Ötən ilin həbsdə qalan “söz azadlığı”
Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında qanuna dəyişiklik edilməsini təklif etdi. 2015-ci il isə bu təklifin reallaşdırılması ilə başladı. Qərar sadə idi: Bir il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb olunan media fəaliyyətini dayandıracaq.
İlk siyasi məhbus
AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev 2015-ci ilin ilk siyasi məhbusu kimi tarixə düşdü. Elvinə qarşı bu ilin yanvarında narkotik maddələr cinayətlərini nəzərdə tutan ittihamlar irəli sürülmüşdü. Mayın 1-də isə o, 6 il müddətinə azadlıqdan məhrum edildi. Elvin həbsinin “facebookdakı fәal mövqeyi, eləcə də hakimiyyətə qarşı kəskin statusları ilə bağlı olduğunu deyirdi.
Xədicə İsmayılın mükafatları
Ötən ilin dekabrında özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilən jurnalist Xədicə İsmayıla qarşı 2015-ci ilin fevralın 13-də mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olundu.
Araşdırmaçı jurnalistin 2015-ci ildə davam edən və hələ də yekunlaşmayan işi ilə bağlı avqust ayının 22-də prokuror çıxış etdi. O, jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istədi.
Həbsindən sonra jurnalistin ünvanına gələn mükafatların da sayı artdı. İsveç Milli Mətbuat Klubunun 2015-ci il Anna Politkovskaya Söz Azadlığı mükafatı, beynəlxalq PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı, “Human Rights Watch hüquq-müdafiə təşkilatının nüfuzlu “Alison Des Forges Mükafatı onlardan bir neçəsidir.
Hədəfdə “Azadlıq və “Meydan TV
Sentyabrın 28-də isə AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirildi. O, Meydan TV-nin işi ilə bağlı aparılan araşdırmaya görə dindirildiyini dedi. Sentyabrın 26-da isə hüquq-mühafizə orqanlarının əməkdaşları İslam Şıxəlinin kirayə qaldığı mənzildə axtarış aparmışdılar.
Meydan TV də 2015-ci ildə söz azadlığı ilə bağlı təzyiqlərə məruz qalan qurumlardan idi. Qurumunun direktoru Emin Millinin İT üzrə mütəxəssis olan qaynı Nazim Ağabəyov iyulun 23-də narkotik maddə satışında ittiham olundu. Milli bu hadisənin siyasi sifariş olduğunu bildirdi və qaynının həbsinin özünün Meydan TV-dəki fəaliyyəti ilə bağlı olduğunu dedi.
TV-nin digər əməkdaşı Günel Mövludla eyni ssenari təkrarlandı.
Onun iki qardaşı – Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis tərəfindən saxlanıldı. Məlum oldu ki, onların da üzərindən narkotik vasitə olan marixuana tapılıb. Hazırda qardaşlar 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Günel Mövlud da öz növbəsində qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirdi.
Sentyabrda TV ilə əməkdaşlıq edən Aytac Əhmədova küçədə rəfiqəsi ilə gəzərkən, bir neçə gün sonra digər jurnalist əməkdaşlar – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva Kiyevdən qayıdarkən gecəyarı Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanıldılar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən jurnalistlər Mingəçevir hadisələri ilə bağlı şahid qismində ifadə verməyə çağrılsalar da, idarədə onlardan Meydan TV ilə bağlı suallar soruşuldu. Daha sonra xanımlar sərbəst buraxıldılar.
Sentyabrın 16-da isə Meydan TV-nin digər əməkdaşı Şirin Abbasov yoxa çıxdı.
DİN-nin mətbuat xidmətinin rəis müavini bu barədə məlumatsız olduğunu desə də, sonradan məlum olur ki, jurnalist hədə-qorxu ilə tələb etmə cinayətləri ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Sonradan xəbər gəldi ki, jurnalist polisə müqavimət göstərmə maddəsi ilə 30 sutka inzibati cəza alıb.
Jurnalist döyülərək öldürülüb
2015-ci il jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə də yadda qaldı. İddialara əsasən, o, avqustun 8-də “Qəbələnin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülmüşdü.
Məlum olub ki, xəstəxanaya yerləşdirilən Rasim Əliyev daxili qanaxma nəticəsində dünyasını dəyişib. Hadisələrin gedişatında Cavid Hüseynov həbs olundu. Jurnalistin həmkarları isə onun ölümündə ən azı futbolçu qədər həkimlərin “rolunun olduğunu dedilər.
Səhiyyə işçilərinin də istintaqa cəlb olunmasını tələb etdilər. Qeyd edək ki, istintaqın versiyasına görə, jurnalistin döyülməsinə səbəb “facebookda “Qəbələ komandasının kapitanı Cavid Hüseynovu tənqid etməsi olub.
Leyla və Arif Yunus
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunuslara hökm oxundu. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus is 7,5 il müddətinə həbs edildi.
Arif Yunus səhhətində yaranan problemlərə görə bu il noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq azadlığa buraxıldı.
Bakı Apellyasiya məhkəməsi dekabrın 9-da isə həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa 5 ili sınaq müddəti olmaqla 8 il 6 ay şərti həbs qərarı verdi və o, azadlığa buraxıldı. Leyla Yunus dövlətə xəyanət, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, dələduzluq kimi maddələrlə ittiham olunurdu.
Senzura
İyulun 22-də Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi qeyd edildi. Jurnalistləri Müdafiə Komitəsi (CJP) 2015-ci il hesabatında yazdı ki, Azərbaycanda medianın əksəriyyəti ya “hökumətin mülkiyyətidir, ya da hökumətyönlüdür. Qurum, deffamasiya haqqında qanunun qəbul edilməməsi, peyk kanallarının siqnallarının “basılması və jurnalistlərin həbsdə olmasına görə Azərbaycanı senzura hökm sürən ilk 5-liyə daxil etdi.