“Ola bilər ki, hər şey plan üzrə gedir, amma planın müəllifi Putin deyil” – Bakıdan şərh
KTMT liderlərinin görüşündə Rusiya prezidenti Vladimir Putin MDB-yə bu hərbi blokda müşahidəçi statusu verməyi təklif edib. Azərbaycan KTMT üzvü olmasa da, MDB-yə daxildir. Politoloq Şahin Cəfərli hesab edir ki, Rusiya Azərbaycanı “yenilənmiş SSRİ-nin” tərkibinə qatmaq istəyini gizlətmir. Onun fikrincə, geosiyasi mənada ola bilər ki, hər şey plan üzrə gedir, amma planın müəllifi Putin deyil.
- “Axmaqlığı şərh etmək çətindir” – Rövşən Əsgərov Rusiya istintaqının ittihamlarına cavab verib
- “Dağlıq Qarabağın Rusiyaya birləşməsi Qarabağ ermənilərinin iradəsindən asılı deyil” – Bakıdan şərh
- “Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri ola bilər”. Bakıdan şərh
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş hərbi bloka üzv ölkələrin liderlərinin sammitinin yekunlarını şərh edərkən azərbaycanlı politoloq Şahin Cəfərli bildirib ki, bu təşkilatın hazırkı vəziyyəti haqda uzun danışmaq mənasızdır:
“Lukaşenkonun bəyanatı durumu anlamaq üçün yetərlidir: “Birləşməsək, ayrı-ayrılıqda bizi əzib, parçalayacaqlar… Belarus lideri deyib”.
Cəfərli aydılıq gətirib ki, Aleksandr Lukaşenkonun bu sözləri əsasən Rusiyaya və Belarusun özünə aiddir, çünki təşkilatın digər üzvləri Rusiyanın apardığı işğalçı müharibə ilə bağlı neytrallığını qoruyur, hərbi əməliyyatlarda iştirak etmir və Ukraynanın ərazi bütövlüyünü tanıyırlar.
“Hətta Belarus da indiyədək Krımı Rusiya ərazisi olaraq qəbul etməyib. Bunun özü onu göstərir ki, Rusiya nəinki qlobal miqyasda, hətta liderlik etdiyi lokal hərbi ittifaqın daxilində də dəstək almaqda çətinlik çəkir.
Bu gün qəbul olunan birgə Bəyanatda Rusiyanın Ukraynaya qarşı aqressiyasına heç bir dəstək ifadə olunmayıb.
KTMT-nin əvvəl də cazibəsi yox idi. Ukrayna savaşı və onun səbəb olduğu ilkin nəticələr – Rusiyanın total izolyasiya ilə üzləşməsi, ağır iqtisadi sanksiyalara məruz qalması, NATO-nun növbəti genişlənmə dalğası Rusiyanın hərbi-strateji gücünü aşındırmaqdadır. Bu yeni reallıq Moskvanın bayrağı altındakı inteqrativ institutlara marağı daha da azaldacaq. Əksinə, KTMT və Avrasiya İttifaqı daxilində dezinteqrativ proseslərin başlaması ehtimalı yüksəkdir.
Rusiyanın Azərbaycanı da KTMT və Avrasiya İqtisadi İttifaqına sürükləmək niyyəti sirr deyil. Bəlkə də Rusiya-Belarus-Ukrayna İttifaq Dövlətini yaratdıqdan sonra bizi və digər keçmiş sovet ölkələrini də ora cəlb edib, faktiki olaraq, SSRİ-ni bərpa edəcəkdilər.
Azərbaycanın Ukraynaya hücumdan saatlar öncə Rusiya ilə müttəfiqlik sənədi imzalaması da həmin günlərin siyasi-psixoloji atmosferindən, Putinin Kiyevi qısa müddətdə ram edəcəyinə olan inamdan qaynaqlanan özünüqoruma instinktinin nəticəsi idi.
Lakin Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası və bütün Avropada yeni geosiyasi situasiya yaradıb. Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil, amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq.
Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron “Putinin sifətini qorumağın” vacibliyindən dəm vurur.
Üç ay əvvəl NATO-nun genişlənməsini “casus belli” (savaş səbəbi) sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir.
Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir.
Mümkündür ki, hər şey plan üzrə gedir, amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil”, – Şahin Cəfərli qeyd edib.