir.