Ömürlük damğa. Azərbaycanda keçmiş məhkumlar problemlər məngənəsində
“İşimi itirdim, ailəmi itirdim”, “Ayda 80 manat pul qazanıram, evin kirayəsi 150 manatdır”… Bunlar Azərbaycanda məhkumluq həyatı yaşamış insanların azadlıqda hiss etdikləri, qarşılaşdıqlarıdır. Onlar məhkumluq “damğa”sını ömür boyu üzərlərində hiss edirlər.
Hələ 2007-ci ildə məhkumların sosial adaptasiyası ilə bağlı qanun qəbul edilsə də, gerçəklikdə o işləmir.
- “İnsanların az qala hamısı aqressivdir” – Azərbaycanda kuryerlər nədən narazıdır?
- Rusiyada həbsdə. Krım sakinləri Rusiya məhbəslərində necə ölür?
- Azərbaycanın ombudsmen ofisi siyasi məhbusun ölümü xəbərini inkar edib. Həbsxanalarda işgəncə haqda yeni məlumatlar. Yenilənir
“Qohum-qardaşdan borc istəməyə məcburam”
Keçmiş məhkumlardan biri deyir ki, azadlığa çıxandan sonra iş tapsa da, ayda cəmi 80 manat qazanır. Bu, Azərbaycanda qanunvericiliklə təsbit edilmiş minimum əməkhaqqıdan 3 dəfə azdır.
80 manat qazanmasına baxmayaraq, hər ay kirayədə qaldığı mənzilə görə 150 manat ödəməlidir:
“Qohum-qardaşdan borc istəməyə məcburam. Bir çox idarələrə müraciət etmişəm, heç biri işə götürmür. Sıxılıram, yaşamağa nifrət edirəm”.
Digər keçmiş məhkum isə ailəsini və işini itirdiyi üçün əsəb xəstəliyindən əziyyət çəkir:
“İşimi itirdim, ailəmi itirdim. Həbsxanadan çıxdıqdan sonra ən böyük problemim xəstəlikdir.
Qapalı yerdə uzun müddət qaldığım üçün panik atak xəstəliyinə tutulmuşam, tez-tez boğuluram, qaranlıq yerdə tək qala bilmirəm, qorxuram”.
Əksəriyyəti susmağa üstünlük verir
“Keçmiş məhkumlarla dialoq zamanı məyusluq hissi keçirirdim. Onları inandırmaq çətindir ki, sən həqiqətən də bu şəxslərin problemlərini cəmiyyətə çatdırmaq, onlara kömək etmək, stereotipləri qırmaq arzusundasan.
İnsanlar cəmiyyətdən təcrid olunublar, çox çarəsizdirlər. İş tapa bilmirlər, əksəriyyətin ailəsi həbsdə olduğu üçün ondan üz döndərib. Əsəbdən gözləri tutulan var idi.
Birinin həyat yoldaşı deyirdi ki, özüm yeməyib, ərimə çörək tapmağa çalışıram. Kişi isə çox təəssüf hissi keçirirdi ki, o, ailəsini dolandırmaq üçün işlə təmin olunmur. Azərbaycanda kişilər üçün bundan böyük utanc yoxdur.
Mən də özümü pis hiss edirdim ki, bu cəmiyyətdənəm. Jurnalistəm və problemlərini işıqlandırsam da, onlara daha artıq kömək edə bilmirəm.
Keçmiş məhkumlardan biri iki ay ərzində süpürgəçi işləyib və sonda maaşını verməyiblər, heç kim maaşını alması üçün dəstək olmayıb.
Keçmiş məhkumların üstündə çox ağır damğa var. Onların cəzalarını çəkmiş olması insanlar üçün heç nə ifadə etmir”.
Bu sözləri “Stereotiplərdən azad ol” layihəsi çərçivəsində çəkilmiş filmin müəllifi jurnalist Elməddin Şamilzadə deyir. Onun sözlərinə görə, filmi çəkmək üçün 15-ə yaxın keçmiş məhkumla əlaqə saxlayıb və yalnız iki nəfəri çəkilişə razı sala bilib.
Məhkumlar, həqiqətən də, onlardan reytinq uğruna istifadə edilməyəcəyinə inanmır. Əksəriyyəti susmağa üstünlük verir.
“Qanun var, amma…”
Hüquqşünas Zibeydə Zəkəriyyəyeva deyir ki, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial adaptasiyası ilə bağlı hələ 2007-ci ildə qəbul olunmuş qanun var.
“Qanun göstərir ki, cəza çəkməkdən azad olan şəxslər cəmiyyətə atılarkən sosial adaptasiyaya dövlət birbaşa kömək etməlidir.
Məhkumlar azad olunana üç ay qalmış onlarla danışıqlar aparılır, hansı problemlərinin olduğu siyahılanır, müvafiq qurumlara yönləndirilir.
Ən böyük problem işsizlikdir. Məhkumlarda ilk növbədədir. Onlar qeydiyyata alınmalıdır.
Bu qanun 15 il əvvəl qəbul olunsa da, məhkumlar yenə də çətinliklə üzləşirlər.
Statistika göstərir ki, hal-hazırda həbs olunan şəxslərin əksəriyyəti əvvəllər də məhkumluq həyatı yaşamış şəxslərdir. Bu da ondan irəli gəlir ki, həbsdən sonrakı adaptasiya çox çətin gedir. İşsizlikdən cinayət törətməyə məcbur olurlar.
Qanun var, amma işlək deyil. Tədbirlər planı var, işlək deyil. Sosial adaptasiya mərkəzləri yaradılmalıdır”, – vəkil bildirir.
“Cəmiyyətdə empatiya hissi çox zəifdir”
Sosial işçi Elmir Valehlinin sözlərinə görə, məhkumlar həm cəzaçəkmə müəssisəsində, həm də azad olunandan sonra “damğa” problemi yaşayırlar. İş tapmaqda, ailə həyatı qurmaqda, dostluq etməkdə və s.
“Gənclər öz qohumları, valideynləri tərəfindən damğalanır və bu da onlarda güclü travma yaradır. Cəmiyyətdə empatiya hissi çox zəifdir”, – E.Valehli deyir.
“İnsanlar anlamır ki, o, artıq cəzasını çəkmiş insandır”
Klinik psixoloq Təhmasib Cəbrayılzadə isə deyir ki, məhkumlar həm həbs olunanda, həm də azadlığa çıxanda güclü stress keçirirlər:
“Mən cəzaçəkmə müəssisəsində fəaliyyət göstərirəm. Biz çalışırıq ki, tezliklə azadlığa buraxılacaq şəxslərlə danışıqlar aparaq.
Bir insan hər hansı səhvinə görə cəzaçəkmə müəssisəsinə göndərilir və 3-5 il ərzində cəzasını çəkir, cəmiyyətdən təcrid olunur. Azad olduqdan sonra insanlar anlamır ki, o, artıq cəzasını çəkmiş insandır.
Məhkumların çoxu panik atak xəstəliyindən əziyyət çəkir. Bu elə bir pozuntudur ki, yarandısa, qalır. Uzun müddət üzərində işləməli oluruq ki, insan bundan azad olsun. Kömək almaq istəməyənlərdə isə vəziyyət gedərək pisləşir”.