Oxuyanda utanmayasan deyə
Orduxan Teymurxan Hollandiyada yaşayan 46 yaşlı azərbaycanlı video-blogerdir. O, öz videolarında Azərbaycan hakimiyyətini tənqid edir. Bloger həmçinin, Azərbaycan hakimiyyətinə qarşı aksiyalar təşkil edir, məsələn, Berlində eks-prezident Heydər Əliyevin maket heykəlinin simvolik yıxılması kimi.
Bu aksiyadan sonra Orduxan Teymurxan sosial şəbəkələrdə bacıları ilə olan telefon danışığının səs yazısını paylaşdı. Bu səs yazısında qadınlar ağlayaraq qardaşlarından kömək istəyirlər: “Yalvarırıq, bizi düşün”.
“Aksiyadan sonra bacımgilə 25 nəfər polis gəlibmiş. Bacımın evində ad günü imiş. 4 bacımı, bacımın 2 yaşlı qızını, qardaşlarımı, onların uşaqlarını, 12 nəfər ailə üzvlərimi polisə aparıblar. Bacılarım bölmədən mənə zəng etdilər. Sonra polislər danışdı. Məqsədləri yalnız mənim “Facebook” hesabımı bağlamaq, fəaliyyətimi tamamilə durdurmaq idi. Bunu tələb etdilər”.
Daxili İşlər Nazirliyi bu məsələni şərh etməyib.
Blogerin dediyinə görə, onun fəaliyyəti ilə bağlı nəinki qohumlarına, hətta sinif yoldaşlarına da təzyiq edirlər. O, artıq bir ilə yaxındır ki, təhlükəsizlikləri naminə ailəsi ilə əlaqə saxlamadığını bildirir.
Orduxan Teymurxan deyir ki, digər qohumları dindirilmədən sonra sərbəst buraxılsa da, qardaşı və bacısıoğlu həbs olunub.
Blogerin qohumlarının vəkili Aqil Layıcov Azadlıq Radiosuna Suraxanı rayon Məhkəməsinin polis dindirməsindən sonra bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxardığını açıqlayıb. Qərara əsasən, onlar fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.
Orduxan Teymurxan Azərbaycan hakimiyyəti tərəfindən təzyiqə məruz qaldığını deyən yeganə bloger deyil. Başqa səs-küylü hadisələr – bloger Mehman Hüseynovun (Sancaq Tv) həbsi də buna misal ola bilər. O, daha əvvəl ifadə verməyə gedərkən, polisdə işgəncə gördüyünü açıqlamışdı. Martın 3-də isə o, böhtan atmaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edildi. Mehman öz videolarında məmurları tənqid edir, ptovokativ mövzularda sorğu aparırdı.
Başqa bir bloger Əbdül Əbilov 3 ildən artıq müddəti həbsdə keçirib və bu günlərdə prezident əfvi ilə azadlığa çıxıb. O, narkotik satışında günahlandırılaraq 5, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Əbilov özü isə “son söz”ündə həbsini “Facebook” sosial şəbəkəsində “Yaltaqlara dur deyək” səhifəsinin admini olması ilə izah etmişdi. Amenisty İnternational təşkilatı hələ də həbsdə olan Əbdül Əbilovu siyasi məhbus hesab edir.
Bu ilin əvvəlində Bakı Dövlət Universitetinin tələbəsi Ümman Səfərov mətbuata açıqlamışdı ki, o, hökumət və prezident əleyhinə yazdığı və hətta bəyəndiyi statuslara görə, universitet rəsmiləri tərəfindən qovulacağı ilə hədələnir.
Siyahını uzatmaq olar. 2015-ci ildə tənqidi statusu bəyənməklə bağlı qalmaqallardan biri də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə bağlı oldu. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı sabiq səfiri Arif Məmmədov həmin il yaşayış binasında baş verən yanğınla bağlı Azərbaycan hakimiyyətini tənqid edən status yazmışdı. Bunun ardınca xaricdə işləyən Azərbaycan diplomatlarından biri işdən azad edildi. Mətbuat bu faktı həmin diplomatın oğlunun sözügedən statusu bəyənməsi ilə əlaqələndirdi. Arif Məmmədovun statusunu bəyənənlərdən biri – XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə isə sonradan statusu bəyəndiyinə görə Azərbaycan hökumətinə üzrxahlıq bəyanatı yaydı:
“Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, möhtərəm Prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəm. Texniki parametrlər baxımdan facebook sosial şəbəkəsində hər hansı statusun “like” edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox “gördüm, oxudum və ya tanış oldum” demək olsa da, onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun “like” edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm”.
“Meydan Tv və Sancaq Tv-də dövlət rəhbərlərimizə, dövlətimizin birinci şəxsi, möhtərəm prezidentimizə qarşı yazılan yazıları adam utandığından oxuya da bilmir. Dünyanın heç bir yerində prezidenti belə təhqir etmirlər. İnternet üzərindən yayınlanan televiziyalar, internet mətbuatıyla bağlı bizdə qanun yoxdur. Ona görə də bu məsələlərdə boşluq qalır. Çox xahiş edirəm ki, payız sessiyasında internet televiziyalarının yayımlanması ilə bağlı qanun qəbul olunsun”.
Sitat hakim Yeni Azərbaycan Partiyasının deputatı Məlahət İbrahimqızı ötən ilin sentyabr ayında parlamentdəki çıxışındandır. Söhbət Azərbaycandakı internet mediasını qanunla tənzimləyəcək dəyişiklik layihəsindən gedir.
İndiyə qədər Azərbaycanda internet məkanı cinayət məcəlləsi ilə “nizamlanmırdı”. Fəalların böyük əksəriyyəti öz həbslərini internetdəki fəaliyyətlə əlaqələndirsələr də, ən müxtəlif maddələrlə, məsələn, narkotik satışı və ya polisə müqavimət ittihamı ilə məhkum ediliblər. Milli Məclisin deputatları artıq uzun müddətdir ki, bu boşluğun doldurulmasını tələb edirlər.
Məsələn, deputat Siyavuş Novruzov sosial şəbəkə istifadəçilərinin “ifadə etdikləri fikirlərə görə məsuliyyət daşımaları üçün” şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmələrini təklif edib.
Bu ilin fevralında isə Milli Məclis Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik ediləcəyini açıqladı. MM sədr müavini Bahar Muradova hər iki dəyişiklik sənədini prezident İlham Əliyevin göndərdiyini bildirib.
Martın 10-da Azərbaycan Parlamenti hər iki qanuna təklif olunan dəyişikliklər layihəsini təsdiqləyib.
Nə dəyişəcək?
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklərə əsasən, hər internet saytında “qadağan olunan informasiya” yayılarsa, müvafiq icra qurumu (çox güman ki, bu, rabitə nazirliyi olacaq) ona və host provayderə dərhal xəbərdarlıq edəcək. Əgər sayt rəhbərliyi bu informasiyanı 8 saat ərzində saytdan götürməzsə, o zaman rəhbərlik saytın yayımı ilə ən az 5 gün vidalaşmalı olacaq. Əgər saytda yayılan informasiya dövlət və cəmiyyət, həmçinin, insanların həyat və sağlamlığı üçün real təhlükə hesab edilərsə, müvafiq qurum hətta məhkəmə qərarını belə gözələmədən, saytı bağladacaq. Bundan sonra isə məhkəməyə müraciət edəcək. Məhkəmə baxışı yekunlaşanadək müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş qapalı olacaq. Məhkəmə bu müraciətə 5 günədək müddətdə baxacaq.
Bu müddəaların pozulmasına görə sayt rəhbərliyi, domen adının sahibi, host və internet provayderlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.
[toggle title=”“Qadağan olunmuş informasiya” nədir?”]
Qanun layihəsinə görə, “qadağan olunmuş informasiya” sırasında zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlamasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar, dövlət sirri təşkil edən məlumatlar, təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar və Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyalar aiddir.
Rəsmilər bildirir ki, təklif edilən dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.[/toggle]
Rəylər
APA xəbər agentliyinin məlumatına görə, martın 3-də keçirdiyi toplantıda Azərbaycanın Mətbuat Şurasının (MŞ) üzvləri “sözügedən layihədəki dəyişiklikləri vacib hesab ediblər”.
Media təmsilçiləri, hüquq müdafiəçiləri və media ekspertləri isə hesab edirlər ki, sözügedən dəyişiklik Azərbaycanda ifadə azadlığını məhdudlaşdırmaq xarakteri daşıyır. Onların fikrincə, Azərbaycan hökuməti “qadağan olunan informasiyalar” adı altında əslində, onu tənqid edən qurumları sıradan çıxarmaq istəyir.
Media eksperti, hüquqşünas Xalid Ağalıyevin sözlərinə görə, mövcud dəyişiklik layihəsində “qadağan edilmiş informasiyalar” məhfumundan geninə-boluna istifadə edilsə də, onun “anlayışlar” bölümündə bu informasiyalara izah verilməyib:
“Layihədə nəzərdə tutulan əsaslar həddindən artıq çox, həm də olduqca yayğındır. Layihədə deyilir ki, Rabitə Nazirliyi hesab etsə ki, məlumat böhtan və ya təhqirdir, həmin məlumatın çıxarılmasını tələb edə, tələbinə əməl edilməzsə, internet resursuna girişi qapaya biləcək. Axı, nazirlik hansısa “filan məmur rüşvət aldı” deyilən bilginin böhtan olduğunu necə müəyyən edəcək? Bu, birmənalı olaraq məhkəmələrin həll etməli olduğu məsələdir. Mövcud qanunvericilikdə də hazırda belə nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, milli təhlükəsizliklə, ərazi bütövlüyü ilə və digər əsaslarla bağlı bütün bilgilər ictimaiyyət üçün açıq olan məlumatlar siyahısının əhatə dairəsindən kənarda qalmamalıdır. Müvafiq bilginin qadağan edilmiş və ya edilməmiş olmasını da hansısa nazirlik, qurum deyil, birmənalı olaraq məhkəmələr müəyyən etməlidir.
Belə nəticəyə gəlmək olar ki, bu layihə Konstitusiyanın məlumat, ifadə etmək azadlığını nəzərdə tutan müddəalarına, Azərbaycanın qoşulduğu Avropa Konvensiyasının müvafiq maddələrinə- Avropa Məhkəməsinin ifadə azadlığı ilə bağlı presedent hüququna ziddiyyət təşkil edir” – deyə, ekspert bildirir.
Hüquq müdafiəçisi Oktay Gülalıyev deyir ki, Azərbaycan hökuməti nəinki saytlara, sosial şəbəkələrə də nəzarəti ciddiləşdirib:
“Hətta bununla bağlı son aylarda nazirlik nəzdində xüsusi şöbələr yaradılıb. Biz bunları polis bölməsinə çağırılan fəalların dediklərinə əsasən deyirik. Polis işçiləri dindirilənlərə deyir ki, biz sizin yazdıqlarınızı izləyirik. Siz tənqidi, əsassız yazılar yazırsınız. Polislər özləri etiraf edirlər ki, sosial şəbəkələrdə yazılanları izləmək üçün xeyli insan işə cəlb olunub. Məndə olan məlumata görə, bu proses bir neçə nazirlikdə, Yeni Azərbaycan Partiyasının özündə, hökumətə yaxın olan bəzi qurumlarda olmaqla, beş yerdə cəmlənib”.
Oqtay Gülalıyevin bu ilin fevral ayında hazırladığı siyahıya görə, hazırda Azərbaycanda 50 nəfər məhz “Facebook”da hökuməti tənqid etdiyinə görə, inzibati həbs cəzası alıb. Hüquq müdafiəçisi bildirir ki, bu rəqəm hələ üzdə olan, həbsini ictimailəşdirməkdən çəkinməyən fəalların sayıdır, yerdə qalanlar isə ailələri üçün qorxduqlarına görə susurlar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov nazirlikdə sosial şəbəkələri izləmək üçün xüsusi şöbə yaradılması ilə bağlı sualı belə şərh edir:
“Onun kimə nə dəxli var ki, DİN-də hansı şöbə var? Respublikanın hüquq-mühafizə orqanları, o cümlədən, DİN cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunla qəbul olunmuş qaydada fasiləsiz olaraq, müvafiq tədbirlər həyata keçirir. Burda hansı şöbənin olub-olmamasının nə əhəmiyyəti var? Kimin necə deyərlər bəd əməli yoxdursa, narahat olmasın”.
Ehsan Zahidov digər suallarımızı dinləmədən, dəstəyi asır və sonrakı zənglərə cavab vermir.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən də məsələ ilə bağlı sualımızı dinləyib, nahar fasiləsindən sonra açıqlama verəcəklərini bildirib, dəstəyi asırlar. Fasilədən sonra isə partiyanın mətbuat xidməti zənglərə cavab vermir.
Azərbaybaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının baş redaktoru Elçin Şıxlı:
““Yayılması qadağan olunmuş informasiya” deyəndə, bunun siyahısı olmalıdır. Bu, hansı informasiyadır? Bu siyahını kim hazırlayır? Bunların heç biri məlum deyil. Buna görə də, hesab edirəm ki, bu qanuna dəyişiklik, ifadə azadlığına əməlli-başlı maneələr törədəcək”.
Hakimiyyətin tənqidi ilə məşhur olan Meydan Tv-nin direktor müavini Həbib Müntəzir hesab edir ki, bu dəyişikliklərdə məqsəd ölkədəki müstəqil medianı qadağan etməkdən ibarətdir:
“Təbii ki, hansısa materialda yalan, böhtan, səhv və ya bu kimi informasiyalar olarsa, bu halda, xəbər saytdan yığışdırıla bilər. Bundan başqa heç bir halda, biz saytımızdan xəbər çıxarmağı düşünmürük.
Üstəlik, onsuz da hazırda heç bir məhkəmə qərarı olmadan, Azərbaycanda Meydan Tv-yə girişi bloklayıblar. Buna görə biz də bloklanmış saytlara girmək üçün ictimayyəti VPN, TOR brauserlərdən istifadə etməyə çağırırıq”.
“Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda mətbuata heç bir məhdudiyyət qoyulmur. İnternet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır”, – iki ilə əvvəl Almaniyada mətbuat konfranası zamanı ölkə başıçısı İlham Əliyev bildirib.
“Freedom House” Beynəlxalq İnsan Haqları Təşkilatının 2016-cı ilki hesabatına əsasən, Azərbaycan mətbuat azadlığına görə “azad olmayan” ölkələr kateqoriyasındadır.
[toggle title=”Freedom House-un reytinqi haqda daha ətraflı”]Eyni təşkilatın internetdə azadlıqla bağlı ötənilki hesabatında bildirilir ki, Azərbaycanda internet qismən azaddır. Qurum bu hesabatda internet istifadəçilərinin 88%-ni əhatə edən 65 ölkəyə qiymət verib. 2015-ci ildə 56 balla nisbətən yaxşı nəticə alan Azərbaycan 2016-cı ildə 57 balla «qismən azad» ölkələrin siyahısına düşüb. Digər Qafqaz ölkələri – Gürcüstan (25 bal) və Ermənistan (30 bal) interneti azad olan ölkələrin sırasındadırlar. Azərbaycanın o biri qonşuları – Türkiyə (61 bal), Rusiya (65 bal) və İran (87 bal) interneti azad olmayan ölkələrdir.[/toggle]
“Sərhədsiz Reportyorlar” təşkilatının son 5 il üçün hazırladığı Ümumdünya Mətbuat Azadlığı İndeksi hesabatına görə, Azərbaycan 180 ölkə arasında 2012-ci ildə 162, 2013-cü ildə 156, 2014-cü ildə 160, 2015-ci ildə 162, 2016-cı ildə isə 163-cü yerdədir.