Ölüləri harada dəfn etməli?
Adıgenidə indi sakitlikdir. Yerli xristianlarla müsəlmanlar arasında iki gün sürən qarşıdurma bitəndən sonra hüquq müdafiəçiləri və jurnalistlər kəndi tərk etdilər. Amma polisin avtomobil patrulu hələ də buradadır.
Son üç il ərzində bu, Adıgenidə dini zəmində baş verən üçüncü münaqişədir. Əgər birinci və ikinci halda mübahisənin səbəbi müsəlman ibadətgahı idisə, bu dəfə xristianlar və müsəlmanlar qəbiristanlıq üçün ayrılan əraziyə görə münaqişəyə başladılar.
İndiki mərhələdə münaqişə həll olunub – müsəlman icmasına dəfn üçün xristian qəbiristanlığına bitişik ərazi veriləcək. Hər qəbiristanlığın özünün ayrıca giriş qapısı olacaq, ortadan isə onlar çəpərlə ayrılacaq.
Amma hüquq müdafiəçiləri bu həllin nikbinlik üçün əsas verdiyini düşünmürlər. Onların sözlərinə görə, son illərdə artan dini münaqişələr sistemli xarakter daşıyan problemlərdən xəbər verir.
Adıgenidəki (Samsxe-Cavaxeti regionu) vəziyyət ötən ilin yazında vəfat edən müsəlman Revaz Mikeladzenin dəfn edilməsi üçün kənddə yer tapılmayanda gərginləşdi.
Adıgenidə, bura Acariyadan 30 il əvvəl köç edən iyirmidən çox müsəlman ailəsi yaşayır. Bu otuz il ərzində müsəlmanların öz ölülərini Adıgenidə dəfn etmək imkanı olmayıb – bəziləri ailə üzvlərini dağlıq Acariyada, bəziləri də elə öz həyətlərində dəfn edirdilər.
Ötən il vəfat edən müsəlman icmasının nümayəndəsi Revaz Mikeladzenin ailə üzvləri isə başqa yol seçdilər və onu kənd ərazisindəki boş yerdə dəfn etmək qərarına gəldilər. Sonra da qərar verildi ki, bundan sonra yerli müsəlmanlar həmin yerdə öz qəbiristanlıqlarını salacaqlar.
Bu da kənddə böyük çaxnaşmaya səbəb oldu. Onların həmkəndliləri olan xristianlar Mikeladze ailəsinə mərhumu seçdikləri yerdə dəfn etməyə imkan vermədilər və onu kənd qəbiristanlığında dəfn etməyi təklif etdilər. Mikeladze ailəsi bu təklifi rədd etdi, çünki onların sözlərinə görə, müsəlmanı xristian qəbiristanlığında dəfn etmək olmaz. Sonda Mikeladzenin cənazəsini qonşu Zanavi kəndinə aparıb, orada dəfn etdilər.
Həmin hadisədən bir il keçsə də qəbiristanlıq məsələsi ətrafındakı gərginlik hələ ki yatmayıb. Ötən həftə iş kütləvi davaya gətirib çıxardı. Kəndə təcili tibi yardım maşınlarını çağırmalı oldular. Vəziyyəti hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsi nəticəsində sakitləşdirmək mümkün oldu.
“Bizim kənddə müsəlman qəbiristanlığı olmayacaq. Biz xristianlar öz sözümüzün üstündə dururuq və heç kimə icazə verməyəcəyik bunu etməyə! Kənddə qəbiristanlıq var, qoy onlar öz ölülərini orada dəfn etsinlər. Biz onlara ayrıca yer ayırsaq, gələcəkdə onlar orada məscid də tikəcəklər, – Adıgeni kəndinin sakini, xristian dininə qulluq edən Tina Canaşia deyir.
Müsəlman icmasının nümayəndələri isə bildirirlər ki, ancaq qəbiristanlıq üçün yerin ayrılmasını istəyirlər və həmin yerdə məscid tikməyəcəklərinə söz verirlər.
Prosesə hər iki icmanın dini liderləri də cəlb edilib:
“Bizim dinin qaydalarına görə qəbiristanlığa çaxır və digər alkoqollu içkilər gətirmək, xaç quraşdırmaq olmaz. Xristianlar üçün Quranın oxunması yasaq olduğu üçün, bizim üçün də İncilin oxunması yasaqdır. Bu səbəbdən də xristianlarla müsəlmanları yanaşı dəfn etmək olmaz. Gələcəkdə bu daha böyük problemlərə gətirib çıxaracaq, – Samsxe-Cavaxetinin müftisi Mamuka Vaşakmadze deyir.
Samsxe-Cavaxetidəki xristianların dini lideri, Çule kişi monastırının baş keşişi Antimoz ata başqa fikirdədir: “Kənddə artıq bir ümumi qəbiristanlıq var, xristianlar da, müsəlmanlar da orada dəfn olunmalıdır, bu həm dövlət, həm də insani nöqteyi-nəzərindən doğrudur. Dini baxımdan da xristianlarla müsəlmanların yanaşı dəfn edilməsində heç bir problem yoxdur.
Müsəlman icması artıq bir neçə aydır ki, rəsmi şəkildə dövlətdən qəbiristanlıq üçün yer ayrılmasını xahiş edir.
İcma nümayəndələrinin fevralın 25-də aldıqları rəsmi cavabda deyilir ki, Din məsələləri üzrə Agentlik onların xahişini yerinə yetirib və Adıgeni bələdiyyəsinin idarəsinə (qamqeoba) müsəlman icmasına qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması tapşırılıb.
Məhz bu cavab da münaqişənin gərginləşməsinə səbəb oldu.
“Siz öz ibadətgahınızın olmasını istəyirsiz, amma sizdə heç nə alınmayacaq, iyirmi-iyirmi adam gəzib, imza toplayırsız, amma heç nəyə nail ola bilməyəcəksiz. Siz bu kənddə ayrıca yer ala bilməyəcəksiz. Bunu kimsə etmək istəyirsə, qoy həmin yeri öz evində, həyətində, iş otağında ayırsın, – bu sözlərlə yerli xristian icmasının nümayəndəsi Beka Tabidze kəndin mərkəzində toplaşan həmkəndlilərinə müraciət etdi.
“Mən 22 ildir bu kənddə yaşayıram və həmişə hamı ilə yaxşı münasibətlərim olub. Ölüyə iki metr torpaq lazımdır! Ayıbdır! – ona müsəlman Liya İakobidze cavab verdi.
Adıgenidə vəziyyət axşam saat 7-yə yaxın, Adıgeni bələdiyyəsi administrasiyasının rəhbəri (qamqebeli) Zakariya Endeladze kəndə gələndən sonra gərginləşdi.
“Qamqebelini müsəlmanların özləri gətirib ki, bu gün hər şey həll olunsun. Mən axı xəbərdar etmişdim ki, bu gün bizim oğlanlar içir və məsələ yaxşı qurtarmayacaq. Amma mənə qulaq asan olmadı. Qamqebeli gəldi və bütün bu dava başladı. Sonra da təcili yardım, polis gəldi, – xristian icmasının nümayəndəsi Zurab Tabidze danışır.
Davanın iştirakçıları zədələr aldı – kimsə göz nahiyəsindən zədə, kimsə beyin silkələnməsi qazandı…
“Mənim başım yarılıb. Bilmirəm, nəylə vurdular. Huşumu itirdim və təcili yardım maşını məni xəstəxanaya apardı, – Avtandil İakobidze xatırlayır.
Gürcüstanın Daxili İşlər Nazirliyi Gürcüstan CM-nin 156-cı maddəsinin 1-ci hissəsi (insanın təqibi) üzrə cinayət işi açıb. Kəndin bir neçə sakini dindirilib, amma onlardan heç biri saxlanılmayıb.
Həmin gün Adıgeni kəndi döyüş meydanına çevrildi və iki düşərgəyə bölündü. Yerli müsəlman icmasını dəstəkləmək üçün Adıgeniyə başqa kəndlərdən – Moxe, İpiyeti, Tsixuri, Dertseli, Zedubni, Çela, Çeçla, Kikibo, Qortubanidən müsəlmanlar gəldi. Buradaca, yolun yuxarı hissəsinə yerli xristianlar yığışdı. Bir-birinə qarşı duranların arasında isə hüquq-mühafizə orqanlarının əməkdaşlar canlı hasar yaratdılar.
Gərginlik ancaq iki gün sonra azaldı – hər iki icma nümayəndələri və dini liderlər Adıgeni bələdiyyəsi administrasiyasının binasında yığışdılar.
“Biz əvvəlcədən bununla bağlı razılığa gəlmişdik. Amma anlaşılmazlıq oldu. Onun arxasınca da qarşıdurma yarandı, – müsəlman icmasının nümayəndəsi Avtandil Koçalidze danışır.
“Biz bir-birimizə nifrət etsəydik, bu qədər ili böyür-böyürə yaşaya bilərdik? Nə etmək olar, axı onlar da öz ölülərini dəfn etməlidirlər?! Ayrıca qəbiristanlığın yaradılması bizim üçün də yaxşıdır. Köhnə kənd qəbiristanlığında elə bizim ölülərin də yeri dardır, – xristian icmasının nümayəndəsi Ketevan Qaxokidze deyir.
Kənddə kiminsə özünə siyasi xal qazanmaq istədiyi üçün burada vəziyyəti gərginləşdirdiyini deyənlər də oldu. Bu haqda həm müsəlmanlar, həm də xristianlar danışır. Amma iğtişaşların konkret kimlər tərəfindən törədildiyini onlar deyə bilmədilər.
“Biz artıq 30 ildir ki, böyür-böyürə yaşayırıq… Yəqin ki, günah siyasətdədir, kimsə bu işə qarışıb. Amma dəqiq olaraq kim, deyə bilmərəm, – xristian icmasının nümayəndəsi Merab Kuraşvili deyir.
Müsəlmanlar vəziyyətin gərginləşməsində həm də xristianlardan olan yerli gəncləri də günahlandırırlar, bu gənclər onlara içkili vəziyyətdə hücum ediblər.
“Onlar bizə yaxınlaşaraq, söyüş söyməyə, tatar adlandırmağa başladılar. Biz neçə ildir burada yaşayırıq və bir dəfə də olsun yaşlı nəslin nümayəndələrindən belə sözlər eşitməmişik. Onlar içkili idilər. İçkili adamdan da nə desən çıxar, – müsəlman icmasının nümayəndəsi Mziuri Vaşakmadze deyir.
Baş verən hadisənin günahkarlarını hüquq-mühafizə orqanları müəyyən etməlidir. Amma hələ ki, polis heç kimi saxlamayıb.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri diqqəti məhz aşağıdakı fakta yönəldirlər: Tolerantlıq və müxtəliflik İnstitutunun (TDI) bəyanatında bildirilir ki, “İndiyə qədər bir nəfərə də olsun zərərçəkən statusu verilməyib. Tibbi ekspertiza aparılmayıb, bu da düzgün deyil. Bu belə bir şübhələrin yaranmasına əsas verir ki, dövlət həmin hadisəni son illərdə digər müsəlmanların təqib edilməsi faktları kimi obyektiv və vaxtında araşdırmaq niyyətində deyil.
Kənddə indi sakitlikdir. Adıgeni yeni qəbiristanlığın yaradılmasına hazırlaşır. Xristianlar və müsəlmanlar birlikdə işləməli olacaqlar.
Hazırki mərhələdə hər iki icmanın nümayəndələri bildirir ki, baş verənlər onların mehriban qonşuluq münasibətlərinə təsir etməyəcək.
“Biz tərəfdən heç bir problem gözlənilmir, düşünürəm ki, onların tərəfindən də həmçinin, – müsəlman icmasının nümayəndəsi Badri Kaxadze deyir.
Düzdür, hüquq müdafiəçiləri onların bu nikbinliyini bölüşmür və hakimiyyət nümayəndələrini dini azlıqların problemləri ilə maraqlanmağa, onları daha dərindən öyrənməyə çağırırlar. “Bu, tək-tək hallar deyil. Dini zəmində münaqişələr artıb, bu da problemin sistemli xarakter almasından xəbər verir. – İnsan Hüquqlarının Öyrənilməsi və Monitorinqinin hüquqşünasları belə hesab edir (EMC).