Onlayn şoppinq: 22 ilin təcrübəsi
Erməni radiosundan xəbər alırlar:
– Sovet sklerozu nə deməkdir?
– Sovet vətəndaşı alış-verişə gedir, yolda çantasını açır və şübhə ilə düşünür: o mağazaya hələ indi gedir, yoxsa artıq qayıdır.
Sovet defisiti illərində yaşayan nəsil üçün bugünkü böyük seçim lazımsız israfçılıq kimi görünə bilər. Nənələrimizə və babalarımıza nəvələrinin bir neçə dəfə mausu tıklamaqla divandan qalxmadan iki-üç dəqiqə ərzində virtual səbəti real mallarla doldurması fantastik film kimi görünür.
Nəvə üçün isə onlayn şoppinq gündəlik həyatın bir hissəsidir: təki pul olsun, malı tapmaq texnikanın işidir. Yeri gəlmişkən, ilk onlayn alış 1994-cü ildə həyata keçirilib və bu, Stinqin “Ten Summoner’s Tales albomu olub.
Ciddi tədqiqatlar bildirir ki, onlayn şoppinq asılılıq yaradır. Bir dəfə etdin, təkrar-təkrar qayıtmaq istəyirsən… Nəticədə də internet “şopoqoliki olmaq riski ilə üzləşirsən. Təsəvvür edin ki, bu il insanların onlayn alış-verişləri real mağazalardakından daha artıq olub.
Onlayn şoppinqin çoxsaylı üstünlükləri göz qabağındadır, mənfi tərəfləri azdır və o qədər də gözə çarpmır.
Aşkar üstünlüklər:
- Rahat şərait: divan, pivə və ya qəhvə – istəyinizdən asılı olaraq. Harasa ayaq döyməyə, basabas növbədə durmağa ehtiyac olmadan. Malı şəkillərdən və ətraflı təsvirindən seçə bilərsiz.
- Vaxta qənaət: ticarət mərkəzinin bir mərtəbəsindən o biri mərtəbəsinə qaçaraq, sizə lazım olan malı axtarmaq əvəzinə, mausu tıklayın və istədiyinizi sifariş edin. Özü də bunu “24 saat7 gün rejimində etmək mümkündür.
- Sərfəli alış-veriş: bir neçə dəqiqə ərzində bir neçə internet mağazada qiymətləri müqayisə edib sizə lazım olan malı daha sərfəli qiymətə almaq olar.
- Çatdırılma: mal sizə planetin istənilən nöqtəsindən gəlib çatır, bəzən hətta pulsuz.
Bu siyahını uzatmaq da olar, amma medalın o biri üzü də var:
Gizli nöqsanları:
Təhlükəsizlik: onlayn ödənişi həyata keçirmək üçün şəxsi məlumatları detallı vermək lazımdır, başqa cür mümkün deyil. Alış-veriş etdiyiniz sayt kifayət qədər qorunmursa, bu informasiya hər adamın, o cümlədən də fırıldaqçıların əlinə keçə bilər.
Buna görə də diqqətli olun: misal üçün, “Verified by VISA, MasterCard Secure Code nişanı olan etibarlı saytlardan istifadə edin.
Uyğunsuzluq: internet mağazadakı mallara əl vurmaq, ölçülərini hiss etmək, keyfiyyətini yoxlamaq olmur. Fərasətli satıcılar malın şəklini elə çəkə bilərlər ki, o gözünüzə gözəl və keyfiyyətli görünə bilər, realda isə bunun əksini ala bilərsiz. Təsvirin real maldan fərqləndiyi xırda şriftlə, hardasa səhifənin küncündə qeyd edilə bilər.
Buna görə də diqqətli olun, hiyləgər fırıldaqçılar hər yerdə var.
Malın təlimatını diqqətlə oxumaq lazımdır, əks halda dostlarımdan birinin düşdüyü vəziyyətlə üzləşə bilərsiz. O, E-Bay-da dörd nəfərlik çadır sifariş etmişdi (çox ucuz qiymətə, bu da öz-özlüyündə şübhəli idi – pulsuz pendir ancaq siçan tələsində olur). Dostum yumşaq tərzdə desək, ingilis dilini o qədər də yaxşı bilmir. O şəkillərə baxıb, seçib və deyəsən, 30 dollar ödəyib, iki həftə sonra isə sifarişi gəlib. Mal təsvirdə olunduğu kimi idi, bircə ölçüsündən başqa. Çadırda dostumun dörd barmağı güclə yerləşərdi. Bu, maket imiş!
Tədqiqatlar göstərir ki, kişilər internet mağazalardan daha tez-tez və daha çox istifadə edir. Qadınlar real şoppinqə üstünlük verirlər, çünki onlar üçün bu, bir sıra xoş “prosedurdan ibarət kompleks bir işdir. Məsələn, dünən qonşu xanımın öz rəfiqəsini mağazalara birlikdə getməyi təklif etdiyini və unudulmaz təəssüratlar vəd etdiyini eşitdim.
İstənilən halda tədqiqatlar onlayn şoppinq üçün parlaq gələcək, göstərici və dövriyyənin ildən-ilə artacağını proqnozlaşdırır. Dünən öz mallarını virtual dünyaya yerləşdirən satıcılar bu gün artıq ticarət sahəsində üstünlüyə malikdirlər.
Dərc olunub: 03.12.2016