Pandemiya azərbaycanlı idmançıları taksi sürücüsü və poçtalyona çevirib
2021-ci il mayın 7-də Gürcüstanda Azərbaycan və Çernoqoriya yığmaları arasında voleybol üzrə Avropa Çempionatının seçmə oyunu baş tutacaq. Amma tale elə gətirib ki, Azərbaycandan qonşu ölkəyə taksi sürücülərindən və poçtalyonlardan ibarət komanda yollanacaq. Bu kazusun səbəbi nədir?
- Azərbaycan növbəti lokdaun ərəfəsində: şayiə, yoxsa qaçılmazlıq?
- Qarabağda yeni müharibənin ilk “evsizləri” – futbolçular
Koronavirus pandemiyası idmana da öz zərbəsini vurub. İdmançılar lazımsız vəziyyətdə qalıblar. Azərbaycanda idman yarışlarına ancaq açıq havada icazə verilməsi vəziyyəti daha da çətinləşdirir. Başqa sözlə, zallarda məşq və çıxış etməli olanların karantinin sonunu gözləməkdən başqa çarəsi yoxdur.
Jurnalistin hayqırışı
Azərbaycanın idman jurnalisti Səbuhi Musa idmançıların çarəsiz vəziyyətindən bəhs edib. Onun sözlərinə görə, zallarda məşqlərə qoyulan qadağa travmaların çoxalmasına səbəb olur:
“Zalda yüngül atletika üzrə Avropa çempionu Nazim Babayev ölkəmizi Tokio Olimpiadasında təmsil edəcək. Amma yarışlara hazırlaşa bilmir. Qışın ortasında Babayev starta küçədə hazırlaşmağa məcbur olub və nəticə göz qabağındadır: İstanbulda keçirilən ötən yarışların hər ikisində travma alıb. İndi onun Avropa Çempionatında iştirakı sual altındadır”, – jurnalist deyir.
O həmçinin əlavə edir ki, hazırda qılıncoynatma yığmasının üzvləri bütün dünyaya səpələnib ki, zallarda məşq etmək imkanları olsun.
“Biz Azərbaycanda idmanı belə inkişaf etdiririk?” – Səbuhi Musa sual edir.
Pandeniya Azərbaycan idmançılarını taksi sürücüsü və poçtalyona çevirib
Azərbaycan yığmasının voleybolçuları dolanışıqlarını təmin etmək üçün taksi sürücüsü və poçtalyon olmaqdan başqa yol tapmayıblar.
Maliyyə problemləri üzündən komanda kapitanı Aleksey Çervyakov ölkəni tərk edib. Ona görə yox ki, onu başqa komandaya dəvət ediblər – voleybolçu ayaqda qala bilmək üçün əl altında olan istənilən bir iş axtarır.
Azərbaycan yığmasının digər oyunçusu Tural Həsənli əvvəlcə corab tikilən sexdə işləməyə başlayıb, amma sonra poçt xidmətinə işə düzəlib və indi məktub daşıyır. Onun komanda yoldaşı Elmin Alışanov kuryer xidmətində tapdığı iş sayəsində yaşayır.
Voleybolçu Asif Əliyev ümumiyyətlə doğma Cəlilabad rayonuna qayıdıb və kənd təsərrüfatı ilə məşğul olur. Amma o, heç fermer də deyil – həmkəndlilərinin mal-qarasını otarır.
Azərbaycanın kişilər üzrə voleybol yığmasının başqa bir oyunçusu, Aqil Ağazadə taksi xidmətində özünə iş tapıb – “apasport” yazıb.
Ekspert şərhi
Azərbaycanın ən tanınmış idman jurnalistlərindən biri, “azerisport” portalının yaradıcısı Vüqar Zeynalov JAMnews-a müsahibəsində bir çox yerli idmançının ağır vəziyyəti haqda danışıb:
“Bəli, mənə məlumdur ki, federasiyaların çoxunda indi vəziyyət hədsiz ağırdır. İdmançıların məşq etmək, çıxış etmək və müvafiq olaraq pul qazanmaq üçün yeri yoxdur.
Onlardan çoxu taksi sürməyə başlayıb – əgər öz maşının varsa, bu, hazırda ailə dolandırmaq üçün ən asan yoldur. Amma əksəriyyət özünü alçalmış hiss etdiyi üçün vəziyyətin belə olduğunu gizlətməyə çalışır”, – Vüqar Zeynalov deyir.
“Amma bu, ancaq idmanda belə deyil. Bu günlərdə mən məşhur beynəlxalq əlavədən taksi sifariş verdim. Sürücü Bakının ən dəbdəbəli mehmanxanalarından birinin baş meneceri idi. Nə etməli? Hamı bacardığı kimi ayaqda qalmağa çalışır”, – o bildirir.