Onlar yüz ildən çoxdur ki, Gürcüstanda yaşayır və heç kim onlar haqqında heç nə bilmir
Bu insanlar Gürcüstanda artıq yüz ildən çoxdur ki, yaşayırlar. Hazırda onların sayı təxminən yüz əlli nəfərə yaxındır. Öz dillərində danışır və özlərini lahıc adlandırırlar.
Bu etnonimli xalq heç yerdə qeydə alınmayıb. Əvvəllər onları tatar adlandırırdılar, 1939-cu ildə baş verən əhalinin ümumi siyahıya alınmasından sonra onları azərbaycanlı hesab etməyə başladılar.
“Amma biz özümüzü azərbaycanlı saymırıq. Dilimiz hələ yaşayır, amma artıq məhv olmaq üzrədir. Sayımız getdikcə azalır, bir azdan bu dildə danışmağa adam da olmayacaq. Əlbəttə, etnik qrupumuzu rəsmi şəkildə qeydə almaq yaxşı olardı, amma kim bununla maraqlanacaq ki?”, – Gürcüstanın Kaxeti regionunda Qombori kəndinə gələndən sonra yerli sakinlərlə etdiyim söhbətləri təxminən bu cür ümumiləşdirmək olar.
Qomori kəndinin girişi
Bu kənd Tbilisini Kaxeti ilə birləşdirən Qombori aşırımında yerləşir. Buradan paytaxta təxminən 55 kilometr yol var.
Kənd kifayət qədər böyük hündürlükdə yerləşir – dəniz səviyyəsindən 1,130 metr, onu qalın meşəlik əhatə edir. Məhz meşə Gürcüstana o vaxtkı Bakı quberniyasından gələn lahıcların ilk qrupunun bu yeri seçməsi üçün əsas amil olub. Onların gəldiyi Lahıc adlanan qəsəbə hazırda Azərbaycanın İsmayıllı rayonunda yerləşir.
Meşə köçkünlərə pis havadan gizlənmək, yemək tapmaq və ən əsası pul qazanmaq imkanı verirdi: ağacları kömürə çevirib, satmaq olardı.
Meşəyə aparan kənd yolu
“Əvvəlcə ancaq kişilər gəlirdi, – kənd sakini, ehtiyatda olan gizir Ayvaz Cəfərov danışır. – Onlar kömür yandırmaqla məşğuluydular, o vaxtlar taxta kömür dəmirçixanalarda və əritmə sobalarında geniş istifadə olunurdu. Hərçənd kömür elə ev məişətində də xüsusilə populyar idi – ondan samovar qalamaq və kabab bişirmək üçün istifadə edirdilər”.
Köçkünlər əvvəlcə regionun hər yerində, iş və ev tapdıqları yerlərdə məskunlaşırdılar. Yerlərini rahatlayandan sonra ailələrini də gətirməyə başladılar. Nəticədə İkinci Dünya Müharibəsinə qədər lahıclar birdəfəlik Qombori kəndində cəmləşdilər.
Ayvaz Cəfərov lahıcların əcdadlarından qalan məişət əşyalarını göstərir
“Lahıcdan niyə köçdük? Bu suala cavab vermək üçün VII əsrdən başlamaq lazımdır. Bu, Sasanilər sülaləsindən olan fars hökmdarlarının vaxtıydı, o vaxt əcdadlarımız indiki İranın ərazisindən köçmüşdülər”, – Ayvaz Cəfərov danışır.
“XVII əsrdə Lahıc artıq çiçəklənən sənət mərkəzinə çevrildi. Orada soyuq silah və mis əşyalar hazırlayırdılar. Ticarət inkişaf edirdi, insanlar imkanlı həyat sürürdülər.
Bu, XIX əsrə qədər davam etdi, maşınlar meydana gələndən sonra məmulatların misdən əllə hazırlanması kəskin şəkildə azaldı. İşsizlik baş qaldırdı. Bundan əlavə, tez-tez iğtişaşlar baş verirdi. Lahıclar qəsəbəni tərk etməyə və yeni məskənlər axtarmağa başladılar. Onların bir hissəsi də Gürcüstana gəldi”.
Kənddə ən köhnə ev haradasa 1910-cu ildə tikilib
Ayvaz Cəfərovun valideynləri Qomboriyə 1930-cu illərdə, digər 20 ailə ilə birlikdə gəlib. Kişilər bir komanda kimi işləyir, kömür yandırır, qadınlar ev təsərrüfatıyla məşğul olurdular.
Halbuki “ev təsərrüfatı” nisbi anlayışıydı, çünki onlar uzun müddət sadəcə meşənin içində, samandan düzəldilmiş komalarda yaşamışdılar. Və ancaq bir az pul toplayandan sonra, kənddəki qohumlarına qoşulub, özlərinə kiçik evlər tikə bildilər, mal-qara saxladılar.
Lahıcların tipik evi
“İkinci Dünya Müharibəsi başlayanda bütün kişiləri cəbhəyə apardılar. Çoxları həlak oldu. Atam da müharibədən qayıtmadı, onu heç vaxt görməmişəm, atamı 1942-ci ildə apardılar, mən 1943-cü ildə anadan oldum”, – Ayvaz Cəfərov danışır.
“Kənd sovetində doğum haqqında şəhadətnamə verilən zaman anamdan yoldaşı haqqında sənəd təqdim etməsni istədilər, onunsa əlində heç bir sənədi yoxuydu. Gürcü dilini bilmirdi və demək olar ki, heç nə başa düşmürdü. Ona görə də soyadımla bağlı kazus yarandı.
– Oğlunun adı nədir? – ondan xəbər alırlar.
– Ayvaz – cavab verir.
– Bəs atasının adı nədir?
– Cəfər.
– Deməli, Ayvaz Cəfərov”.
Bütün lahıclar soyadlarını belə aldılar, çünki etnosun ənənəsində o vaxt ancaq adlar var idi. Bu gün onların arasında geniş yayılmış İsmayılov, Məmmədov, Əliyev kimi soyadları beləcə yarandı.
Kənd qəbiristanlığı. İlk məzar 1936-cı ilə aiddir. Bu, Ayvaz Cəfərovun əmisi arvadının qəbridir
Rus hərbçiləri həmişə bu yerə maraq göstəriblər. Gürcüstan Rusiya İmperiyasının tərkibinə keçən kimi burada hərbi bölmələr yerləşdirməyə başladı: 1801-ci ildə artilleriya, sonra da atıcı batalyon gəldi. Rus zabitləri öz ailələrini gətirir və “sloboda” adlandırdıqları kəndi abadlaşdırırdılar.
XIX əsrin axırlarına yaxın, yəni lahıclar köçürülənə qədər Qombori kəndinin əhalisinin sayı 600-ə yaxın idi, onların demək olar ki, hamısı ruslarıydı.
1888-ci ildə tikilmiş Qombori hərbi kilsəsi. Sovet dövründə onun yerində kinoteatr açdılar
Sovet dövründə burada kifayət qədər inkişaf etmiş infrastrukturu olan iri hərbi baza yerləşirdi, tərkibində raket briqadası da vardı.
O vaxtlar əksər lahıc kişiləri daimi hərbi qulluğa düzəldilər, qadınlar isə hospitalda təsərrüfat sahəsində işləməyə başladılar.
Lahıcların sayı yavaş-yavaş artırdı və 1989-cu ildə 400-dən çox oldu. Həyat sanki öz axarına düşürdü.
Amma bu zaman gözlənilməz dəyişikliklər baş verdi: Sovet İttifaqı dağıldı və hərbi baza ləğv olundu. Rus hərbçiləri öz ailələri ilə birlikdə buradan köçdü.
Burada bir vaxtlar rus ailəsi yaşayırdı
Bütün hərbi əmlakı Rusiyaya daşımaq mümkün deyildi. Raketləri və iri texnikanı göndərdilər, yük maşınlarını isə ya saxladılar, ya da yerli sakinlərə satdılar. Qomboridə onlar hələ də işləyir, təsərrüfatda istifadə olunur.
Sovet dövründən qalan yük maşınları
Hərbi baza ləğv olundu, sovet kolxozu bağladı və lahıclar işsiz qaldı. Gənclər çörək pulu qazanmaq üçün kəndi tərk etməyə başladılar.
“Bu gün kənddə əsasən təqaüdçülər yaşayır. Əcdadlarımızı adət-ənənələrini xatırlayan lahıclar artıq həyatda yoxdur”, – kəndin 83 yaşlı sakini Sənəm Bəhramova danışır.
Sənəm Bəhramova
“Mən Qomboridə anadan olmuşam. Əvvəlcə bura babam gəlib və meşədə kömür yandırıb. İşi yaxşı getmirdi. Xirtdəyəcən borc içindəydi. Lahıcdan öz oğlunu, mənim atamı çağırdı və onu borclu olduğu adama borcunun müqabilində pulsuz işlətmək üçün verdi. Özü də harasa getdi və bir daha qayıtmadı, ondan axıra qədər də xəbər gəlmədi.
Atamın adı Bəhramıydı. Uzun ömür yaşayıb, 102 yaşı tamam olana az qalmış dünyasını dəyişib. 1940-cı illərdə döyüşüb və cəbhədən bir dənə də yara almadan qayıdıb.
Amma o qayıdandan bir qədər sonra anam xəstələndi və dünyasını dəyişdi. Biz dörd uşaq qaldıq. Atam ikinci dəfə evləndi. O da övladlar dünyaya gətirdi. Ümumilikdə 9 bacı-qardaşıydıq.
Cəmi iki sinif oxumuşam, sonra da atam məni məktəbdən çıxardı – körpələrə qulluq etmək lazımıydı. Buna görə də təhsilsiz qaldım”.
Sənəm Bəhramova 41 il xəstəxanada sanitar işləyib. Tək yaşayır və çətinliklə dolanır. Öz kiçik pensiyasını da yeganə qızına verir.
Sənəmin qızı Tbilisinin kənarında. Lilo qəsəbəsində yaşayır. Ərini çox tez itirib, iki övladı qalıb, onlardan biri də əməkqabiliyyətli deyil, hərəkət edə bilmir. Sənəmin də bütün dərdi-səri onlara kömək etməkdir.
Kənd küçəsi
Ötən əsrin 1960-cı illərində Qomboriyə Gürcüstanın şimal-şərqində yerləşən yüksək dağlıq regionu olan Pşav-Xevsuretiyadan ekoloji mühacirləri köçürdülər. Və 1964-cü ildə artıq Qombori əhalisinin əksəriyyətini gürcülər təşkil edirdi.
Lahıclar deyirlər ki, bir çox mədəni və məişət elementlərini gürcü qonşularından götürüblər.
“Olur ki, biz də xristian kilsəsinə gedirik. Gürcülərlə birlikdə dini bayramları qeyd edirik, gürcülər də bizimlə birlikdə müsəlmanların Qurban bayramını qeyd edirlər”, – üç övladı və altı nəvəsi olan Şabacı Paşayeva deyir.
O, hətta mənim arxamca qaçıb dedi ki, lahıclar da gürcülərdən nümunə götürüb, qohumlar arasında nikahlardan imtina ediblər, halbuki islam buna imkan verir.
Şabacı Paşayeva
“Azərbaycanda yaşayanda həmin ölkənin ənənələrinə riayət edirdik, alkoqol içkilərdən uzaq dururduq, donuz əti yemirdik. Gürcüstanda isə belə qadağalarımız yoxdur və biz kulinariyada daha sərbəstik.
Əksər vaxtlarda ailədə müxtəlif üsullarla hazırlanmış düyü və ət – qoyun, mal və donuz əti olur. Bəli, donuz, yanılmadım. Demək olar ki, bütün lahıclar donuz əti yeyir. Bir də bizdə şəkərli kökə və turş süddən hazırlanmış göyərtili şorba olur”.
Xanuma Cəfərova kənddə ən yaxşı kulinar hesab olunur
“Qomboridə iki məktəb olub: gürcü və rus. Lahıclar özləri qərar verirdi , uşaqlarını hansı məktəbə qoysunlar. Mən rus məktəbini bitirmişəm, nəvələrim isə gürcü məktəbinə gedir”, – Şabacı Paşayeva deyir.
Ümumiyyətlə, lahıclar dörd dildə sərbəst danışır.
“Gürcülərlə gürcü dilində danışırıq. Rus dilində də yaxşı danışırıq, halbuki kənddə bu dildən az-az istifadə edirik. Olsa-olsa kənddə yeganə rus qonşumla danışıram”, – Şabacı Paşayeva deyir.
Kəndin yeganə rus sakini
“Azərbaycan dilində biz kənddə yaşayan tatlarla danışırıq. Tatların dədə-babaları qədim iranlılar olub, onlar Qombori kəndində lahıclarla eyni vaxtda məskunlaşıblar, – Amma onlar Lahıcdan yox, – İran Azərbaycanı”ndan köçüblər. İndi onların sayı təxminən bizim qədərdir, onları da azərbaycanlı kimi qeyd ediblər. Amma onlar artıq tat dilini də bilmirlər”.
Və nəhayət, öz aralarında və evdə lahıclar daha çox öz dillərində danışırlar.
“Lahıcların dilində yazmaq imkanı yoxdur, bizim heç vaxt öz yazımız olmayıb, – Şabacı Paşayeva danışır. – Biz, orta və yaşlı nəsil lahıc dilini yaxşı bilirik. Uşaqları da öyrədirik, amma gənclər artıq bu dildə həm evdə, həm də həmkəndli lahıclarla danışmağa utanır. Mənsə çox istərdim ki, əcdadlarımızın dilini itirməyək”.
İkinci sinif şagirdi Elvin Paşayev gürcü və Azərbaycan dillərində danışır. Lahıc dilini anlasa da, danışa bilmir
Lahıclar şiədirlər.
Gürcüstanda müstəqillik bərqərar olandan və dini azadlıq əldə ediləndən sonra kəndin evlərindən birində onlar ümumi səylərlə kiçik bir ibadətxana qurublar, buranı məscid adlandırırlar. Burada Qomborinin müsəlman sakinləri namaz qılır, dini mərasimlər keçirir, dini bayramları qeyd edirlər.
Müsəlman məscidi açılan ev
2014-cü ilin siyahıya alınmasına əsasən, Qombori kəndində 304 şərti “azərbaycanlı” yaşayır. Onların yarısı lahıclar, yarısı da tatlardı. 1989-cu illə müqayisədə müsəlman əhalisinin sayı iki dəfədən çox azalıb.
Lahıclar xaricə, Gürcüstanın müxtəlif regionlarına köçür, buna görə də onların dəqiq sayını müəyyən etmək mümkün deyil.
Onlar kəndi əsasən sosial-iqtisadi amilə görə tərk edirlər. 100 ildən çox əvvəl dolanmaq və sağ qalmaqdan ötrü gəldikləri yer indi onların yaşayışı üçün yararlı deyil. Meşədə ağac kəsmək qadağandır, artıq kömür yandıran yoxdur, işlədikləri hərbi hissələrdən heç nə qalmayıb.
Bircə şey qalır – meşəyə gedib, satış üçün giləmeyvə, meşə meyvələri və göbələk yığmaq.
Bu işlə gənc ailəli kişilər məşğul olur.
Vahid Paşayev, iki uşaq atası
Xanımları isə meşədən toplanan məhsulu yol kənarında satırlar.